AZ

Aİİ-nin tələbələri beynəlxalq olimpiadada iştirak ediblər

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri beynəlxalq olimpiadada iştirak ediblər.

Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində ilahiyyat sahəsi üzrə təhsil alan tələbələr arasında XVII Beynəlxalq Olimpiada keçirilib. Qeyd edək ki, olimpiada Rusiya İslam İnstitutu, İslam Mədəniyyəti, Elm və Təhsilə Dəstək Fondu və  Məhəmməd ibn Zeyd adına Humanitar Elmlər Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

“BRICS” ölkələri və tərəfdaşlarının qatıldığı müsabiqəyə Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Hindistan, İndoneziya və Rusiyadan iştirakçılar dəvət olunublar.

Sözügedən beynəlxalq tədbirə Aİİ-dən münsif qismində – xarici əlaqələr üzrə mütəxəssis Şəms Bağırova, iştirakçı qismində – II kurs tələbəsi – Sahib Qənbərov, III kurs tələbələri – Yusif Vahabov, Sadiq Babayev, Əli Nəzərov qatılıblar.

İştirakçılar İslam hüququ, dinin əsasları və ərəb dili istiqamətləri üzrə sualları cavablandırıblar. İlahiyyat İnstitutunun tələbələri aktivlikləri ilə seçiliblər. Aİİ-nin tələbəsi Sadiq Babayev müsabiqədə uğurlu iştirakına görə, Rusiya İslam İnstitutunun rektoru tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılıb.

Olimpiada çərçivəsində “İslami fənlərin tədrisində “BRICS” ölkələrinin İslam ali təhsil müəssisələrinin təcrübəsi” mövzusunda “dəyirmi masa”, habelə qonaqlar üçün Kazan şəhərində yerləşən Qul Şərif və Mərcani məscidlərinə, eləcə də Kazan Milli Kitabxanası və Kazan Kremlinə ekskursiya təşkil olunub.

Seçilən
33
xalqqazeti.az

1Mənbələr