AZ

Transmilli şirkətlər üçün xüsusi hesabat tələbi: Yeni qaydalar 2025-ci ildən

Transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycanda fəaliyyət göstərən rezident müəssisələr, illik məcmu gəlirləri 750 milyon avronun manat ekvivalentini aşarsa, beynəlxalq məlumat mübadiləsi üçün xüsusi hesabat və bildiriş təqdim etməli olacaq.

Fins.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Bildiriş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada və formada vergi orqanına təqdim edilməlidir. Müddətində təqdim edilmədikdə, 10,000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Qanunvericilikdə nəzərdə tutulan dəyişiklik, 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək və aşağıdakı məqsədlərə xidmət edəcək:

  • Bildirişin vergi ödəyicilərinin vəzifələrinə daxil edilməsi hüquqi əsas yaradacaq.
  • Transmilli şirkətlər qrupu üzrə vergi müəyyənliyini artıracaq.
  • Xarici rezidentlərin Azərbaycan nümayəndəlikləri üçün də bildiriş öhdəliyi tətbiq olunacaq.

Hazırda bu proses Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının təsdiq etdiyi qaydalara uyğun olaraq həyata keçirilir. Yeni dəyişikliklərlə bu qaydalar qanuni əsaslarla möhkəmləndiriləcək.
 

Fuad Mədətov
Fins.az

Seçilən
37
fins.az

1Mənbələr