AZ

Qanunlar, qaydalar hamı üçün standart olmalıdır

Kənan Novruzov

“Qanun” anlayışına müxtəlif cür tərif verilir. Hüquqi termin kimi “Qanun”  hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. Fəlsəfədə isə qanun daha çox cəmiyyətin “qırmızı xətləri” kimi xarakterizə edilir. 
Bəzilərinə görə, qanunlar insan azadlıqlarını məhdudlaşdırır. Bəziləri isə qanunların əksinə, azadlıqların təmin edilməsinə kömək olduğunu düşünürlər. Əslində isə qanunlar azadlığın anarxiyaya çevrilməsinin qarşısını alır. 

Demək olar, hər gün müntəzəm istifadə etdiyim marşrut xətləri üzrə hərəkət edən avtobuslarda oxşar hadisəni müşahidə edirəm. Bəzi sərnişinlər avtobusa arxa qapıdan minməyə, ön qapıdan düşməyə cəhd edirlər. Bəziləri hətta ödənişi etmədən minməyə, yəni sürücünü aldatmağa çalışır. Onlar buna əsas kimi avtobusdakı sıxlığı göstərirlər.

Bəzi sürücülər sərnişinlərin bu cəhdlərinə göz yumur, icazə verirlər. Bəziləri isə əksinə, konkret olaraq “icazə yoxdur” deyirlər. 

Məsələ burasındadır ki, əslində sərnişinlərin ön qapıdan düşməsi, arxa qapıdan minməsi qadağandır. Sürücülərin özlərin dediyi kimi, belə olan halda şirkət onları müvafiq qaydada cərimələyir. Odur ki, sürücülər belə məsələlərə diqqətlə yanaşmağa çalışırlar. 

Müşahidələrimə əsasən deyə bilərəm ki, sərnişinlərə şərait yaradan, onların rahatlığı naminə tələbləri pozmağa gözə alan sürücülər üçün daha çox problem yaranır. Çünki digərləri xoş üz göstərmir, əsəblərini korlamadan, mübahisəyə getmədən “ya qaydaları pozma, ya da min” deyirlər. 
Deməyim odur ki, qanunlar, qaydalar hamı üçün standart olmalıdır. Onlara əməl olunsa, tərəflər arasında heç bir ziddiyyət, qarşıdurma olmaz. 

Müəllimlik təcrübəmdən bəhrələnərək bir məqama diqqət çəkim: adətən tələbələr nisbətən sərt, öz fəaliyyətində mövcud qaydaları əsas götürən müəllimlərin dərsində özlərini daha sakit aparırlar. Bu, qarşılıqlı münasibətlərin tənzimlənməsinə kömək edir. Çünki hər iki  tərəf öz işini bilir: müəllim dərsini soruşur, tələbə dərs danışır. 

Bəzən isə tələbələrə, şagirdlərə şərait yaradılır. Və nəticədə qarşı tərəf bunun davamını, daha artığını gözləyir.

Belə misallar çox çəkmək olar. Əlqərəz, təcrübələr və müşahidələr onu deməyə əsas verir ki, qanunlar heç bir halda pozulmaq üçün deyil.


Seçilən
19
sherg.az

1Mənbələr