AZ

COP for Hope: COP29-da artıq mühüm nəticələr əldə edilib - İsrail nümayəndəsi - FOTO

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz İsrailin iqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə xüsusi elçisi, səfir Qideon Behardır.

Milli.Az xəbər verir ki, Qideon Behar COP29 çərçivəsində Trend-ə özəl müsahibəsində konfransın çox uğurla keçdiyini qeyd edib.

"Biz artıq konfransın ilk günündə karbon bazarları ilə bağlı 6.4-cü maddə üzrə sazişin imzalanması ilə mühüm bir nailiyyətin şahidi olduq. Azərbaycanın bu uğurdakı rolunu və 200-dək ölkənin nümayəndələrinə göstərilən misilsiz qonaqpərvərliyi yüksək qiymətləndiririk", - deyə səfir bildirib.

Səfir Q.Behar COP29 çərçivəsində səmərəli maliyyə mexanizminin qəbul olunacağına ümid etdiyini bildirib və xüsusilə inkişaf etməkdə olan və kiçik ada dövlətləri üçün iqlim maliyyələşdirilməsinin artırılmasının zəruriliyini vurğulayıb.

"Bu il müşahidə tarixində ən isti il, son on il isə ən isti dövr oldu. İndi hərəkət etməliyik. Biz bu konfransda iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması və karbon bazarları mexanizminin tamamlanması ilə bağlı qərarlı addımlara ümid edirik", - deyə o qeyd edib.

Səfir ölkələri, çoxtərəfli inkişaf banklarını, beynəlxalq maliyyə sistemlərini və özəl sektoru kollektiv hərəkətə çağırıb. İsrailin innovasiya sahəsindəki töhfələrini vurğulayaraq, su təchizatı, kənd təsərrüfatı, qida təhlükəsizliyi və bərpa olunan enerji sahələrində qabaqcıl həllər təqdim edən 20 startapın COP29-da nümayiş olunduğunu bildirib.

"İsrail startaplarından biri havadan su istehsal edir, digəri isə qeyri-keyfiyyətli kənd təsərrüfatı məhsullarını emal edərək, tullantıların və bağlı emissiyaların qarşısını alır. Üçüncü isə atmosferdən karbon dioksidi tutmaq üçün bataqlıq əraziləri bərpa edir", - deyə o izah edib.

Qideon Behar İsraillə Azərbaycanın su ehtiyatlarının idarə olunması, bərpa olunan enerji və kənd təsərrüfatı innovasiyaları sahəsində güclü əməkdaşlığını vurğulayıb.

"İsrailin "Mekorot" şirkəti Azərbaycan hökumətinə məsləhətlər verir, həmçinin, Təl-Əviv Texnion İnstitutunun filialı burada fəaliyyət göstərir", - deyə əlavə edib.

Səfir İsrail və Azərbaycan arasında iqlim təhsili sahəsində Anlaşma Memorandumunun imzalandığını bildirib. Bu proqram məktəbliləri iqlim dəyişikliyi mövzusunda maarifləndirmək məqsədi daşıyır və regional səviyyədə genişləndirilə bilər.

"Bu əməkdaşlıq ölkələrimizin yaxın dostluğunu və ittifaqını əks etdirir, biz bu əlaqələri daha da dərinləşdirməyi planlaşdırırıq", - o vurğulayıb.

Q.Behar İsrailin iqlim böhranına qarşı ən güclü töhfəsinin innovasiyalar olduğunu qeyd edib.

"İsraildə iqlim texnologiyaları sahəsində çalışan təxminən 1 300 şirkət və startap mövcuddur. Onlar karbonun tutulması, enerji effektivliyinin artırılması və su ehtiyatlarının idarə edilməsi üçün həllər təklif edir. Bu istiqamətlərdə Azərbaycanla əməkdaşlığı möhkəmləndirməyi ümid edirik", - o bildirib.

Səfir iqlim böhranının təxirəsalınmaz olduğunu vurğulayıb.

"Bu, həlledici onillikdir. Əgər indi hərəkət etməsək, geri dönüş nöqtəsinə çata bilərik. Emissiyaların azaldılması, bərpa olunan enerji mənbələrinə keçid, iqlim maliyyələşdirilməsinin artırılması və innovasiyalara investisiya yalnız ekoloji zərurət deyil, həm də inkişaf və əməkdaşlıq üçün bir fürsətdir", - Qideon Behar əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
48
3
milli.az

3Mənbələr