AZ

Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Noyabrın 20-si Ağdam Şəhəri Günüdür.
Oxu.Az xatırladır ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd edilir.
Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün - noyabrın 20-si şəhərin erməni işğalçılarından təmizlənməsindən dörd il ötür.
Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhəri və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər - Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri erməni işğalçılar tərəfindən dağıdılıb və ya yerlə bir edilib. Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır.
Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.
Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib.
Haqq savaşımızın 44-cü günündə, noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzalayıblar. Bəyanatın bir bəndi Ağdamın noyabrın 20-dək işğalçılardan azad olunması ilə bağlı idi.
2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.
İlham Əliyev Ağdamın mərkəzində Azərbaycanın üçrəngli bayrağını ucaldıb.
Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin - ağdamlıların yolunu gözləyir.
Seçilən
9
9
oxu.az

10Mənbələr