AZ

"Yaşıl tikinti" üzrə yol xəritəsi hazırlanır

Azərbaycan üçün "yaşıl tikinti" üzrə yol xəritəsi hazırlanır.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev COP29 çərçivəsində "Yaşıl tikinti, binalarda enerji səmərəliliyi və şəhərlərdə iqlimə davamlılıq" mövzusunda keçirilən nazirlərin görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tikinti sənayesi iqtisadi inkişafın təməl daşıdır:

"Bu sektor qlobal karbon emissiyaları, resursların tükənməsi və ətraf mühitin deqradasiyasına ən böyük töhfə verir. Dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da tikinti sənayesi uzun müddət iqtisadi artımın güclü mühərriki olub. Ölkədə yeni iş yerləri yaradılıb, innovasiyalar stimullaşdırılıb və vətəndaşlarımızın həyat keyfiyyətinin yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verilib. Lakin bu artımla birlikdə binalar və infrastrukturun ətraf mühitə təsirini azaltmaq üçün böyük məsuliyyət də tələb olunur".

Dövlət Komitəsinin sədri bildirib ki, iqlim dəyişikliyinin mənfi təsirləri şəhərlərin tikintisi üçün fundamental dəyişiklik tələb edir:

"Daha yaşıl, dayanıqlı tikinti təcrübələrini qəbul etməli və binalarda enerji səmərəliliyinə üstünlük verməliyik. Bu kontekstdə, Azərbaycan üçün "yaşıl tikinti" üzrə yol xəritəsinin hazırlanması üçün Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq edirik. Yeni yol xəritəsi "yaşıl bina" standartlarının, enerji səmərəli tikinti təcrübələrinin və ekoloji məsuliyyətli tikinti materiallarının istifadəsinin qəbulu üçün praktik, icra edilə bilən strategiyalarını müəyyən edəcək".

Seçilən
36
ikisahil.az

1Mənbələr