AZ

Adəm İsmayıl Bakuvi: “Ağdamın işğal faktı bəzi Qərb dairələrinin riyakar simalarının növbəti dəfə ifşası üçün inkaredilməz faktlar ortaya çıxarmış oldu”



“Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalı dövründə erməni vandalları zəbt etdikləri bütün şəhər və kəndlərimizdə olmazın dağıntılar törətmiş, tarixi-mədəni abidələrimizi məhv etmiş, ölkəmizin təbii sərvətlərini talayaraq Ermənistana daşımışlar. Lakin bununla belə məhz Ağdam şəhəri daha böyük miqyasda dağıntılara məruz qoyulmuş şəhərlər sırasında da diqqəti cəlb edir. Təsadüfi deyil ki, Vətən müharibəsindən sonra, artıq azad edilmiş Ağdama gələn xarici jurnalistlər buranı “Qafqazın Xirosiması” dlandırmışlr. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev işğal dövründə Ağdamın xüsusilə böyük miqyasda dağıntılara məruz qoyulduğunu vurğulayaraq belə demişdir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” I Qarabağ savaşının gedişində Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində rayon ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ağdam şəhəri ilə birgə rayonun 90 kəndi işğal olundu, 128 min insan məcburi köçkün həyatını yaşamaq məcburiyyətində qaldı. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmənin əlinə keçdi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid oldu. Hətta təxmini hesablamalara görə Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.”

Bunları 20 noyabr Ağdam şəhəri Günü ilə bağlı aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi deyib.

Daha sonra müsahibimiz Azərbaycanın işğal dövründə beynəlxalq müstəvidə üzləşdiyi haqsızlıqlardan, eləcə də ermənilərin zəbt etdikləri ərazilərimizdə beynəlxalq konvensiyaların prinsiplərinə zidd əməllər törətmələrindən bəhs edərək bunları deyib: “Ağdamın işğal faktı bəzi Qərb dairələrinin riyakar simalarının növbəti dəfə ifşası üçün inkaredilməz faktlar ortaya çıxarmış oldu. Məsələ bundadır ki, bu işğal ilə bağlı dünya ictimaiyyəti ilk baxışda yekdil mövqe ifadə etmişdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdir”. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il 29 iyul tarixində qəbul etdiyi 853 saylı qətnamədə isə “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilirdi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı. Beynəlxalq təşkilatlar da rəsmi İrəvanı buna məcbur etmədilər. Əksinə, Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini də kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədirdi. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirirdi. Lakin bütün bunlara baxmayaraq, beynəlxalq təşkilatlar bu cinayətlərin qarşının alınması üçün uzun illər ərzində bircə əməli addım belə atmadılar. Sonda Azərbaycan özü 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsi ilə həm torpaqlarının işğalına son qoydu, həm də BMT Qətnamələrinin icrasını təmin etdi. O cümlədən 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi. Bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. Qeyd edək ki, Azərbaycan dövləti tərəfindən bu möhtəşəm tarixin əbədiləşdirilməsi məqsədilə bir çox əhəmiyyətli tədbirlər görülüb. O cümlədən, 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edilib. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Həmçinin möhtərəm dövlət başçımızın 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Seçilən
37
aia.az

1Mənbələr