AZ

Yaşıl enerji Azərbaycanın enerji siyasətində prioritet məsələlərdən biridir

COP-29 sessiyasının Bakıda keçirilməsi təsadüfi xarakter daşımır və ölkədə innovasiyaların inkişaf strategiyasının nəticəsidir

COP29-un Bakıda keçirilməsi Azərbaycanın yalnız enerji siyasətində deyil, həm də qlobal iqlim dəyişiklikləri sahəsindəki müzakirələrdə fəal iştirakını təmin edir. Prezident İlham Əliyev bu tədbirin Azərbaycan üçün böyük iqtisadi və diplomatik əhəmiyyət kəsb etdiyini bildirib. Bu cür mötəbər beynəlxalq tədbirlər ölkənin dünya səhnəsindəki mövqeyini gücləndirir. Bu gün Avropanın enerji təhlükəsizliyində əvəzsiz  rola malik olan Azərbaycan COP29-un nüfuzlu platforması sayəsində beynəlxalq birliyə, tərəfdaşımız olan qardaş və dost ölkələrlə yanaşı, bədxahlarımıza da göstərir  ki, yaşıl enerji ilə bağlı layihələr Azərbaycanın enerji siyasətində prioritet məsələlərdən biridir.   Azərbaycanın enerji siyasətində son dövrlərdə bərpaolunan enerji mənbələrinə, xüsusilə günəş və külək enerjisinə diqqət artmışdır. Ölkəmiz yaşıl enerji sektorunu inkişaf etdirməklə həm daxili enerji istehsalını artırmaq, həm də beynəlxalq səviyyədə iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək istəyir. Dövlətimizin başçısı  Azərbaycanda bu sahədəki layihələrin artacağını və bu enerji növlərinin ölkənin ümumi enerji istehsalında böyük yer tutacağını bildirib. Bu gün ölkəmizdə enerji effektivliyini artırmaq və karbon emissiyalarını azaltmaq üçün yeni texnologiyalar və innovativ yanaşmalar tətbiq edilir. Bu, yalnız iqlim siyasətinin bir hissəsi deyil, eyni zamanda iqtisadiyyatın uzunmüddətli davamlılığının təmin edilməsinə yönəlib.  Bu gün iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ölkəmizə son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib. 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb. Düşünülmüş sosial siyasət nəticəsində yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5 faizə qədər enib. Bu. onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb. Eyni zamanda, Azərbaycanda xarici borcun səviyyəsi hər il azalır.

Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda dörd il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Dövlət başçısının qeyd etdiyi kimi, planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir. Azərbaycanın vaxtilə çoxlarına əfsanə kimi görünən layihələrin gerçəkləşdirilməsinə nail olması bugünkü  uğurlara yol açdı. Bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Azərbaycan zəngin bərpaolunan enerji ehtiyatlarına malikdir. Azərbaycan “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tutur.

Hazırda ölkəmiz iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə davamlı olaraq öz töhfəsini verməkdədir. Bu gün davam edən təşəbbüslər ölkəmizin prosesdə israrlı olduğunu göstərir. Məlumdur ki, Vətən müharibəsindəki Zəfərimizdən sonra regionda yaranan yeni reallıq çərçivəsində Azərbaycanın sosial-iqtisadi və siyasi nailiyyətləri, milli dəyərləri qarşıdakı illərdə də Şərqlə Qərbin qovşağı olan ölkəmizin qüdrətinin daha da artacağına əminlik yaradır. Azərbaycan Prezidenti qəti olaraq o qənaətdədir ki, inkişafın bütün sahələri əhatələməsi üçün sağlam insan konsepsiyasına sadiq qalınması, bu məqsədlə gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklərin azaldılması, uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf zərurətdir. 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə Azərbaycanın 2030-cu ilə qədərki sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərini müəyyənləşdirərkən Prezident İlham Əliyev qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviq edilməsini bir vəzifə olaraq müəyyən edib. Azərbaycanda yüksək keyfiyyətli ekoloji mühitə və yaşıl enerji məkanına nail olmaq üçün isə ötən dövrdə, xüsusən ərazi bütövlüyümüzün bərpa olunduğu son 4 ilə yaxın bir müddət ərzində iqtisadi artımla ekoloji mühitin tarazlığının təmin olunması, ölkədə ümumi ərazilərdə yaşıllıqların payının artırılması istiqamətində konkret addımlar atılır. Hazırda Azərbaycan yaşıl enerji ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır. Bu səbəbdən COP-29 sessiyasının Bakıda keçirilməsi təsadüfi xarakter daşımır və ölkədə innovasiyaların inkişaf strategiyasının nəticəsidir.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
40
ikisahil.az

1Mənbələr