AZ

YAP Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyasıdır



Yeni Azərbaycan Partiyası (YAP) 32 ildir ki, Azərbaycanın siyasi səhnəsindədir və ölkənin inkişafı üçün üzərinə götürdüyü bütün missiyaları mükəmməl şəkildə yerinə yetirir. Bu partiyanın təşəkkülü elə bir vaxtda baş verdi ki, həmin zamanlarda  Azərbaycan olduqca mürəkkəb situasiyalardan, çətin imtahanlardan keçirdi.   Azərbaycan  dövlət  müstəqilliyini qazanmışdı, lakin bu müstəqilliyə təhlükə və təhdid artırdı.  O zamankı hakimiyyətlərin ciddi səhvləri ucbatından Dağlıq Qarabağda vəziyyət kəskinləşmiş, torpaqlarımız erməni işğalına məruz qalmış, böyük sayda qaçqın ordusu meydana çıxmış, daxildə siyasi gərginlik güclənmiş, faktiki ölkə parçalanmaq, vətəndaş qarşıdurması, müstəqilliyin itirilməsi təhlükəsi ilə üzləşmişdi. Yaşanan qorxulu siyasi böhran, Qarabağdakı arzuolunmaz hərbi proseslər uzun müddət dramatik şəkildə davam edə bilməzdi. Mürəkkəb şəraitdən çıxış yolu tapmaq mütləq vacib idi və belə bir şəraitdə Azərbaycan ictimaiyyətinin nümayəndələri səsini yüksəltdi. Qəti tələb bundan ibarət idi ki, Azərbaycan siyasi diletantların idarəçiliyindən xilas olmalıdır! Azərbaycanı güclü siyasi partiya, güclü lider idarə etməlidir. Bu lider Naxçıvanda yaşayan, çalışan, Azərbaycana rəhbərlik etmiş, Sovet İttifaqında rəhbər postlardan birini tutmuş Heydər Əliyev idi. 91 ziyalı görkəmli siyasi xadim Heydər Əliyevə müraciət ünvanlamaqla, Azərbaycanı təhlükələrdən qurtaracaq, ölkəni inkişafa aparacaq prosesin təməlini qoydu. Bu təməldə Yeni Azərbaycan Partiyasını təsis etmək və onun rəhbərliyinə Heydər Əliyevi gətirmək arzu və planları dayanırdı. Çünki Heydər Əliyev dünya miqyasında tanınan şəxsiyyət idi. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Analitik düşüncəsi iti, siyasi təfəkkürü dərin,  yeniliklərə açıq, möhkəm iradə sahibi idi. Çətin situasiyalarda  düzgün addımlar atmağı, rasional qərarlar verməyi bacaran, güclü xarizmaya malik fenomen bir şəxsiyyət idi. Vaxtilə rəhbərlik etdiyi Azərbaycanı çox gözəl tanıyır, Azərbaycan insanının potensialına, Vətən sevgisinə, milli ruhuna da yaxşı bələd idi. YAP-ın siyasi səhnəyə gəlməsi  Azərbaycanın qaranlıqdan çıxması üçün vacib faktora çevrilmişdi. Ölkənin bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldu. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar verdi, Heydər Əliyev partiyanın Sədri seçildi. Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə gəlişi belə baş verdi. Qarşıda Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyət zirvəsinə yüksəlişi  və cəmiyyətin aparıcı qüvvəsinə - iqtidar partiyasına çevrilməsi prosesi də var idi. Heydər Əliyevin 1993-cü ilin iyun qiyamı zamanı Naxçıvandan Azərbaycana, dövlət idarəçiliyinə dəvət olunması sübut etdi ki, YAP-ın yaranması üçün göstərilən təşəbbüslər, cəhdlər uğurlu bir yolun başlanğıcı, atılmış ən doğru addımlardan biridir. Partiyanın Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi idi.  