AZ

COP29-da turizmdə iqlim fəaliyyətinin təkmilləşdirilməsi üçün gələcək addımlar müzakirə olundu

COP29 çərçivəsində “İqlim fəaliyyətinin təkmilləşdirilməsi üçün innovativ həllər və gələcək addımlar” mövzusunda dəyirmi masa keçirilib.

Bizim.Media xəbər verir ki, dəyirmi masanı COP29 Sədrliyi Azərbaycan Turizm Agentliyi ilə birgə təşkil edib.

BMT-nin Ümumdünya Turizm Təşkilatının davamlı turizm və dayanıqlılıq üzrə proqram koordinatoru Vircinia Fernandez-Trapanın moderatorluğu ilə keçirilən panel müzakirəsində diqqət iqlim fəaliyyətini sürətləndirmək üçün innovativ və praktik həll yollarına, eləcə də Turizm Günü ilə bağlı gələcək planlara yönəlib.

Qeyd edilib ki, “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi”ni 50-dən çox ölkə təsdiqləyib.

Bu isə turizm sektorunun aşağı karbonlu və iqlimə davamlı inkişaf istiqamətində transformasiyanı həyata keçirməsi üçün yüksək səviyyəli siyasi öhdəliyi əks etdirir.

Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Günay Bayramova bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkə üçün mühüm fürsətdir:

“Azərbaycanı iqlim fəaliyyətində və turizm sektorunda mühüm iştirakçılardan biri kimi təqdim etmək, bu prosesə liderlik etmək və turizmi COP-un tematik gündəminə inteqrasiya etmək böyük addımdır. İnanıram ki, bu, uzun yolun başlanğıcıdır”.

G.Bayramova qeyd edib ki, COP çərçivəsində turizmə diqqət yetirmək dayanıqlı inkişafın hərəkətverici qüvvəsi kimi turizmə yeni təsəvvür və baxışlarla yanaşmağa imkan verir.

“Səyahət Korporasiyası”nın (“The Travel Corporation”) dayanıqlılıq üzrə direktoru Şannon Gihan təklif olunan turizm paketlərində dekarbonizasiya və karbon izinin azaldılmasını əsas hədəf götürdüklərini bildirib. Qeyd edilib ki, Avropaya səhayətlərin 60 faizi məhz dekarbonizasiya proqramı çərçivəsində həyata keçirilir. Belə ki, gecələmə, qidalanma, mobillik və digər parametrlər üzrə kiçik və orta sahibkarlıq subyektlərinə fond vəsaitləri ayrılır.

“Iberostar Group” şirkətinin qlobal dayanıqlılıq üzrə direktoru Erika Harms çıxışında təmsil etdiyi şirkətin turizm fəaliyyətində iqlimə uyğun proseslərin təşkilinə səy göstərdiyini diqqətə çatdırıb.
 

Qeyd edilib ki, otellər zəncirini özündə birləşdirən şirkət alimlərdən ibarət bir qrupla turizm fəaliyyətində iqlimə təsir risklərinin müəyyən edilməsi, bu analizlərin ekosistemlərə inteqrasiya olunması və müvafiq adaptasiya işlərinin aparılması üçün tədqiqatlar aparılır. Bu yanaşma risklərin azaldılmasına və turizm biznesinin dayağı olan sahillərin qorunmasına kömək edir.


Amerikalararası İnkişaf Bankının iqlim dəyişmələri əməliyyatları üzrə baş mütəxəssisi Emi Levis turizm sektorunun bir sıra digər sahələrlə üzvi surətdə əlaqəli olduğunu vurğulayıb, iqlim maliyyələşdirilməsinin müəyyənləşdirilməsinin çətinliklərindən bəhs edib.

O, eyni zamanda, turizmin müxtəlif infrastruktur sistemlərindən asılı olduğunu, bu səbəbdən turizmə xas iqlim maliyyələşməsinin müəyyən edilməsində və sərmayə qoyulmasında yaranan çağırışlardan danışıb.

Braziliyanın Turizm Nazirliyinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Heitor Kadri bildirib ki, COP29-da əldə edilən nəticələr Braziliyada keçiriləcək COP30-dək konkret addımların atılacağına nikbin ümidlər doğurur.

O, ölkəsində turizm sahəsində qəbul olunan yeni qanunda bu sektor üçün bir sıra yenilik və üstünlüklərin gətirildiyini diqqətə çatdırıb.

Nazir turizm sektorunda nəqliyyat, dövlət və özəl sektor arasında münasibətlər, istehlakçıların hüquqları, sərmayələrlə bağlı yeni yanaşmalar və xüsusilə yaşıl keçidlə bağlı mühüm məqamların yer aldığını vurğulayıb.

Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov və Dünya Turizm Təşkilatının icraçı direktoru Zoritsa Urosevic COP29 çərçivəsində turizmlə bağlı görüşlər, çıxışlar, qəbul olunan Bakı Bəyannaməsi və perspektivlər barədə fikirlərini bölüşüb, COP30-da bu proseslərin davam etdiriləcəyinə ümidvarlıqlarını bildiriblər.
 

Sonda gün ərzində aparılan müzakirələr ümumiləşdirilib və turizm sektorunda iqlim fəaliyyətini sürətləndirə biləcək praktiki və innovativ həllərə diqqət yönəldilib, iqlimə davamlı turizmin gələcəyi üçün kollektiv baxışlardan bəhs edilib.


Panel müzakirələri turizmin iqlim dəyişiklikləri ilə qarşılıqlı əlaqəsi mövzusunda sualların cavablandırılması ilə yekunlaşıb.

Bizim.Media

Seçilən
31
50
bizim.media

10Mənbələr