AZ

COP29: Yaşıl iqtisadiyyata keçidlə bağlı müzakirələr KEÇİRİLİR - FOTO

Ölkəmizdə keçirilən COP29 çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkil etdiyi “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli cənub-cənub siyasi dialoqu” tədbiri bu gün növbəti panel sessiyalarla işini davam etdirib.

Bizim.Media xəbər verir ki, sessiyaların açılışında BƏT-in Müəssisələr Departamentinin direktoru, Yaşıl İqtisadiyyat üzrə Fəaliyyət Tərəfdaşlığının İdarə Heyətinin üzvü Rie Vejs-Kjeldgaard, COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov, Braziliyanın ölkəmizdəki səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz çıxış ediblər.

Yaşıl iqtisadiyyata keçid prosesində hamı üçün layiqli yaşıl iş yerlərinin inkişafının və dairəvi iqtisadiyyat yanaşmalarının təşviqi, BƏT-in Təlimatlarının tətbiqi məsələlərinin müzakirə olunduğu bu tədbirin önəmi və fəal, səmərəli təcrübə mübadilələrinə imkan yaratdığı vurğulanıb.

Müxtəlif ölkələrdən, BMT-dən və digər beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilərin iştirak etdiyi panel müzakirələrində kömür mədəni regionlarında, habelə Asiya-Sakit Okean regionunda yaşıl enerjiyə keçid, bǝrpaolunan enerji mǝnbǝlǝrindǝn istifadǝnin təşviqi, yaşıl iş yerlərinin yaradılması, gender bərabərliyinin təmin edilməsi sahələrində mövcud vəziyyət və aparılan siyasətlərdən bəhs olunub, təcrübələr təqdim edilib.
 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov müzakirələrin yekununda çıxış edərək yaşıl iqtisadiyyata əmək bazarında ədalətli keçidə nail olmaq üçün ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin xüsusi önəmini diqqətə çatdırıb. O, layiqli əməyin təminatı sahəsində fəal siyasətə malik Azərbaycanın bu sahədə BƏT-lə davamlı əməkdaşlığını, ötən dövrdə həmin Təşkilatın 59 Konvensiya və 1 Protokolunu ratifikasiya etdiyini bildirib.


Nazir müavini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ötən il imzalanmış Baş Kollektiv Sazişində yaşıl iqtisadiyyata ədalətli keçid üçün vəzifələrin müəyyən edildiyini diqqətə çatdırıb.

A.Kərimov ölkəmizdə əməkhaqqı və digər sosial ödənişlərin artırılması sahəsində atılan mühüm addımları, yeni yaradılan Əməyin Mühafizəsi Mərkəzinin əhəmiyyətini, “Əmək və Məşğulluq” altsisteminin üstünlüklərini qeyd edib. O, həmçinin yaşıl iş yerləri və bacarıqların inkişafı, Ekoloji, Sosial və Korporativ İdarəetmə (ESG) prinsiplərinin tətbiqi istiqamətində görülən işlər, əmək, məşğulluq, sosial müdafiə sahələrində əldə olunan rəqəmsal uğurlar, əmək qanunvericiliyində aparılmış təkmilləşdirmələr barədə məlumat verib.

Yaşıl iqtisadiyyata ədalətli keçidin işçilərin rifahı, iqtisadi artım və ətraf mühitin mühafizəsini birləşdirən modelin qurulmasına xidmət etdiyini vurğulayan nazir müavini bu istiqamətdə əməkdaşlığın daha da genişlənməsinin birgə səylərlə uğurlu nəticələr verəcəyinə əminliyini bildirib.












Bizim.Media

Seçilən
20
4
bizim.media

6Mənbələr