AZ

Dünya öldürülənlərin və itkin düşənlərin hesabını itirib

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin analitiki

Azərbaycan BMT Baş Assambleyasında “İtkin düşmüş şəxslər” adlı qətnaməni qəbul etdirdi

Beynəlxalq sənədlərdə “itkin düşmüş şəxs” termininə yanaşma konkret deyil. İzah üçün fərqli mülahizələrə istinad edilir. İtkin düşmənin müddəti, səbəbləri və digər bu kimi amillər qeyd edilən anlayış üzrə şərhlərə təsir göstərir. Məsələn, bəzi analitik və statistik mərkəzlərin məlumatına görə, dünyada itkin düşənlərin 76 faizi 24 saat, 20 faizi 2 gün, 3 faizi bir həftə ərzində tapılır. Təqribən 1 faizi isə daha uzun müddət sonra tapılır və ya ümumiyyətlə heç tapılmır. Qısa müddət ərzində tapılan şəxslərin itkin hesab edilib-edilməməsi məsələsi mübahisəlidir, mövzu ətrafında konkretlik yaranmasını çətinləşdirir.

Daha ciddi arqumentlərə əsaslanan digər mülahizələr də mövcuddur. Bəzi mərkəzlər iddia edirlər ki, uzun müddət sonra tapılan və ya heç zaman tapılmayan itkinlərin sayı xeyli çoxdur və yüksək rəqəmlərlə ifadə olunur.

Bu cür fərqliliyə rəğmən, “itkin düşmüş şəxslər” mövzusunda ümumiləşmiş fikirlər də mövcuddur və belə yekdil rəy tərəfdarlarının sayı getdikcə artır. Ortaq məxrəc halına gəlmiş fikirlərdən biri də budur ki, “əgər fiziki şəxsin yeri məlum deyilsə və 2 il ərzində o öz yaşayış yerində görünməmişdirsə, “xəbərsiz itkin düşmüş şəxs” hesab edilə bilər”. Bu şərtə istinad edən beynəlxalq mərkəzlərin hesabatlarına görə, dünyada hər il təxminən 630.000 nəfər insan itkin düşmüş sayılır. Bunlardan təqribən 90.000 nəfəri heç zaman tapılmır. Beləliklə, son 10 il üzrə təxminən 1 milyon nəfər insan itkin düşüb tapılmamış hesab olunur. Bunlardan 60 faizi böyük, 40 faizi uşaq və yeniyetmə, 52 faizi kişi, 48 faizi isə qadındır. İtkin düşənlər sırasında uşaq və yeniyetmələrin çoxluğu xüsusi narahatlıq doğurur.

İtkin düşmənin səbəbləri də mübahisəli və ya geniş diqqət çəkən amillər sırasındadır. Analitik mərkəzlər səbəbləri müəyyənləşdirərək təsnifatlaşdıra biliblər. Onlar bu sırada əsas yerlərdən birini təbii fəlakətlər amilinə verirlər. Qeyd edirlər ki, məsələn, 2004-cü ildə Hind okeanında baş verən sunami, 2023-cü ildə Türkiyə-Suriya ərazisində müşahidə olunan zəlzələ, yaxud, 2023-cü ildə Liviyadakı daşqınlar qismində təbii fəlakətlər 10 minlərlə insanın itkin düşməsinə səbəb olub. Doğrudur, təbii fəlakətlər nəticəsində itkin düşənlərin illik statistikası hələlik hazırlanmayıb. Amma fakt budur ki, dəyişən iqlim şərtləri, hava şəraiti, həmçinin, dağıdıcı seysmik hadisələrin intensivləşməsi qlobal miqyasda “itkin düşən şəxslər”in sayını artırır.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) rəyinə görə, qanunsuz miqrasiya faktı da “itkin düşən şəxslər”in kəmiyyətini artıran amillərdəndir. BMqT hesabatlarında qeyd edilir ki, 2020-ci ildə dünyada təxminən 2 milyon 81 min nəfər qanunsuz miqrant olub. Bunların sırasından Aralıq dənizində batanlar da daxil olmaqla, 28 min 248 nəfər itkin düşüb. O da vurğulanır ki, qeydə alınmış ölümlərin sayı faktiki rəqəmlərin bir hissəsini təşkil edir. Çünki qeyri-qanuni miqrasiya faktları prinsip etibarilə sonadək sənədləşdirilməyib. Hər il qeydə alınmayan minlərlə insan əlverişsiz şəraitdə, yararsız gəmilərdə sərhədi keçmək üçün səyahətə çıxır və itkin düşürlər.Belələrinin hesabatı heç bir yerdə aparılmır. Məsələn, “Lost in Europe” layihəsi üzrə aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, 2021–2023-cü illər arasında Avropa ölkələrinə gəldikdən sonra yoxa çıxan miqrant uşaqların sayı 51 min 433 nəfər olub. Bu uşaqların nə zaman və haradan gəldikləri qeyri-müəyyən olaraq qalır.

Şəxslərin itkin düşməsini şərtləndirən amillər sırasında müharibələr, silahlı münaqişələr də mühüm yer tutur. Müharibə heç bir günahı olmayan insanları da “itkin düşmüş şəxsə” çevirib taleyini qaralda bilir. Məsələn, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu tərəfindən 2007-ci ildə aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Qarabağ münaqişəsi (Ermənistan–Azərbaycan müharibəsi) zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının sayı 4354 nəfər təşkil edir. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır.

Yeri gəlmişkən qeyd edək ki, itkin düşmüş şəxslər faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır fəsadlarından biridir. Birinci Qarabağ müharibəsi nəticəsində 30 ildən artıqdır ki, 4000-dək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur. Həmin şəxslərdən bəzilərinin cəsədləri işğal edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlarda müəyyən olunub. Ümumiyyətlə, torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq edir. Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanıb.

Açıq mənbələrdə və internet resurslarında Birinci Qarabağ Müharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlığa sığmayan əməlləri sübut edən kifayət qədər foto və videolar mövcuddur. Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmayıb, əksinə onlar qəhrəmanlaşdırılıb.

Eyni zamanda, müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildiriblər. Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların yeri barədə məlumatları verməkdən imtina edir. Erməni tərəfi bu xüsusda yenə beynəlxalq sənədlərə məhəl qoymur. Buna səbəb həm də odur ki, Ermənistan soyqırımı, terror, etnik təmizləmə, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması siyasətinin ifşasından qorxur. Müharibə ilə əlaqəsi olmayan dinc adamların girovluqda işgəncələrə məruz qalması, şəxsiyyətlərinin tapdanması, şantaj, hədə-qorxu, alver vasitəsinə çevrilməsinə dair xeyli faktlar toplanılıb.

“İtkin düşmüş şəxslər” probleminin həll edilməsi üçün fərqli təkliflər irəli sürülür. Bu təkliflərdən biri də Azərbaycan tərəfindən hazırlanıb və uğurlu alınıb. Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə BMT Baş Assambleyasının 3-cü Komitəsində konsensusla qəbul edilib. 56 ölkə həmmüəllif qismində qətnaməyə qoşulub. Qətnamənin əsas məqsədi silahlı münaqişələr zamanı humanitar faciələrin yaşanmasının qarşısının alınması, o cümlədən, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq hüquqlara əsaslanmaq lazımdır.

Bu qətnamənin qəbul olunması Azərbaycanın bəşəriyyətə verdiyi bir töhfədir. Bu, həmçinin dövlətimizin həm humanitar mahiyyətinin, həm də diplomatik bacarığının göstəricisidir.

 

Seçilən
38
xalqqazeti.az

1Mənbələr