AZ

Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?


Bu gün Byorkun doğum günüdür.

Kulis.az məşhur musiqiçinin baş rolda oynadığı, Lars von Trierin çəkdiyi, “Q
ızıl ürək” trilogiyasının (“Dalğaları yararkən”, “İdiotlar”) sonuncusu, 2000-ci ildə Kann kinofestivalının qalibi olmuş “Qaranlıqda rəqs edən” filmi haqqında Ömər Xəyyamın “Kor nöqtə: işığın içində” yazısını təqdim edir.


Biləsiniz ki, sevimli rejissorum Trier heç vaxt Amerikada olmasa da, onun bu filmi Amerikadakı ab-hava, məhkəmə prosesi, makkartizmin kölgəsi, miqrantların problemləri, çoxluğun ekzistensiyası, beton cəngəlliklərdə insan ovu haqqında ən yaxşı filmlərdən biridir.


Trier və Byork

Səlma (Byork) tezliklə kor olacaq. Korluq ona ailəsindən miras qalıb. Daha doğrusu, onların genetik xəstəliyi müəyyən yaşdan sonra korluqla nəticələnir.

Gözləri tam tutulanacan oğlu üçün əməliyyat pulu toplayır.

Polisi öldürür...

Həbs olunur...

Edam cəzası alır...

Edam edilir..

Rəqs edir... ölümlə oynayır... qaranlıqda... işığın içində…



60-ci illər. Genetik xəstəlik səbəbiylə gözləri tutulmağa başlayan çexoslovakiyalı ana oğlunun da kor olacağından qorxur.
Ümid Amerikayadır. Ümid Amerikadadır.
Beləcə, miqrant həyatı başlayır.


Səlma yaxşı bilir ki, onun oğlu da bir gün kor olacaq.

Peşmandır:
“Bir gün kor olacağını bilə-bilə onu doğmamalı idim...” - düşünür, vicdan əzabı çəkir...

Əslində, Səlma əvvəlcədən bilirdi ki, onun övladı olsa, gözləri tutulacaq, fəqət o bu həqiqətə gözünü yumur, daha doğrusu, onun gözləri onsuz da zəif görürdü... öz qaranlıq dünyasına ötəri işıq tutmaq qərarına gəlir. Beləcə, növbəti qurban doğulur.

Səlma, doğrudan, günahkardırmı? Axı özünün də dediyi kimi, doğmaq onun təbiətindəndir, instinktiv arzudur, analıq stixiyasının nəticəsidir..
. Axı o qadındır…

Düzdür, o günahkar kimi cəzasını alır, yaxşı bəs, bu doğuluşun, mövcudluğun əsl günahkarı kimdir? Yoxsa ilahi ədalət?


Bu sualı cavablandırmağa cəhd edərik, fəqət hələlik Amerika haqqında.



Səlma artıq Amerikadadır. Billi adlı polis məmurunun həyətindəki karavanın kirayənişinidir. Yemək dəzgahı düzəldilən fabrikdə işləyir və həmin fabrikdə işləyən Keti adlı qadınla dostlaşıb… Üstəlik, işçi Ceffi özünə aşiq də edib. Di gəl, onun sevgi oyunlarına vaxtı/həvəsi yoxdur.

O, bir növ, rahibədir... peşmanlıqdan inzivaya, günahından təkcənəliyinə çəkilmiş... korlaşan gözlərin, korşalan qadınlığın rahibəsi.


Kobud desək, Amerikada makkartizm ab-havası davam edir: Soyuq müharibədən sonra yaranmış, adicə bir sözə görə kommunist kimi damğalayan "fikri teorem" hökm sürür.

Fəqət bu qarğaşanın, qan/qaraçılığın və korluğun içində Səlma rəqs edir, oxuyur... Müzikl məşqlərinə, Hollivud müzikllarını izləməyə gedir. Belə demək olar: o rəqs etdikcə, öz ətrafında fırlandıqca, oxuduqca yaddaşının fövqünə çıxır, öz orbitini tərk edir. Səmazənlər kimi düşüncənin çölünə qaçır.
Ümidlidir... oğlunun gözlərini sağaltmaqdan ötrü pul yığır...

İş, tamaşa, qayğı, ümid... və bir gün polis Billi Səlmanın karavanına gəlir. İş elə gətirir ki, onlar bir/birlərini tanımağa cəhd edirlər, bir/birlərinə etiraf edirlər.

Məsələn, Billi deyir ki, arvadı Lindanın xərclərini ödəməyə gücü çatmır, kalan borcu var. Tezliklə pul tapmasa, onun evini əlindən alacaqlar.

