Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ortaq himni hazırlanacaq.
Sfera.az xəbər verir ki, bu barədə layihəyə rəhbərlik edənlərdən biri professor Erhan Özden deyib.
O bildirib ki, marş yaxın gələcəkdə hazırlana bilər: “Bəstəkar üzv dövlətlərin ümumi rəyi ilə seçiləcək. Sözlər isə elə seçiləcək ki, hər kəs başa düşsün”.
Özdenin sözlərinə görə, himndə türk xalqlarının özəllikləri özünəməxsus söz və musiqi ilə ifadə ediləcək. Həmçinin bildirilib ki, qarşıdakı illərdə türk xalqlarının ortaq lüğətinin hazırlanması da gözlənilir.
Bununla bağlı saytımıza açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, bundan əvvəl TDT ölkələrinin ortaq əlifbası hazırlanıb. O qeyd edib ki, TDT ölkələrinin ortaq himninin hazırlanması əhəmiyyətli təşəbbüsdür:
“Bu, hər şeydən əvvəl TDT ölkələri arasında əməkdaşlığın, inteqrasiyasının dərinləşməsinə kömək edəcək. Himn hər bir dövlətin əsas atributlarından biridir. Himnlərdə adətən dövlətlərin ideologiyaları ifadə olunur. Bu baxımdan TDT-nin ortaq himni üzv dövlətlərin ideoloji cəhətdən də daha da yaxınlaşmasına təkan verəcək. Sözügedən məsələ ilə bağlı üzv dövlətlərin təmsil olunduğu xüsusi işçi qrupun yaradılması mümkündür”.
Müsahibimiz bildirib ki, ortaq himn həm də digər dövlətlərə, o cümlədən Qərbə mesaj olacaq:
“Türk xalqlarının ortaq lüğətinin hazırlanması məsələsinə gəldikdə isə, bu, müxtəlif sahələrdə, o cümlədən ədəbiyyatda, mədəniyyətdə, mediada TDT ölkələri arasında əməkdaşlığı sürətləndirəcək. Perspektivdə müxtəlif ədəbiyyat nümunələrinin tərcüməsinə ehtiyac qalmaya da bilər. Beləliklə, hər iki təşəbbüs TDT üzvləri və bütövlükdə təşkilat üçün vacib, taleyüklü məsələdir”.
Günay
Sfera.az