AZ

"21-ci əsrin ortalarında türk dövlətlərinin elə bir birliyi yaranacaq ki..." — Deputat AÇIQLADI

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ortaq himni hazırlanacaq. Türkiyə mətbuatında yayılan xəbərlərə görə, bunu layihəyə rəhbərlik edənlərdən biri professor Erhan Özden deyib. O bildirib ki, marş yaxın gələcəkdə hazırlana bilər: “Bəstəkar üzv dövlətlərin ümumi rəyi ilə seçiləcək. Sözlər isə elə seçiləcək ki, hər kəs başa düşsün”.

E.Özdenin sözlərinə görə, himndə türk xalqlarının özəllikləri özünəməxsus söz və musiqi ilə ifadə ediləcək.

Həmçinin bildirilib ki, qarşıdakı illərdə türk xalqlarının ortaq lüğətinin hazırlanması da gözlənilir.

Millət vəkili Anar İsgəndərov Demokrat.az-a açıqlamasında ortaq himn yaradılması ideyasını təqdirəlayiq hesab edib:

“Türk xalqlarının ortaq tarixi, ədəbiyyatı yaradılırsa, niyə də ortaq himn olmasın?! Tarix göstərdi ki, türkün türkdən başqa dostu yoxdur, sözün həqiqi mənasında. Türk dünyası öz torpaqlarını qorumaq, tarixini, mədəniyyətini yaşatmaq üçün birləşməlidir. Avropanın tarix boyu türk dövlətləri arasına nifaq salması nəticəsində itirən həmişə türk dünyası olub, qazanan isə Avropa. Əmir Teymur və Toxtamış, Sultan Səlim və Şah İsmayıl Xətai arasında yaşananlar ibrətdir. Nə zaman ki türk dövlətləri arasında düşmən münasibətlər yaranıb, bu, bir dövlətin zəifləməsi və süqutu ilə nəticələnib. Ona görə də son zamanlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin yeritdiyi siyasət və “türk ailəsindən başqa ailəmiz yoxdur” ifadələri göstərdi ki, bütün çətinliklərə baxmayaraq siyasətdə və iqtisadiyyatda uğur qazanmaq üçün türk dövlətlərinin birliyinə nail olmaq lazımdır”. 

Deputatın fikrincə, ortaq himn türk dövlətləri və xalqlarını bir-birinə daha çox birləşdirəcək: 

“Türk dövlətləri tarix boyu müsəlman dövlətləri olaraq tanınıb. Ancaq bu gün Macarıstan da bu dilə yaxın gəlirsə, kökünə baxsaq, görərik ki, orada da müsəlman adət-ənənələri olub, indi də var. Düşünürəm ki, artıq 21-ci əsrin ortalarına yaxın türk dövlətlərinin elə bir birliyi yarana bilər ki, bu, təkcə türk dövlətlərinin deyil, əzilən bütün xalqları və dövlətləri də müdafiə etmək iqtidarında olacaq”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
24
demokrat.az

1Mənbələr