“Yuventus”un və Serbiya yığmasının hücumçusu Duşan Vlahoviç klubunun və milli komandanın heyətindəki oyun fərqi ilə bağlı sualı cavablayıb.
Arena.az serb futbolçunun bu barədə fikrini təqdim edir:
“Başqa hücumçu olanda mənim üçün azacıq daha asandır. Məsələn, milli komandada Aleksandr Mitroviç topa nəzarəti özündə saxlayır. O, hava mübarizələrində iştirak edir. Buna görə də öz xüsusiyyətlərimdən və keyfiyyətlərimdən daha çox istifadə edə bilirəm”, deyə Vlahoviç bildirib.
Xatırladaq ki, Duşan Vlahoviç Serbiyanın “Partizan” klubunun yetirməsidir. “Fiorentina”dakı çıxışı ilə tərəqqi etmiş serb hücumçu 2022-ci ilin yanvarında 83,5 milyon avro məbləğ müqabilində Florensiya klubundan “Yuventus”un düşərgəsinə keçib. Vlahoviçin “qoca sinyora” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Vlahoviç “Yuventus”un heyətində bütün yarışlarda 16 oyuna çıxıb, 9 qol vurub, 1 məhsuldar ötürmə verib. Serb hücumçunun “Yuventus”dakı ümumi çıxışı 117 oyun, 50 qol və 10 məhsuldar ötürmədən ibarətdir.
Vlahoviç 2023/2024-cü illər mövsümündə “Yuventus”la İtaliya Kubokunun qalibi olub.
Duşan Vlahoviç 2020-ci ilin oktyabr ayında debüt etdiyi Serbiya yığma komandasının heyətində 31 oyuna çıxıb. O, bu oyunlarda 13 qola imza atıb və 7 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı serb mərkəz hücumçusu Duşan Vlahoviçin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.