AZ

COP29 qlobal həmrəylik məkanı kimi dünyanın xilasına çalışır

Hazırda ölkəmizin evsahibliyi etdiyi COP29 konfransı çərçivəsində keçirilən çoxsaylı müsakirələrdə bir sıra məsələlərlə yanaşı, gənc nəsli dünya ictimaiyyətini narahat edən qlobal problemlərdən biri kimi iqlim dəyişikliyi və onun təsirləri barədə maarifləndirmək, onları bu problemin həllində fəal iştiraka və sağlam gələcək naminə innovativ ideyalar irəli sürməyə təşviq etmək əsas hədəflərdən biridir.
Sirr deyil ki, gənclər arasında ekoloji maariflənmə işinin gücləndirilməsində təhsil işçilərinin rolu əvəzsizdir.

Mövzu ilə bağlı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nizami rayon Komitəsinin sədri Subut Əsədova müraciət etdik. O qeyd etdi ki, COP29 mükəmməl platformadır. Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin xarici siyasətinin tarixi uğurudur. Ciddi bəşəri problemlərin Bakıda müzakirə olunması və həlli yollarının araşdırılması ölkəmizin qüdrətindən xəbər verir. Bununla yanaşı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası qlobal ekoloji böhranla mübarizə ilə yanaşı, həm də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımdan da mükəmməl platformadır.

Şübhəsiz ki, COP29 iqlim savaşının qlobal həmrəylik məkanı kimi dünyanın xilasına çalışır. Məhz bu baxımdan da ekoloji təhsil və maarifləndirilmə işi geniş vüsət almalıdır. Ölkəmizdə bu proses Leyla xanım Əliyevanın rəhbərliyi altında IDEA-nın təşkilatçılığı ilə yüksək səviyyədə həyata keçirilir. Həmçinin, ekoloji təhsil və maarifləndirilmə ölkəmizin ekoloji siyasətinin əsas prinsiplərindən biridir.
Subut Əsədov daha sonra qeyd edib ki, ekoloji maarifçiliyin, ekoloji təhsilin və təbiətə humanist münasibətin təşviqi, həmçinin, yüksək ixtisaslı kadr heyətinin formalaşdırılması istiqamətində fəal işlərin aparılmasına ciddi səylər göstərilməlidir.

COP29 konfransının Azərbaycanda keçirilməsi iqlim dəyişmələri ilə mübarizəni daha da genişləndirəcək, cəmiyyətimizə müsbət yeniliklər gətirəcək. Cəmiyyət sözügedən sahədə maariflənməklə ekoloji mövzulara həssaslıqla yanaşacaq.
Məktəblərdə də ekoloji maarifləndirmə elə aparılmalıdır ki, uşaqlar təbiətin bir parçası olmalarını, onu qorumağın mühüm vəzifəyə çevrildiyini dərk etsinlər.  Ekologiyanı qorumaq təkcə flora və faunanı qorumaq demək deyil, həm də insanları qorumaqdır. Çünki təbiətdə baş verən hər bir proses bütün canlılara, o cümlədən insanlara da təsir edir. İnsan təbiətdən qidalanır, nəfəs alır, yaşayır.

Bir sözlə,  insanlar “yaşıl” dünya naminə birləşməli, ekologiyaya, iqlimə təhdid yaradan problemlərlə birlikdə mübarizə aparmalıdırlar. Yeni baxış, yeni yanaşmalar formalaşdırılmalıdır. Hazırda bunun üçün sivil yanaşmalar var, ölkə rəhbərliyi səviyyəsində bu sahədə ciddi işlər görülür, Prezident İlham Əliyev müasir çağırışlarla cəmiyyəti bu istiqamətdə səfərbər edir.

Seçilən
18
1
veteninfo.az

2Mənbələr