Səlma da xəstəliyi haqqında söz açır. Özünün zamanla tamamilə kor olacağını, böyüdükcə oğlunun da gözlərinin tutulacağını deyir. Billi öyrənir ki, Səlma günahını yumaqdan ötrü ölkəsini tərk edib, xatirələrini dünyanın o başında qoyub Amerikaya gəlib. Və miqrantlığın əzab-əziyyətini məhz oğlunu qaranlıqdan xilas etmək üçün müzikla çevirib.


Billi Səlmaya, Səlma da Billiyə söz verir ki, bu söhbət əbədiyyətəcən burada, - karavanda qalacaq.

Fəqət karavanda təkcə sözlər yox, həm də Billi özü qalır. Hə, o, Səlmanın hekayəsini, məqsədini bilə-bilə karavanda gizlənir və günahkar ananın oğlu üçün yığdığı pulun yerini öyrənir.

****

Səhərsi dəzgahın biri xarab olur. Əlbəttə, günahkar Səlmadır. İşlədiyi günlərin əmək haqqı hesablanır... Beləcə, onu işdən çıxarırlar.
Səlma suyu süzülə/süzülə karavana qayıdır, sonuncu əmək haqqını da gizlətdiyi pulun üstünə qoymaq istəyir. və... görür ki, pul yoxdur...

Qaçır Billgilə. Əvvəl sakitcə pulunu istəsə də, Bill əməlini danır, üstəlik, tabel tapançasını çıxarır. Əlbəttə, Səlma qorxmur, əksinə, polisin üstünə gedir və boğuşma başlayır.Budur: bir əl atəş açılır, Bill yıxılır...
Səlma onun ciblərini axtarmağa başlayır, di gəl, Bill müqavimət göstərir... qəzəbli ana təzədən atəş açır, yenə alınmır... Bu dəfə o, dəmir lövhəylə Billin başına/başına vurur... nəhayət, günahlını cəzalandırır.
“Cəzalandırır” deyəndə ki... əslində, Bill özü ondan xahiş edir ki, atəş açsın, onu öldürsün... Yəni, Bill ölümünü özü çağırır. Görünür, o da bu əməliylə, Səlmanı cinayətə təhrik etməklə günahını yumaq, canını qurtarmaq, cənnətə düşməyi arzulayırmış...

Şərə qalib gəlmiş ana xəstəxanaya tələsir. 2056 dollar... Oğlunun gələcəkdəki qaranlıqdan qurtuluşu üçün lazım olan pulu, axır ki, ödəyir...

Özü isə rəfiqəsi Ketiylə teatra gedir. Onu bu dəfə qələbənin şərqisi çağırır.
Artıq xəbər yayılıb. Polislərə tamaşanın rejissoru xəbər verir. Səlmanı teatrdaca həbs edirlər.

Məhkəmənin qərarı isə... Səlmaya edam hökmü oxunur.
Cəzanın icrası bir həftə sonraya təyin edilir.

Dostları Səlmanın həkimə verdiyi pulla başqa vəkil tutmaq istəsələr də, o, oğlunun gələcəyini düşünür və imtina edir... yəni, özünü fəda edir.

Məhkəmənin qərarı, sözsüz, ədalətdən iraqdır, həqiqətin əleyhinədir. Ümumiyyətlə, səbəblər araşdırılmır, ciddi detallar, faktlar ötürülür, əvəzində aylar əvvəl fabrikdə müdirin“Yəqin, Çexoslovakiyada hər şey yaxşıdır, siz kommunistlər əlinizdə olanı bir/birinizlə paylaşırsınız” atmacasına Səlmanın “Bölüşməyin, paylaşmağın nəyi pisdir ki?” cavabını müzakirə edirlər və elə haman cavaba əsasən, onu radikal solçu elan edirlər.
Üstəlik, məhkəmə qərara gəlir ki, Bill Səlmanın yox, Səlma Billin pulunu oğurlayıbmış...



Bəs nə?! Miqrant Səlma... solçudur, oğrudur... və edam edilməlidir.
Hamı narahatdır, hakim gərgindir... Bircə Səlma rahatdır.

Pərdə çəkilir... Səlma sonuncu rəqsə hazırlaşır...

Elə bu vaxt Ketti oğlunun eynəyini gətirib onun ovcuna qoyur... Yəni, Səlma günahının bədəlini ödəmiş... Yəni, oğlu həmişə görəcək...
Yəni, pərdə bağlana bilər...
Pərdə bağlanır... Səlmanın sonuncu rəqsi başlayır...

Seçilən
28
kulis.az

1Mənbələr