AZ

Avropa Şurasının milli azlıqlar və Qarabağ erməniləri “oyunbazlığı”

Qurumun Məşvərət Komitəsi erməni avantürizminə “nəfəs vermək”əzmindədir

“Ayının min oyunu bir armudun başındadır”. Avropa Şurasının Milli azlıqların müdafiəsi ilə bağlı Çərçivə Konvensiyası üzrə Məşvərət Komitəsinin yekun rəyində yer alanlar, istər-istəməz, bu atalar sözünü xatırladır. Görünür, sənədi hazırlayanların bir əsas məqsədi var. Söhbət ermənipərəstlikdən gedir.

AŞ-nin Məşvərət Komitəsi rəyində bildirib ki, guya, Azərbaycanda söz və sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətlər milli azlıqlara mənsub şəxslərin öz hüquqlarından səmərəli istifadə imkanlarını heçə endirir. Bunu başa düşdük. O anlamda ki, söz və ifadə azadlığına dair məsələlər Qərb dairələrinin ənənəvi anti-Azərbaycan siyasətinin zay məhsullarıdır. Onlar bu məhsulları harada və necə gəldi gündəmə gətirirlər. Başlıca məsələ bu siyasətin sırf ermənipərəstlik müstəvisində ortaya atılmasıdır. Aydındır ki, Azərbaycanın təməl insan haqlarına riayət etməməsinə dair “mükalimə” həmin haqlardan Qarabağ ermənilərinin bəhrələnməsinin mümkünsüzlüyü təsəvvürünü formalaşdırmağa yönəlib. O da məlumdur ki, ölkəmizdə milli azlıqlar çoxdur və onların təmsilçiləri vətəndaş kimi bütün imtiyazlardan bəhrələnirlər. Yəni, AŞ-nin “rəyçiləri”, hər şeydən əvvəl, bunu nəzərə almalıdırlar.

Bəli, məşvərət komitəsinin açıqladığı məqamlar, belə demək mümkünsə, sırf armud məsələsidir. Komitə qondardığı məhdudlaşma mühitinə nəzərən bildirib ki, Qarabağ münaqişəsindən sonra yaranmış vəziyyəti həll etməyə yönələn təcili tədbirlər görülməlidir. Həqiqətən, ortada AŞ adına son dərəcə rəzil və miskin durum var. O boyda təşkilat olasan, hesabat hazırlayasan, sənəd birbaşa erməni sevdasına köklənsin. Bu, bütün mütərəqqi dəyərləri avantüra üçün qurban verməkdir.

Deyilənə görə, məşvərət komitəsi ilk dəfədir Qarabağdakı vəziyyəti qiymətləndirir. “Qarabağdakı vəziyyət” ritorikasına diqqət yetirək. Sanki, bölgə Azərbaycan ərazisi deyil, ayrıca bir yerdir. Elə rəzillik və miskinlik də budur. Beynəlxalq hüququ heç bir əndazəyə sığmadan saymazdan gəlmək əndrəbadi məntiqin nəticəsidir. Görəsən, AŞ-nin ekspertləri nə yeyir, nə içirlər ki, bu cür cəfəng kağız parçaları hazırlamağı bacarırlar...

“Rəyçilər” bildirirlər ki, “Laçın dəhlizinin on aya yaxın blokadasından, 2023-cü ilin sentyabrında Azərbaycan hakimiyyətinin hərbi əməliyyatından və dəhlizin qəfil açılmasından sonra 100 mindən çox erməni bölgəni tərk edib”. Öz aləmlərində, ssenari uydururlar. Yaradılan təəssürat budur: Azərbaycan əvvəl Laçın dəhlizini blokadada saxladı, sonra hücum çəkdi və dəhlizin açılması nəticəsində 100 min erməni Qarabağı tərk etdi. Bu qədər sərsəm ardıcıllıq heç kəsin ağlına gəlməzdi ki, AŞ-dəkilərin gəldi.

Deməli, Qarabağda separatçı rejimin mövcudluğu, həmin rejim üçün silah-sursat daşınması, özlərini “prezident”, “nazir” adlandıran fırıldaqçıların ortaya düşüb ölkəmizin konstitusion quruluşunu təhdid etmələri və sair bu sayaq, yumşaq desək, yaramazlıqlar nəzərə alınmır. Yəni, Azərbaycanın nə üçün Qarabağda lokal xarakterli antiterror tədbirləri reallaşdırmasının qanuni məqsədindən söz açılmır. Necə də açılsın, axı “rəyçilər” erməni lobbi və diaspor təşkilatlarından aldıqlarını alıblar...

Nəhayət, məşvərət komitəsi Azərbaycana tövsiyələr ünvanlayıb: Ölkəmiz Qarabağdan “didərgin düşmüş” ermənilərin təhlükəsiz və maneəsiz şəkildə bölgəyə qayıtmaları üçün zəruri olan siyasi, hüquqi və praktiki şərait yaratmalı, habelə mülkiyyət məsələlərinin həlli üçün xüsusi mexanizm formalaşdırmalı imiş. Sual olunur: Qarabağ erməniləri nəyə görə ərazini tərk etdilər? Onları bölgədən çıxaran Azərbaycanmı olmuşdu?