Bunlar qısa müddətdə yerinə yetirildi, ən başlıcası Azərbaycan müstəqilliyini möhkəmlətdi. Heydər Əliyevin siyasi kimliyi ilə güclənən dövlətimiz Azərbaycanın parçalanması üçün ayrı-ayrı siyasi mətbəxlərdə hazırlanan ssenariləri pozdu. Azərbaycanda demokratik inkişaf prosesinin sürətli dövrü başladı. Ölkənin Avropa Şurasına üzvlüyü, bu qurum qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi, siyasi partiyaların, mətbuatın inkişafı, qanunların Avropa standartlarına uyğunlaşdırılması Azərbaycanda demokratiyanın bərqərar olmasını sübuta yetirirdi. Heydər Əliyevin idarəçiliyi dövründə  Azərbaycan sürətlə Avropaya inteqrasiya etdi, Azərbaycan regionun güçlü dövlətinə çevrildi. Böyük İpək yolunun açılması məsələsi istiqamətində addımlar atıldı.  Bakı-Ceyhan neft kəmərinin çəkilməsi, digər strateji layihələrə imza qoymaq kimi məsələləri Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin qorunmasında təsirli bir vasitə kimi gördü.  Ulu öndər Heydər Əliyevin imza atdığı bütün iri iqtisadi layihələrdən bu gün Azərbaycan təkcə maddi güc qazanmır, təkcə sosial siyasətini möhkəmləndirmir, Azərbaycan dünya siyasətinin müəyyənləşməsində iştirak edir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt özündən sonra da davam etdirildi, Prezident İlham Əliyevin Sədrliyi ilə YAP daha da gücləndi. Çağdaş Azərbaycan nəhəng iqtisadi layihələrdə imzalarını artırdı. Ölkə hərbi cəhətdən güclənib, öz torpaqlarını hərb müstəvisində işğaldan azad etdi. Yeni Azərbaycan Partiyası bu gün də demokratik prinsiplər və ideyalara sadiq qalan bir partiya kimi çıxış edir. Konstitusiya və qanunvericilik çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən,  Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən, vətəndaşları birləşdirən bir siyasi partiyadır. Hazırda partiyanın sıralarında 773 770 nəfər insan var. Üstəlik, YAP-da olmayan nə qədər bitərəf insan varsa bu siyasi təşkilatın gücünü etiraf edir, onun xidmətlərini müsbət qiymətləndirir, atdığı addımları birmənalı dəstəkləyir.   Partiyanın VII Qurultayı toplanmış müsbət təcrübənin qorunması vəzifəsini, habelə perspektiv strateji hədəfləri müəyyənləşdirdi. 2021-ci ildə təsdiq olunan yeni Proqramla “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” olmaq vəzifəsi qarşıya qoyuldu və 10 strateji istiqamət seçildi. YAP ölkənin inkişafı üçün vacib prinsiplərə sadiqdir, irəlidəki perspektiv üçün doğru qərarlar verir, çünki məhz bu istiqamətlərlə Azərbaycanın uzunmüddətli inkişafı təmin olunacaq. Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurmağa çalışır.  YAP-ın VII Qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilib. Bu islahat YAP-ın inkişafında yeni tarixi mərhələ deməkdir. Hakim partiya əməkdaşlığa daim açıqdır, qarşısındakı vəzifələrdən biri kimi partiyalararası siyasi dialoqu stimullaşdırmağa diqqət ayırır. Çünki siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşıda duran vacib məsələlərdəndir. YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi, onun təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir. Bütün bunlar deməyə əsas verir ki, hakim siyasi təşkilat qarşıdakı illərdə də üzərinə götürdüyü missiyaları uğurla yerinə yetirəcək, ulu öndər Heydər Əliyevin fikirləri ilə ifadə etsək, dünənin, bu günün partiyası olan YAP,  həm də gələcəyin partiyası olacaq.  


David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.




Seçilən
30
2
aia.az

3Mənbələr