AZ

Paşinyan hakimiyyətinin iki qanadı arasında kəskin mübarizə gedir: Erməni baş nazir nə etmək istəyir?

“Son vaxtlar Nikol Paşinyan hakimiyyəti daxilində parçalanma meyilləri müşahidə olunur. Bu parçalanma meyillərinin arxasında geopolitik səbəblər dayanır. Məlum olduğu kimi, Paşinyan hakimiyyəti hazırda hələ ki, qərbyönümlü xarici siyasət kursu tutub. Ancaq son vaxtlar Bayden administrasiyasının dəyişmə ehtimalı və dəyişəcəyinin qətiləşməsi eyni zamanda, erməni faktoruna laqeydqalma ehtimalı olan Tramp administrasiyasının hakimiyyətə gəlişi Paşinyan hakimiyyətində müəyyən narahatlıqlar doğurub”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Politoloq bildirib ki, erməni baş nazir Nikol Paşinyan son mesajlarında erməni cəmiyyətinə ehvam vurur ki, Ermənistan yenidən Rusiya ilə münasibətlərini bərpa edə bilər:

“Yəni, Rusiyanın orbitinə geri dönə bilər. Belə bir ehtimal artıq mövcuddur ki, baş nazir Nikol Paşinyanın ABŞ, AB və Fransaya olan ümidləri özünü doğrultmayıb və belə davam edəcəyi təqdirdə Ermənistanın Cənubi Qafqazda dalan dövlətinə çevrilərək mövcudluğunun təhlükə qarşısında qalacağı qənaətinə gəlib. Ona görə də hər ehtimala qarşı Azərbaycanla sülh sazişinin imzalanmasına cəhd göstərməklə paralel olaraq Rusiya ilə də münasibətləri bərpa etmək haqqında düşünür. Təbii ki, bu, Paşinyan hakimiyyəti daxilində qarşıdurmaya yol açır. Çünki Paşinyan hakimiyyəti daxilində onu dəstəkləyənlərlə yanaşı, əsasən ABŞ və Qərbə bağlı olan siyasi çevrələr də mövcuddur. Ona görə də Ermənistan hakimiyyəti daxilində mübarizənin və toqquşmaların olduğu müşahidə olunur. Belə anlaşılır ki, Paşinyan hakimiyyətinin Rusiyaya geri dönüş cəhdləri ortaya çıxarsa, ABŞ və Qərbə  bağlı olan qüvvələr hakimiyyət daxilində çox ciddi etiraz dalğaları yarada bilərdi. Ona görə də Paşinyan yaxın gələcəkdə özünə problem yarada biləcək siyasətçiləri vəzifələrindən kənarlaşdırmaq niyyətinə düşüb. Hazırda Paşinyan hakimiyyəti daxilində ABŞ və Qərbə sadiq və tam bağlı olan siyasi qanadın lideri rolunda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dayanır. Bir müddət öncə Paşinyana Qərbdən mesaj verilmişdi ki, qoyulmuş xətdən kənara çıxılarsa, onun yerinə Armen Qriqoryan hakimiyyətə gətirilə bilər. Paşinyan hakimiyyətinin iki qanadı arasında kəskin mübarizə gedir. Erməni baş nazir öz siyasi hədəflərinə əngəl törədə biləcək şəxsləri vəzifədən kənarlaşdırmaqla önünü açmağa çalışır”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
9
50
editor.az

10Mənbələr