AZ

Dəfələrlə məhkum olunan narkotik istifadəçisinin məhkəməsi başladı

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən, əvvəllər də məhkum olunan Tərlan Həsənovun cinayət işinin bəzi detalları məlum olub. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan edib. 

İstintaqla müəyyən edilib ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,5 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanına daşıyıb. 

Daxil olmuş məlumat əsasında Tərlan Həsənov, bu ilin mayında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində paytaxtın Binəqədi rayonunda saxlanılıb. 

O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə orada üzərinə keçirilən şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə külli miqdarda 4,5 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb. 

Xatırladaq ki, təqsirləndirilən şəxs dəfələrlə məhkum olunub və o sonuncu dəfə şərti azadlığa buraxılmışdı.

Seymur Əli

Seçilən
23
unikal.az

1Mənbələr