AZ

"Bluesky" sürətlə böyüyür: İnkişafın sirri Teylor Sviftdir?

ABŞ seçkilərində Donald Trampın qələbəsindən sonra sosial media platforması "Bluesky”ın istifadəçi sayında 2 milyon nəfərlik (başqa sözlə, təxminən 15 faiz) artım qeydə alınıb. Lakin hələ də ilkin inkişaf mərhələsində olan "Bluesky”ın yeni istifadəçiləri arasında yalnız X platformasının sahibi İlon Maskın Donald Trampla qurduğu əməkdaşlıqdan narahat olan amerikalı seçicilər deyil. Taylor Svift pərəstişkarlarının da yeni ünvanı məhz "Bluesky” olub.

Qaynarinfo xəbər verir ki, "Bluesky”a qoşulan təxminən 13.000 nəfər istifadəçi adlarının sonuna Taylor Svift pərəstişkarı olduqlarını göstərən "swifties.social" uzantısını əlavə edib. Eyni şəkildə Beyons üçün (900 nəfərlik) və Cənubi koreyalı musiqi qrupu BTS üçün (4.500 nəfərlik) də azarkeş qrupları yaradılıb.

Bu qrupların əsası "Bluesky”ın yaradıcılarından biri olan Samuel Nyumanın 2023-cü ilin may ayında şirkətdə çalışmağa başlamazdan əvvəl üzərində işlədiyi bir layihəyə dayanır. (Nyuman əvvəllər "Bluesky” istifadəçiləri üçün hazırlanmış üçüncü tərəf tətbiqi olan "Graysky” üzərində işləyirdi)

Nyumanın inkişaf etdirdiyi alət sayəsində hər kəs mövcud domen adı üzərindən həmin domen adını ehtiva edən istifadəçi adları ala bilir. Məsələn, Nyuman 450 nəfərlik "kawaii.social"un sahibidir və onun inkişaf etdirdiyi alət sayəsində istənilən şəxs "abcxyz.kawaii.social" kimi bir istifadəçi adını qeydiyyatdan keçirərək "Bluesky”da istifadə edə bilir.

Samuel Nyuman "Bluesky” platformasının DM funksiyası vasitəsilə "TechCrunch”a verdiyi açıqlamada bildirib: "İşin bu səviyyədə böyüyəcəyini heç gözləmirdim. Mən bu aləti hazırlayarkən insanların "bsky.london" kimi hesablar açacağını düşünürdüm. Lakin görünür ki, bu uzantılar hansı növ hesab olduğunuzu ifadə etmək üçün əla bir vasitədir. Xüsusilə pərəstişkar hesabları özlərini bu şəkildə tanıtmağa heyran qalır".

"Swifties.social" domen adı əvvəlcə böyük maraq görməyib. Lakin 2024-cü ilin avqustunda X platformasının Braziliyada qısa müddətə bloklanmasından sonra təxminən 2.000 istifadəçi bu uzantı ilə "Bluesky”da hesab açıb.

Nyuman qeyd edir: "Bluesky"a Braziliyadan böyük bir istifadəçi axını oldu. Bu axına bir çox "Swiftie" də daxil idi. Alət viral oldu və "swifties.social" uzantısına malik hesabların sayı 8.000-ə çatdı. Daha sonra seçkilər zamanı yeni bir "Swiftie" dalğası gəldi. Alət yenidən viral oldu və bu rəqəm 12.800-ə yüksəldi".
 

Nyumanın BTS pərəstişkarları üçün "army.social” və Beyons azarkeşləri üçün "beyhive.social” uzantılarını istifadəyə verməsi ilə Braziliyadan istifadəçi axını daha da artıb.

Ümumilikdə, pərəstişkar topluluqlarının uzantılarını daşıyan hesablar "Bluesky”ın sürətlə artan 16 milyonluq istifadəçi bazasının çox kiçik bir hissəsini təşkil edir. Lakin bu kimi topluluqlar sosial şəbəkələrin inkişafının əsas hərəkətverici qüvvələrindən biri hesab edilir. Məsələn, 2010-cu illərin əvvəlində "Tumblr”, "Supernatural” və "Doctor Who” kimi seriallar və "One Direction” qrupu pərəstişkarlarının dəstəyi ilə populyarlıq qazanmışdı.

Topluluğun kiçik olmasına baxmayaraq, üzvlər çox fəal şəkildə paylaşım edirlər. "Bluesky” da bu günə qədər istifadəçilərinin yüksək səviyyədə qarşılıqlı əlaqədə olmasını önə çıxarır.

"Bluesky”ın baş direktoru Cey Qreber çərşənbə axşamı paylaşdığı mesajda bildirib: "Paylaşım edən istifadəçi nisbətimiz bir çox sosial şəbəkə ilə müqayisədə daha yüksəkdir. Bu saytlarda istifadəçilərin 90 faizi sadəcə izləyir, 9 faizi şərh, 1 faizi isə paylaşım edir. Bizdə isə paylaşım edən istifadəçi nisbəti heç vaxt təxminən 30 faizdən aşağı düşməyib”.

Aydın

Seçilən
26
qaynarinfo.az

1Mənbələr