AZ

COP29 çərçivəsində iqlim böhranı ilə mübarizədə təcili tədbirlərlə bağlı çağırışlar edilib

Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində yüksəksəviyyəli iclasda dünya ölkələrinin nazirləri və yüksəkvəzifəli nümayəndələri iqlim böhranı ilə mübarizədə təcili və iddialı tədbirlərlə bağlı çağırış ediblər.

"Report" xəbər verir ki, iclasda inkişaf etməkdə olan və iqlim dəyişikliyinə qarşı ən həssas ölkələrin nümayəndələri inkişaf etmiş ölkələri maliyyə və texnoloji dəstəyin göstərilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıblar. Bəzi ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öz nailiyyətlərini və iddialı planlarını bölüşüblər.

Bundan başqa, nümayəndələr COP29-un yüksək səviyyədə təşkil edildiyini xüsusi qeyd edib və iqlimlə bağlı mühüm müzakirələrin aparılması üçün əlverişli məkan təqdim etdiyinə görə Azərbaycana təşəkkür ediblər.

Sloveniyanın ətraf mühit naziri Boyan Kumer dünya liderlərini COP29-un səmərəliliyini təmin etməyə, sözlərdən qəti tədbirlərə keçməyə çağırıb: "Bakıda aparılan iqlim danışıqlarının kritik ikinci həftəsidir və mesajımız belə olmalıdır: 1,5 dərəcə hədəfi hələ də əlçatandır".

Yaponiyanın ətraf mühit naziri Asao Keyitiro COP29-un təşkilində göstərdiyi səylərə görə Azərbaycana təşəkkürünü bildirib. O qeyd edib ki, bu konfransın uğuru Paris Sazişinin 6-cı Maddəsinin hərtərəfli əməliyyat qaydaları ilə bağlı qərar qəbul edilməsini tələb edir.

Nazirin sözlərinə görə, 6-cı Maddə böyük əhəmiyyət kəsb edir və yüksək keyfiyyətli karbon bazarının yaradılmasına, dekarbonizasiya texnologiyaları üçün özəl maliyyə resurslarının səfərbər edilməsinin təşviqinə və beynəlxalq əməkdaşlıq vasitəsilə bütün dünyada təsirlərin yumşaldılması səylərinin genişləndirilməsinə yönəlib.

Bəhreynin ətraf mühit və neft naziri Məhəmməd Bin Mübarək Bin Deyn COP29-un sədri kimi Azərbaycanın qonaqpərvərliyini xüsusi olaraq vurğulayıb.

Onun sözlərinə görə, Bəhreynin qlobal istixana qazı emissiyalarında payı 0.1%-dən az olsa da, ölkə qarşısına 2035-ci ilədək emissiyaları azaltmaq və 2060-cı ilədək sıfır emissiyaya nail olmaq kimi iddialı məqsəd qoyub. Bin Deyn qeyd edib ki, Bəhreyn iqlim böhranının nəticələri ilə mübarizə üzrə təcrübəsini bölüşməyə hazırdır və inkişaf etmiş ölkələri bundan nümunə götürməyə, maliyyələşdirmə və texnologiyaların verilməsi məsələsində öhdəliklərini yerinə yetirməyə çağırır.

Dominikanın ətraf mühit naziri Kozye Frederik COP29-un yüksək səviyyədə təşkilinə və göstərdiyi qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edib. O vurğulayıb ki, Dominika iqlim dəyişikliklərinin təsirlərinə qarşı ən həssas ölkələr sırasında yer alır, adaptasiya və dayanıqlılıq, unikal təbiət və mədəni xüsusiyyətlərin qorunması üçün maliyyə dəstəyinə ehtiyacı var. K.Frederik Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) üzrə konsensusa nail olmağa çağırıb.

Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk COP29-un sədri kimi qonaqpərvərliyinə və müharibənin əvvəlindən Ukrayna xalqına göstərdiyi humanitar yardıma görə Azərbaycana təşəkkürünü bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində hərbi əməliyyatların davam etməsinə baxmayaraq, Ukrayna öz milli töhfəsi üzərində işləyir və onu 2025-ci ildə təqdim etməyi planlaşdırır. S.Qrinçuk vurğulayıb ki, Bakıda NCQG üzrə əldə edilən nəticələr ölkələrin ümumi, lakin fərqli məsuliyyətini əks etdirməlidir.

Danimarkanın iqlim, energetika və kommunal xidmətlər naziri Lars Aaqaard dünya birliyini COP29-da yeni maliyyə hədəfinə nail olmaq üçün əməkdaşlığa çağırıb. O xatırladıb ki, Danimarka 2030-cu ilə qədər istixana qazı emissiyalarını 70% azaltmaq kimi iddialı hədəf müəyyən edib və kənd təsərrüfatı sahəsində sıfır emissiyaya nail olmağın vacibliyini qeyd edib.

Syerra-Leonenin ətraf mühit naziri Civo Abdulay iqlim hədəflərinə nail olmaqda əsas rol oynayan COP29 konfransının təşkilinə görə ölkə hökuməti və xalqı adından Azərbaycana minnətdarlığını bildirib.

O vurğulayıb ki, Syerra-Leone iqlim böhranı qarşısında son dərəcə həssas ölkədir və etibarlı beynəlxalq dəstəyə ehtiyacı var. C.Abdulayın sözlərinə görə, hökumət ölkənin iqlim dayanıqlığının artırılması üçün bir neçə mühüm təşəbbüs həyata keçirir, xüsusilə bərpaolunan enerji mənbələrinə sərmayə qoyur.

Nazir, həmçinin vurğulayıb ki, Syerra-Leone COP29-da əməkdaşlığa və inkişaf etməkdə olan ölkələrin unikal həssaslığının qəbul edilməsinə əsaslanan iddialı nəticələrin əldə ediləcəyinə ümid edir.

Litvanın ətraf mühit naziri Simonas Gentvilas isə bildirib ki, dünya birliyi hələ də Paris Sazişinin məqsədlərinə çatmaqdan uzaqdır və bu günə qədər göstərilən kollektiv səylər kifayət deyil.

O, temperatur artımının 15°C səviyyəsində saxlanılması məqsədilə iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması üçün ambisiyaların artırılmasının vacibliyini vurğulayıb və ölkəsinin 2030-cu ilə qədər tamamilə bərpaolunan enerji mənbələrinə keçid etmək niyyətində olduğunu açıqlayıb.

Salvadorun ekologiya naziri Fernando Andres Lopes Larreynaqa vurğulayıb ki, onun ölkəsi hər il infrastruktur və ekosistemlərə dağıdıcı təsir göstərən təbii fəlakətlərə daha tez-tez məruz qalır. O bildirib ki, iqlimlə bağlı vəziyyət sözlərdən praktiki fəaliyyətə təcili keçid tələb edir. Nazir göstərdiyi qonaqpərvərliyə görə COP29-un təşkilatçısı olan Azərbaycana təşəkkür edib.

Hondurasın təbii sərvətlər və ətraf mühit nazirinin müavini Malkolm Brayan Stufkens Salqado da Azərbaycana təşəkkürünü bildirib və ölkəsinin üzləşdiyi iqlim dəyişikliyinin, o cümlədən tez-tez baş verən təbii fəlakətlərin məhvedici təsirlərindən danışıb.

O, inkişaf etmiş ölkələri maliyyə öhdəlikləri məsələsində daha məsuliyyətli olmağa çağırıb və iqlim fondlarının bütün həssas ölkələr üçün əlçatan olmasının təmin edilməsini zəruri adlandırıb.

Çilinin nəqliyyat naziri Xuan Karlos Munyos qeyd edib ki, ölkəsi iqlim dəyişikliyinə qarşı mübarizəyə qətiyyətlə sadiqdir və 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üçün iddialı hədəf üzərində işləyir.

