Dünən BMT Təhlükəsizlik Şurası, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hücumunun 1000-ci günü münasibətilə yüksək səviyyəli iclas keçirilib.
“Cebheinfo.az” “Yeni Safak”-a istinadən xəbər verir ki, BMT-nin Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini xanım Rozmari DiKarlo Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı keçirilən sessiyasında bəyan edib ki, Rusiya BMT-nin Nizamnaməsini və beynəlxalq hüququn normalarını kobud şəkildə pozaraq Ukraynaya təcavüz edib və bu ölkənin ərazilərini işğal edir.
DiKarlo vurğulayıb ki, 2022-ci ilin fevralından bəri davam edən Rusiyanın tammiqyaslı hücumu milyonlarla ukraynalının həyatanı məhv edib:
"2022-ci ilin fevral ayından bəri davam edən müharibədə ən azı 12 164 mülki şəxs, o cümlədən 600-dən çox uşaq öldürülüb. Ən azı 26 871 nəfər yaralanıb. Bu, yalnız təsdiqlənmiş rəqəmlərdir. Ölənlərin faktiki sayı daha yüksəkdir".
BMT-nin rəsmisi, həmçinin bəyan edib ki, bu yaxınlarda Rusiyanın hücumları daha da şiddətlənib, o cümlədən Ukrayna ərazisində mühüm enerji infrastrukturunun məhv olunmasına 120 raket və 90 pilotsuz təyyarə iştirak edib.
"Ukraynada əhali üçün kritik olan mülki və enerji infrastrukturu sistematik olaraq hədəfə alınıb və məhv edilib. Nəticə etibarı ilə xeyli sayda ukraynalı əsas ehtiyaclardan məhrum olub. Bununla yanaşı, 580 tibbi müəssisəsi də dağıdılıb”.
Ukraynada humanitar vəziyyətin ağır olduğunu qeyd edən DiKarlo bildirib ki, xəsarət almış milyonlarla insan həyati xilasedici humanitar yardımdan asılıdır.
Onun sözlərinə görə, təxminən 4 milyon ukraynalı məcburi köçkün vəziyyətinə düşüb, 6,8 milyondan çoxu isə ölkəni tərk edib.
Qara dənizdə vəziyyətin gərginləşməsinə də toxunan DiKarlo deyib ki, Qara dənizdə də ciddi gərginlik yaşanır:
“Rusiyanın mülki gəmilərə və liman infrastrukturuna, xüsusən də Odessaya qarşı yeni hücumları qlobal ərzaq təhlükəsizliyini bir daha təhdid altına qoyur. Şəxsən özüm Qara dənizdə naviqasiya azadlığını və təhlükəsizliyini dəstəkləmək üçün bütün maraqlı tərəflərlə əlaqəni davam etdirəcəm”.
Eyni zamanda DiKarlo Şimali Koreya qoşunlarının münaqişəyə cəlb olunması ilə bağlı həyəcan təbili çalıb və bunun müharibənin daha da genişlənməsinə gətirib çıxaracağı barədə xəbərdarlıq edib:
"Bu, münaqişəni daha da alovlandıracaq. Bu, münaqişənin qlobal səviyyəyə keçməsinə səbəb olacaq. Şübhə yoxdur ki, Avropanın mərkəzində yerləşən bu müharibə qlobal nəticələrə yol açacaq”.