AZ

Paşinyan nöqtəni qoydu: Dəyişdiririk!

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin müstəqillik bəyannaməsini tənqid edib. Həmin bəyannamədə Azərbaycana qarşı ərazi iddiası var. Bu, Paşinyanın növbəti gündəm yaratmaq cəhdidir. Paşinyan gündəmi özü formalaşdıraraq erməni ictimai rəyinə təsir göstərmək imkanını əlində saxlayır. Çünki gündəmi kim formalaşdırırsa, ictimai rəyi idarə edən də odur.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, Paşinyan bu məsələdə heç də qısqanclıq ortaya qoymur:

"Hər gün yeni mövzular və gündəmlər formalaşdırılır ki, burada ictimai rəy baxımından hər hansı bir boşluq hiss olunmur. Bu cür gündəmlərlə ictimai rəyi manipulyasiya edərək prosesləri idarə edə bilir. Ancaq bunun hansı konkret nəticələrə gətirib çıxaracağını indidən söyləmək çətindir. Çünki əməli fəaliyyət olmadan dəqiq fikir yürütmək mümkün deyil. Ola bilsin ki, bu da sadəcə Paşinyanın yaratdığı süni vəziyyətlərdən biridir. Çünki sözdə deyilənlərlə əməldə görülənlər arasında fərq olur. Paşinyanın 2020-ci ildən bu yana bir çox bəyanatları olub ki, bunları gerçəkləşdirmək mümkün olmayıb. Bu bəyanatlar bəzən beynəlxalq qüvvələrə, bəzən də daxili auditoriyaya yönəlir və yalnız ictimai fikri məşğul etmək məqsədi daşıyır. Nəticədə, Paşinyan həm diqqətləri özünə cəlb edir, həm də vaxt qazanır. Buna görə də bu proses birbaşa konstitusiya dəyişikliklərinə gətirib çıxarmayacaq. Həmçinin Azərbaycan ictimaiyyəti də bu məsələdə tələsməməlidir. O ki qaldı konstitusiya dəyişikliklərinə, düşünürəm ki, bu, tamamilə yeni bir konstitusiyanın qəbul edilməsi anlamına gəlməyəcək. Çünki belə bir referendumun keçirilməsi hazırda Paşinyanın maraqlarına uyğun deyil. Ən azından 2026-cı ildə keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində qeyri-populyar qərarların qəbul edilməsi Paşinyan üçün mənfi nəticələrə səbəb ola bilər. Digər tərəfdən, Paşinyanın diqqəti konstitusiyadan daha çox Müstəqillik Bəyannaməsinə yönəlib. Onun məqsədi Azərbaycanın tələblərinə uyğun olaraq bəyannamədə bəzi ifadələri dəyişdirməkdir. Bununla belə, bütün bəyannamənin dəyişdirilməsi ehtimalı azdır.

Beynəlxalq hüquqa uyğun olaraq suverenlik prinsipləri kimi əsas maddələr dəyişməz qalacaq. Sadəcə, qonşu dövlətlərlə, xüsusən Azərbaycan və Türkiyə ilə münasibətlərə zərər verən məqamlar bəyannamədən çıxarıla bilər. Bu dəyişikliklərin parlament səviyyəsində, üçdə iki səs çoxluğu ilə həyata keçirilməsi mümkündür. Bunun üçün referendumun keçirilməsinə ehtiyac yoxdur. Ermənistanın Konstitusiya Məhkəməsi və hüquqşünasların bəyanatlarına görə, Müstəqillik Bəyannaməsi konstitusiya xarakterli sənəd deyil. Bu isə parlamentin bəyannamədə dəyişiklik etmək səlahiyyətinə malik olduğunu göstərir. Belə bir addım atılarsa, sülh prosesində irəliləyişlər ola bilər. Paşinyanın bəyanatlarına əsasən, Azərbaycana kommunikasiyaların açılması ilə bağlı təkliflər göndərilib. Bu təkliflər razılaşdırılarsa, sülh müqaviləsinin imzalanmasına əlavə dəstək verilə bilər. Bu prosesin nəticələrinin dekabrın əvvəllərində və ya yaz aylarında sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracağı gözlənilə bilər".


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
41
50
teleqraf.com

10Mənbələr