AZ

Azərbaycanın mövqeyi: Türkiyə-İsrail münasibətləri normallaşacaqmı? – ÖZƏL

"Türkiyədə AK Partiya hakimiyyətə gəldikdən sonra İsraillə münasibətlərdə bir qədər sərinlik var. Çünki AK Partiya kifayət qədər mühafizəkar bir qrupu təmsil edir və nəticə etibarilə də İsrailin müsəlman ölkələrində həyata keçirdiyi qırğın siyasəti bu hökuməti qəzəbləndirir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Biz zaman-zaman Türkiyə-İsrail arasında gərginliyin şahidi olmuşuq. Məsələn, Mavi Mərmərə olayları hələ yaddaşlardan silinməyib. Faktiki olaraq elə hallar olub ki, Türkiyə və İsrail müharibə vəziyyətinə qədər gəlib. NATO-nun daxilində demək olar ki, münasibətləri gərgin olan ən böyük dövlətlərdən biridir. Düzdür, Türkiyənin Yunanıstanla da münasibətləri gərgindir, ancaq bu səviyyəyə gəlib çatmır. Bu dərəcədə gərginliklər tez-tez müşahidə edilmir. 
Bu gərginliklər təbii ki, Azərbaycana da müəyyən mənada təsir edir. Qərarvermə mexanizmində Azərbaycan çalışır ki, iki dövlətin də mənafelərinə zidd siyasət həyata keçirməsin. Çünki İsrail bizim yaxın müttəfiqimizdir və Türkiyə bizə qardaş ölkədir. Onların arasındakı münasibətlərin bu şəkildə olması Azərbaycan üçün arzuolunmazdır. Biz, bunu arzulamırıq. Netanyahu hökumətinin Qəzza və Livanda həyata keçirdiyi hərbi əməliyyatlar Türkiyədə böyük narahatlıq yaradıb. Türkiyə faktiki olaraq İsraillə bir çox əlaqələrini kəsib. İsrailin prezidenti İshak Hersoqun Bakıda keçirilən COP29 tədbirində iştirakına Türkiyə yolu bağladı, öz hava məkanından istifadəsinə icazə vermədi. Nəticədə İsrail prezidenti Azərbaycana gəlmədi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fikriylə razıyam ki, İsrail prezidenti daha uzaq olsa belə, alternativ marşrutdan istifadə edərək Azərbaycana gələ bilərdi. Ancaq bu səfər gerçəkləşmədi. Düşünürəm ki, İsrail və Türkiyə arasındakı münasibətlər yenidən düzələcək, yoluna girəcək. Sadəcə olaraq münasibətlərin bu şəkildə qalmasının səbəbi müharibələrdir. Bu müharibələri həyata keçirən əsas qüvvə İsraildəki radikal sağ dindar Binyamin Netanyahu və onun siyasi müttəfiqlərdir. Əgər Netanyahu hakimiyyətdən gedərsə, düşünürəm ki, Türkiyə və İsrail arasındakı münasibətlərdəki gərginləşmə aradan qalxacaq. Bakının da arzuladığı məhz budur. Yaxın müttəfiq və qardaş ölkənin münasibətlərinin gərgin olması təbii ki, bizə heç cür sərf etmir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr