AZ

Stansiya ərazisindəki kafedə icarədarı döyən sahibkara hökm oxundu

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Fuad Səfərovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilib.


İttihama görə, hadisə ötən il Abşeron rayonu Xırdalan şəhəri 6-cı km, piket 5-də yerləşən Xırdalan dəmir yolu stansiyasının ərazisindəki “Ağ göl” kafesində qeydə alınıb.


Belə ki, Fuad Səfərov tanışı, zərərçəkmiş Akif Nəbiyevlə (soyadı şərti) həmin kafenin aylıq icarə haqqının ödənişi ilə əlaqədar mübahisə edib. Mübahisəyə səbəb isə onun zərərçəkmişdən icarə haqqını ödəməsini tələb etməsi olub. Bu zaman Fuad onun bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq zərbələri endirməklə xəsarətlər yetirib.


Hadisədən sonra Fuad Səfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 19 Noyabr 2024, 11:03   
Seçilən
14
pravda.az

1Mənbələr