Əlbəttə, AŞ-nin “rəyçilərini” bu kimi məqamlar, qətiyyən, maraqlandırmaz. Məsələn, onlar nəzərə almazlar ki, rəsmi Bakı lokal xarakterli antiterror tədbirlərindən əvvəl və sonra Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı təkliflər irəli sürmüşdü. “Rəyçiləri” düşündürməz ki, həmin təkliflərdə bölgənin erməni əhalisinin tamhüquqlu Azərbaycan vətəndaşı statusu vurğulanmışdı. Onu da düşünməzlər ki, Qarabağ ermənilərinin ərazini tərk etmələri Ermənistan hakimiyyətinin planı əsasında həyata keçirilib. Məqsəd beynəlxalq müstəvidə anti-Azərbaycan təbliğatı aparmaq, Qarabağ niskili yaratmaqla, bölgə üçün xüsusi status əldə etmək idi. Lakin rəsmi İrəvanın istəkləri reallaşmadı. Ölkəmiz onun arzusunda olduğu və gerçəkləşdirməyə çalışdığı Qarabağ ermənilərinə beynəlxalq təminat məsələsi ilə qəbul etmədi və qəbul edə də bilməzdi.

Lakin Ermənistan rəhbərliyinin təmsilçiləri köhnə mərəzlərindən qalmadıqlarından, bu gün AŞ-nin Məşvərət Komitəsinin rəyində əksini tapan cəfəngiyyatlar onların yeritdikləri siyasətin tərkib hissəsidir. Diqqət yetirək, erməni iqtidarı Qarabağın erməni mirası məsələsini qaldırır, məşvərət komitəsinin rəyində də oxşar məqam yer alır və bildirilir ki, hakimiyyət orqanları bütün erməni dini və mədəni obyektlərini inventarlaşdırmalı, qorunmalı, habelə erməni tarixinə və mədəniyyətinə dair abidələrin və qəbiristanlıqların vandalizmə məruz qalmamasının, dağıdılmamasının və dəyişdirilməməsinin qarşısını almalı, mövcud istiqamətdəki bütün iddiaları araşdırılmalıdır.

“Hakimiyyət orqanları” ifadəsi üzərində dayanaq. Burada birbaşa Azərbaycan hakimiyyət orqanlarının adı çəkilmir. Amma mətnin interpretasiyası zamanı söhbətin ölkəmizdən getdiyi ön plandadır. Belə qənaətə gəlmək mümkündür ki, AŞ gələcəkdə erməni işğalı üçün beynəlxalq hüquqi zəmin, yaxud beynəlxalq hüquq alətlərinin dövriyyəyə girməsi naminə tutacaq yer formalaşdırır. Hazırda qeyd edilən mövzu ilə əlaqədar Azərbaycana yüklənmə və ölkəmizdən tələb varsa, nə zamansa Ermənistan bu kimi fikirləri təcavüzü leqallaşdırmaq alətinə çevirə bilər. Məsələn, bildirilər ki, erməni hakimiyyəti AŞ-nin erməni mirası ilə əlaqədar tövsiyələrini reallaşdırmaq naminə hərəkətə keçir. Yəni, ortada böyük məkr var və onun ərsəyə gəlməsindəki iştirakçı tərəf özünü mütərəqqi görkəmdə təqdim edən təşkilat olan Avropa Şurasıdır.

Nəhayət, məşvərət komitəsi Azərbaycan hakimiyyətini ermənilərə qarşı dözümsüzlüyün və etnik nifrətin yayılmasının hansısa təzahürlərindən çəkinməyə və belə halları qətiyyətlə pisləməyə çağırıb. Görəsən, komitədə bilirlərmi ki, ölkəmizdə otuz min erməni yaşayır və bunun müqabilində Ermənistanda bir dənə də olsun azərbaycanlı nəinki yoxdur, eyni zamanda, Ermənistan, ümumən, monoetnik dövlətdir? Bilməmiş olmazlar, amma nə etsinlər, nə isə çərənləməlidirlər.

Sonda onu da deyək ki, AŞ kimi qurumlar təfəkkürün mücərrəd guşəsinin məhsulu olan rəylər, hesabatlar və digər lakmus kağızları hazırlamaqla, öz aləmlərində Azərbaycanı qınayıb Ermənistana dəstək verdiklərini düşünürlər. Əslində isə ikinciyə ən böyük pisliyi etdiklərinin fərqində deyillər. Onsuz da onların hazırladıqları sənədlər ölkəmizi haqq yolundan döndərmək iqtidarında deyil. Ancaq həmin sənədlər erməni avantürizmini daha da alovlandırmaq baxımından səmərəlidir. Nəzərə alaq ki, belə səfeh rəylər rəsmi İrəvanın düşdüyü illüziya bataqlığındakı yerini möhkəmləndirir. İllüziya hissinə qapılma isə yalançı mübarizlik və əzm formalaşdırır ki, belə saxta meyillərin Ermənistanı hansı acınacaqlı duruma saldığı göz önündədir. Yəni, ölkəmizin özünə qarşı ünvanlanacaq hər bir aqressiv davranışa artıqlaması ilə cavab verəcək. Bu birmənalıdır. O zaman AŞ və digər ona bənzər qurumlar Ermənistan adlı dövlətin varlığını son qoymaq naminə əllərindən gələni ardlarına qoymasınlar.

Ə.RÜSTƏMOV
XQ

Seçilən
13
xalqqazeti.az

1Mənbələr