AZ

COP29 və COP30 su gündəliyinin irəliləyişi üçün açar tədbirlərdir - BMT AİK

Bakı, TurkicWorld

Bakıda keçirilən COP29 və Belemdə keçiriləcək COP30 su gündəliyinin irəliləyişi üçün əsas tədbirlərdir.

TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin Avropa İqtisadi Komissiyasının (BMT AİK) icraçı katibinin müavini Dmitriy Maryasin COP29 çərçivəsində "Su Gününün qeyd edilməsi: İqlim, təbiət və insanlar üçün xilasedici halqa" adlı yüksək səviyyəli tədbirdə bildirib.

"Dayanıqlı su təchizatı dayanıqlı gələcəyin əsasını təşkil edir. İqlim dəyişikliyi su ehtiyatlarına getdikcə daha çox təsir edir. Bunu İspaniyada, Saheldə və Amerikada baş verən dağıdıcı daşqınlardan görürük. Su qlobal iqlim müzakirələrinin mərkəzində qalmalıdır və transsərhəd su hövzələrinin rolunun tam tanınması vacibdir.

Bakıda keçirilən COP29 və Belemdə baş tutacaq COP30 bu gündəliyin irəlilədilməsi üçün açar tədbirlərdir. Azərbaycanı suyun iqlim məsələlərindəki əhəmiyyətini önə çıxaran və bunun "İqlim üçün Su üzrə Bakı Bəyannaməsi" və Bakı Dialoqunda əksini tapan təşəbbüsə görə təbrik edirəm", – deyə D.Maryasin qeyd edib.

Onun sözlərinə görə, BMT AİK bu prosesdə Azərbaycan və digər tərəfdaşlarla əməkdaşlıqdan məmnundur.

"Biz bütün ölkələri bu bəyannaməni dəstəkləməyə çağırırıq. Xüsusi diqqət transsərhəd əməkdaşlığa yönəlməlidir, çünki bu, su gündəliyinin mühüm bir hissəsidir. Dünya üzrə şirin su ehtiyatlarının 60 faizi birgə istifadə olunur ki, bu da ölkələrin iqlim dəyişikliklərinə uyğunlaşması və onların təsirlərini azaltması üçün effektiv əməkdaşlıq tələb edir", – deyə D.Maryasin bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
27
2
turkic.world

3Mənbələr