AZ

COP29 çərçivəsində “Logistikada davamlı həllər” mövzusunda müzakirə aparılıb

Noyabrın 20-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Silk Way West Airlines”in təşkilatçılığı ilə “Logistikada davamlı həllər” mövzusunda müzakirə aparılıb.

“İki sahil” xəbər verir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında elçisi Ceyn Hyup “2050-ci il aviasiyada təmiz enerjiyə keçidin həyata keçirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Ceyn Hyup külək və günəş enerjisi ilə işləyən zavodların sayının artırılmalı olduğunu söyləyib. O bildirib ki, bərpaolunan enerji ilə işləyən zavodlar üçün lazım olan kapital xərcləri isə 4 - 8 trilyon arasında dəyişir. Məruzəçinin sözlərinə görə, aviasiya problemlərinin həll olunması bütün sənayelərin problemlərinin həllinə bərabərdir.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş iqtisadçısı Mari Ouens Tomsen “Aviasiyada enerji keçidi və davamlı aviasiya yanacağının (SAF) yüksəksəviyyəli istehsalı” mövzusunda çıxış edib. O, hava nəqliyyatı sektorunun üzləşdiyi problemlər və imkanlardan danışıb. İqtisadçı bildirib ki, ekoloji cəhətdən təmiz hava nəqliyyatına keçid böyük maliyyə tələb edir.

Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov “Ələt Azad İqtisadi Zonasında yaşıl enerji həlləri” adlı məruzə ilə çıxış edib. Valeh Ələsgərov bildirib ki, bərpaolunan külək və günəş enerjisindən istifadə etməklə elektrik enerjisi istehsalının artırılması ƏAİZ-də yaradılmış müəssisələrin istifadə etdiyi yaşıl enerji payının artırılmasına da müsbət təsir göstərəcək. Onun sözlərinə görə, yaşıl elektrik enerjisi istehlakçıları üçün təchizatın sabitliyi və onlar üçün münasib, məqbul qiymətlər eyni dərəcədə vacibdir. Valeh Ələsgərov Azərbaycanda bərpaolunan mənbələrin 85 faizindən çoxunun külək enerjisi resursları olduğunu vurğulayıb. Qeyd edib ki, gələcəkdə ƏAİZ-də yerləşən müəssisələrin istehsal etdiyi yaşıl enerjidən Azərbaycanda deyil, kənarda istifadə olunacaq.

Daha sonra Dövlət Mülki Aviasiya Agentliyinin direktor müavini (DMAA) Bəhruz Məlikov “Yaşıl texnologiya ilə aviasiya logistikasının inkişafı: dövlət siyasəti və təşəbbüslər” adlı məruzə ilə çıxış edib. O, ICAO şurası və üzv dövlətlərin Paris Sazişinə və onun iqlim dəyişikliyi ilə mübarizə öhdəliyinə sadiq qalaraq səylərə fəal töhfə verdiyini söyləyib. Bildirib ki, aviasiya sənayesi iqlim dəyişikliyinin təsirlərindən müdafiə olunmayıb. Bəhruz Məlikovun sözlərinə görə, DMAA beynəlxalq sənədləri nəzərdən keçirir və digər tərəfdaş dövlətlərə nisbətən yeni və tədricən inkişaf edən ekoloji təşəbbüsləri təcrübə edirlər.

“Silk Way Group”un korporativ siyasət üzrə vitse-prezidenti Rəşad Gülmalıyev “Ələt Azad İqtisadi Zonasında yeni hava limanı üçün yaşıl həllər” adlı məruzə ilə çıxış edib. Ələt Azad İqtisadi Zonasında tikiləcək yeni hava limanı haqqında danışan məruzəçi bildirib ki, yeni hava limanı 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq və yanğınsöndürmə xidmətləri və digər əlaqəli obyektləri əhatə edəcək. Rəşad Gülmalıyev uçuş-enmə zolağının tikintisində istifadə olunacaq qabaqcıl aerodrom işıqlandırma texnologiyası olan CEDD AGL-dən danışıb. O, davamlı texnologiyaların və enerjiyə qənaət həllərinin tətbiqinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bununla şirkət COP29-un hədəflərinə və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun ekoloji cəhətdən təmiz və səmərəli təcrübələrə sadiqliyini nümayiş etdirir.

“Silk Way West Airlines”in baş direktoru Volfhanq Mayer “Silk Way West Airlines”da donanmanın yenilənməsi və karbonsuzlaşdırma səyləri” adlı məruzə ilə çıxış edib. Baş direktor aviaşirkətin strateji genişlənmə planları, dayanıqlılığa diqqətindən danışıb. O, müasir təyyarələrdən istifadənin vacibliyini vurğulayaraq aviaşirkətin emissiyaları birbaşa azaldan və yanacaq səmərəliliyini yaxşılaşdıran ən son aviasiya texnologiyalarını tətbiq etməyə yönəldiyini söyləyib. Volfhanq Mayer şirkətin yaşıl yanacağa keçid etməyə hazır olduğunu qeyd edib.

Seçilən
26
ikisahil.az

1Mənbələr