Nazir bildirib ki, Çili sakinləri quraqlıq, meşə yanğınları və daşqınlar kimi iqlim dəyişikliyinin təbii nəticələrindən əziyyət çəkirlər. O, ölkələri iqlim məsələlərinin həllində bütün icmalar üçün ədalətli yanaşmaya çağırıb.

Vyetnamın təbii sərvətlər və ətraf mühit nazirinin müavini Le Konq Than Azərbaycanı COP29-un yüksək səviyyədə təşkili və əhəmiyyətli nəticələrin əldə edilməsi münasibətilə təbrik edib.

O vurğulayıb ki, Vyetnam inkişaf etmiş ölkələri xüsusilə də ehtiyacı olan ölkələr üçün ədalətli və əlçatan maliyyələşdirmə məsələsində iqlim öhdəliklərini yerinə yetirməyə çağırır.

Nazir müavininin sözlərinə görə, Vyetnam COP29-un "Yaşıl dünya naminə həmrəylik" mövzusunu dəstəkləyir ki, burada ambisiyaların artırılması və fəaliyyətin təmin edilməsi kimi iki əsas sütun ön plana çəkilir.

Qvatemalanın təbii sərvətlər və iqlim dəyişikliyi nazirinin müavini Edvin Kastelyanos Azərbaycana qonaqpərvərliyinə və bu cür mühüm konfransın təşkilində lider roluna görə təşəkkürünü bildirib.

E.Kastelyanos bildirib ki, Qvatemala dünyanın ekoloji cəhətdən ən müxtəlif ölkələrindən biridir və bu baxımdan ciddi iqlim çağırışları ilə üzləşir. O, sənayeləşmiş ölkələrin məsuliyyət göstərməli və beynəlxalq öhdəliklərini yerinə yetirməli olduğunu vurğulayıb.

Dominikan Respublikasının iqlim dəyişikliyi üzrə nazir müavini Ana Emiliya Pimentel Rodriqes qlobal iqlim böhranı ilə mübarizədə kollektiv fəaliyyətin təcililiyini vurğulayıb. O bildirib ki, iqlim dəyişikliyinə qarşı ən həssas ölkələrdən biri olan Dominikan Respublikası Paris Sazişinə və birgə səylərə öz qəti sadiqliyini təsdiqləyir. A.Rodriqesin sözlərinə görə, ölkəsi iqlim tədbirlərinə əhəmiyyətli resurslar ayırır, lakin bu, kifayət deyil: "Biz xeyriyyəçilik deyil, ədalət istəyirik".

Belizin dayanıqlı inkişaf və iqlim dəyişikliyi nazirinin müavini Kendrik Uilyams hökuməti və xalqı adından Azərbaycana salamlarını çatdırıb və səmimi qəbula görə minnətdarlığını bildirib.

Onun sözlərinə görə, hər təbii fəlakət təcili iqlim tədbirlərinin zəruriliyini xatırladır. Uilyams iqlim tədbirlərinə investisiyaların artırılmasının vacibliyini qeyd edib. O vurğulayıb ki, Beliz iki il ərzində iqlim tədbirlərinə ölkənin ÜDM-nin 6%-nə bərabər olan 200 milyon ABŞ dolları xərcləyib.

Fələstinin ətraf mühitin keyfiyyəti üzrə idarəsinin rəhbəri Nisrin əl-Təmimi Azərbaycanı belə qlobal sammitə ev sahibliyi etməsi münasibətilə təbrik edib. O qeyd edib ki, Fələstin ətraf mühitin mühafizəsi haqqında ilk qanun layihəsini hazırlayıb və iqlim dəyişikliyi ilə mübarizədə öz təşəbbüslərini irəli sürməyə davam edəcək. Əl-Təmimi ölkələri və beynəlxalq təşkilatları öz öhdəliklərini yerinə yetirməyə və Yaxın Şərqdə münaqişənin dayandırılmasına kömək etməyə çağırıb.

Panamanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Xuan Karlos Monterrey Qomes vurğulayıb ki, sənaye cəhətdən inkişaf etmiş ölkələr iqlim böhranı və ekosidlərə görə məsuliyyəti qəbul etməlidirlər. O, ölkəsinin iqlim təşəbbüsləri barədə danışaraq qeyd edib ki, bu gün Panamada istifadə olunan elektrik enerjisinin 70%-i bərpaolunan enerji mənbələrindən əldə edilir.

İslandiyanın ətraf mühit, enerji və iqlim nazirinin müavini Helqa Barodottir iqlim dəyişikliklərinə uyğunlaşma və mübarizə proseslərində bərabərliyin təmin edilməsinə çağırıb. Nazir müavini vurğulayıb ki, İslandiya hökuməti son illərdə təsirlərin azaldılması və uyğunlaşma arasında balanslaşdırılmış yanaşmaya diqqət yetirərək iqlim maliyyəsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə artırıb.

Vanuatu İqlim Dəyişikliyi üzrə Nazirliyinin baş direktoru vəzifəsini müvəqqəti icra edən Abraham Nasak COP29-da Azərbaycanın liderliyini yüksək qiymətləndirib. O, ölkələri iqlim maliyyəsi kimi mühüm məsələlərdə razılığa gəlməyə çağırıb.

Cibuti Ətraf Mühit Nazirliyinin Baş katibi Dini Abdulla Omar konfrans iştirakçılarına göstərilən səmimi qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Onun sözlərinə görə, Cibuti adaptasiyaya böyük sərmayələr yatırmağa davam edir və ehtiyacı olan ölkələr üçün iqlim maliyyələşməsinin artırılmasına çağırır.

Meksikanın Çoxtərəfli Məsələlər və İnsan Hüquqları üzrə müavini Enrike Oçoa ölkənin 2030-cu ilə qədər təmiz mənbələrdən elektrik enerjisi istehsalını 40%-dən yuxarı artırmaq məqsədi daşıyan Milli Enerji Planı haqqında danışıb. O, kollektiv maliyyə hədəfinə nail olmaq üçün tərəfləri əməkdaşlığa çağırıb və qeyd edib ki, yerli xalqlar, gənclər və qadınlar da daxil olmaqla insan hüquqlarına əsaslanan hərtərəfli yanaşma olmadan səmərəli iqlim tədbirlərinə nail olmaq mümkün deyil.

Mikroneziya Federativ Ştatlarının BMT-dəki daimi nümayəndəsi Cim Lippve bildirib ki, onun ölkəsi maliyyə və texnoloji resursların çatışmazlığından əziyyət çəkir. O, inkişaf etmiş ölkələri dekarbonizasiyanı davam etdirməyə, bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirməyə və həddindən artıq resurs istehlakını dayandırmağa çağırıb.

İsveçin iqlim və ətraf mühit naziri Romina Purmokhtari hesab edir ki, NCQG Paris Sazişinin məqsədlərinə nail olmaq üçün cəsarətli və aktual olmalıdır. Onun sözlərinə görə, İsveç Dubayda COP28-də əldə edilmiş tarixi razılaşmaları alqışlayır və COP29-da bu irsi qorumağa çağırır. O, iqlim dəyişikliyinin bəşəriyyətin mövcudluğuna təhlükə yaratdığı üçün iqlim böhranı ilə mübarizədə təcili tədbirlər görülməsinə çağırıb.

Almaniya xarici işlər naziri Annalena Berbok adından çıxış edən dövlət katibi və beynəlxalq iqlim fəaliyyəti üzrə xüsusi səfir Cennifer Morqan bildirib ki, Berlin öz iqlim vədlərinə sadiq qalır. O, ölkələri iqtisadi güclərinə uyğun olaraq məsuliyyət götürməyə və özəl sektorun daha geniş iştirakını təmin etməyə çağırıb.

Seçilən
29
2
seher.media

2Mənbələr