AZ

"Məktəblərdə məntiq dərsini uşaqlara sevdirməliyik" —AÇIQLAMA

Orta məkəblərdə məntiq fənninin tədris edilməsi təklif edilib. Bu təkliflə təhsil eksperti, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nuri çıxış edib. 

O, “Facebook” hesabında qeyd edib ki, orta məktəblərdə elementar səviyyədə belə olsa, məntiq fənninin keçirilməsi vacibdir: 

“Təhsilin səviyyə göstəricilərindən biri də İQ məsələsidir... Beyinlər orta məktəbdən məşq etsin... Analizi, emalı daha dəqiq aparsın...”, - deyə ekspert paylaşım edib. 

Şagirdlərə məntiq dərsinin keçirilməsinin faydası barədə Demokrat.az-a danışan E.Nuri bildirib ki, dünya məktəblərində birinci səviyyədən məntiq necə tədris olunursa, bizdə də eyni qaydada tədris olunmalıdır:
  
“Düzdür, sual verilə verilə bilər ki, məktəblərdə məntiq dərsini keçməkçün müəllimlərimiz yoxdur. Bəli, sırf məntiq dərsini keçməkçün kadrlarımız çatışmır. Bunu riyaziyyat müəllimlərinə həvala etsələr, bir o qədər də uğurlu olmayacaq. Çünki hazırda özəl təhsil müəssisələrində, özəl liseylərdə, həmçinin Elm və Təhsil Nazirliyinin tabeliyində olan lisey və gimnaziyalarda məntiq fənni tədris olunur, amma sırf riyazi məntiq istiqamətində. Məntiq fənninə marağı öldürən ən əsas detal da onun riyaziyyat üzərində qurulmasıdır. Məntiq məgər ancaq riyaziyyatdan ibarətdir?! 

Məntiq tək rəqəmlərdən, cədvəllərdən, diaqramlardan ibarət deyil. Sözlü məntiq, fiqurlu məntiq, verbal məntiq var, şifrələr, mətnin məntiqi təhlili və digər bir çox istiqamətlər var”.  

Ekspertin fikrincə məntiqin tədrisinə ibtidai sinifdən başlanılmalıdır: 

“Düşünürəm ki, təhsil mütəxəssisləri şagirdlər üçün məntiqin elementar bazasını formalaşdırmaqda elə də çətinlik çəkməzlər. Bəzi müəllimlərimiz var ki, uşaqlara məntiqi aşılamaqda təcrübəyə malikdirlər. 1-ci sinifdən keçirilməli olan məntiq fənni oxuyub anlama, analiz, düzgün qərar qəbul etmə bacarıqlarının formalaşmasına xidmət etməlidir. 

Məsələn, şəkillərin əlaqələndirilməsi bölməsi uşaqlar üçün sadələşdirilmiş formada keçilə bilər. Deyəcəklər ki, uşaqların dərs yükü onsuz da ağırdır, çatdıra bilmirlər. Razıyam, amma məntiq bizim üçün çox vacibdir. Məktəblərdə məntiq dərsini uşaqlara sevdirməliyik. Magistraturaya hazırlaşanların əksəriyyəti məntiq fənninə nifrət edir, halbuki imtahanlarda yüksək nəticə göstərən tələbələrdir. Bunu arzuolunmaz hal hesab edirəm”.


Törə Zeynallı
Demokrat.az
Seçilən
28
demokrat.az

1Mənbələr