AZ

10 noyabr Bəyanatı Azərbaycanın haqlı qələbəsinin təzahürüdür ŞƏRH

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı Üçtərəfli Bəyanat dövlətçilik tariximizdə qəbul edilmiş ən əhəmiyyətli sənədlərdən biridir. Bu, həmçinin Ermənistanın kapitulyasiya, Azərbaycanın isə qalibiyyətini özündə ehtiva edən sənəddir. Üçtərəfli Bəyanatla uzun illər davam edən münaqişəyə son qoyuldu, sentyabrın 27-də başlanan Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə böyük Zəfərlə yekunlaşdı.

Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Bu Bəyanat tərəflərin hərbi əməliyyatlara son qoyması ilə bərabər, çox önəmli məsələləri əks etdirir. Bəyanat Azərbaycanın döyüş meydanında qazandığı parlaq Qələbənin danışıqlar masasında təsdiqidir. Bəyanatda Prezident İlham Əliyevin hərbi əməliyyatların başladığı ilk gündən etibarən söylədiyi, konkret vaxt çərçivəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxması ilə bağlı öhdəlik də öz əksini tapıb. Belə ki, Bəyanata əsasən Ermənistan Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın bölgələrindən işğalçı qüvvələrini çıxarmağa məcbur olub. Azərbaycan insan itkilərinin qarşısını alaraq, əlavə qan tökmədən diplomatik Qələbə ilə sözügedən ərazilərini geri qaytarıb. Bu sənəd Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olan və öz doğma evlərində yaşamaq hüququ kobud şəkildə pozulan bir milyondan çox məcburi köçkünün fundamental hüquqlarının bərpasını təmin edib.

Xalq, Prezident və Ordu birliyi Vətən müharibəsində həlledici rol oynadığından bu amil də daim hörmət və ehtiramla yada salınmalı, anılmalı, xatırlanmalıdır. Ordumuza böyük məbləğdə yardım göstərənlərdən tutmuş, təqaüdünü Orduya yardım fonduna keçirən ağsaqqal, malından keçən iş adamları, sadə insanlar, əsgərə pulsuz siqaret verən satıcı, şəhidin portretini pul almadan ailəsinə çatdıran taksi sürücüsü, yardım kampaniyaları təşkil edən, şəxsi vəsaiti hesabına bazarlıq edərək əsgərlərin görüşünə gedən ayrı-ayrı şəxslər, firmalar, şirkətlər, xaricdə yaşayan azərbaycanlılar, ordumuza maddi və mənəvi dəstək olan qardaş ölkələrin vətəndaşları, hətta sosial şəbəkələrdə Azərbaycan xalqının haqq işinə sözü, yazısı ilə dəstək verənlər də minnətdarlıq hissi ilə xatırlanmalıdır. Bu mənada Xalqımız, Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusu ən yüksək titullara, ən yüksək təriflərə layiqdir.

Qarabağın açılmayan düyünü olan işğal prosesi rəşadətli Ordumuz və Müzəffər Ali Baş Komandan tərəfindən çözülüb. Çünki Azərbaycan Prezidenti dəfələrlə qeyd etmişdi ki, işğal faktı ilə barışmayacağıq. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycan xalqının qələbəsi ilə başa çatıb. Xalqımız, ordumuz və Ali Baş Komandanımızın birliyi sayəsində biz tam qalibik!.

Beləliklə, 44 günlük Vətən müharibəsinin hərbi əməliyyatlarına son qoyan, hədsiz əhəmiyyətli və mühüm məsələləri özündə əks etdirən, bölgəmizdə sülhün, əmin-amanlığın, təhlükəsizliyin və gələcəkdə iqtisadi inkişafın təmin olunması üçün zəruri hüquqi çərçivəni müəyyən edən, çox böyük tarixi əhəmiyyətə malik Üçtərəfli Bəyanat Prezident İlham Əliyevin növbəti parlaq diplomatik qələbəsi idi.

Rövşən ƏHMƏDOV,

YAP Ağcabədi rayon təşkilatının sədri

Seçilən
34
1
sesqazeti.az

2Mənbələr