AZ

III Dünya müharibəsinin astanasında...

Bayden əlindəki son fürsətdən istifadə edir

NATO çətin vəziyyətdə

Hakimiyyətinin son günlərini yaşayan Bayden administrasiyası həm ölkəsinin imicinə, həm müttəfiqlərinə, həm də bütövlükdə bəşəriyyətə qarşı təhlükəli mövqe almaqdadır. Ekspertlərin də vurğuladıqları kimi, ötən 4 ildə qlobal qarşıdurmaya nail ola bilməyən ABŞ-ın hazırki administrasiyasının verdiyi qərarlar qarşıdakı 2 ay ərzində vəziyyətin idarəolunmaz hala gətirilməsinə hədəflənib. Bir neçə gün öncə Co Baydenin Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli raketlərdən istifadə etməklə zərbə endirməsinə icazə verməsi münaqişəni daha fərqli müstəvilərə daşıyır. Xatırladaq ki, bu hücumlarda istifadə edilən ATACMS raketlərinin uçuş məsafəsi 190 mil və ya 305 km-dir. Rusiya tərəfi isə Ukraynanın ABŞ-ın verdiyi uzaqmənzilli raketlərlə Bryansk vilayətinə zərbələr endirdiyini bildirib.

Ukrayna hücum edir, Bayden silah tədarükünü artırır...

Ukrayna-Rusiya cəbhəsində isə gərginlik get-gedə artmaqdadır. Son xəbərlərə görə, Ukrayna orsdusu Kursk vilayətində tarixi knyaz Baryatinski malikanəsinə zərbələr endirib. Bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb. Məlumata görə, malikanəyə HİMARS vasitəsilə 11 raket və aviabomba atılıb. Zərbələr nəticəsində xəsarət alan olmayıb. Yalnız 5 minik avtomobili yararsız vəziyyətə düşüb. Malikanənin binaları ziyan görməyib.

Bu arada ABŞ Ukraynaya 275 milyon dollar dəyərində yeni hərbi yardım paketi təqdim edib. Qərb mediası xəbər verir ki, Ukrayna bu hərbi yardım paketi vasitəsilə Yüksək Hərəkətli Artilleriya Raket Sistemləri (HIMARS), 155 mm və 105 mm çaplı artilleriya silahları üçün sursatlar,  60 mm və 81 mm kalibrli minaatan mərmilər, Pilotsuz Təyyarə Sistemləri (PUA), optik istiqamətləndirici və naqillə idarə olunan TOW raketləri, Cirit və AT-4 tank əleyhinə sistemlər, atıcı silahlar və döyüş sursatları, partlayıcı maddələr, Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) Müdafiə Avadanlığı, ehtiyat hissələri, xidmətlər və təlim üçün avadanlıqlar və nəqliyyat əldə edəcək. Beləliklə. ABŞ Ukrayna-Rusiya müharibəsinin təxminən son fazası üzərindən yeni dünya müharibəsi başlatmaq niyyətindədir. Çünki döyüşlərin indiki mərhələsində artıq ABŞ deyil, Avropa məkanı təhlükə altına düşməkdədir.

Rusiyanın cavabı gecikmədi...

Zelinskinin “qələbə planı” adlandırdığı “strateji xətt” artıq Avropanı çətin vəziyyətə salıb. ABŞ-ın ardından bir sıra Avropa dövlətlərinin də Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirilməsi ilə bağlı yaşıl işıq yandırması Kreml tərəfindən cavabsız buraxılmayacağı güman edilirdi. Rəsmi Moskvanın baş verənlərə cavabı gecikməyib - Rusiya Prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasının - “Nüvə silahının tətbiqinin qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarının təsdiq edilməsi haqqında” fərman imzalayıb. Kreml bəyan edib ki, Avropanın mövqeyi NATO ölkələrinin müharibədə birbaşa iştirak etməsi anlamına gələcək, Rusiya adekvat reaksiya verəcək. Rusiya Federasiyası Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov isə bunu üçüncü dünya müharibəsinə səbəb olacaq addım kimi qiymətləndirib.

Yeni nüvə doktrinasının qəbulu isə bir çox mətləblərdən xəbər verir. Sənəddə bildirilir ki, potensial düşmənin Rusiya və ya müttəfiqlərinə qarşı təcavüzündən qorunmanın təmin edilməsi ölkənin ən yüksək dövlət prioritetlərindən biridir. Başqa sözlə, Moskva hər hansı bir təhlükə hiss etdiyi zaman özünümüdafiə instinktini işə salmağa hazırdır.

Səfirliklər bağlanır, tərəflər raket tədarükü ilə məşğuldur

“Raket müharibəsi” ərəfəsində isə bir çox dövlətlər özlərinin Ukraynadakı diplomatik korpuslarını bağlayır. ABŞ-ın Kiyevdəki səfirliyi noyabrın 20-də potensial ciddi hava hücumu ilə bağlı konkret məlumat alıb. ABŞ-ın Kiyevdəki səfirliyi məlumat yayıb. “Ehtiyat tədbiri olaraq, səfirlik bağlanacaq və əməkdaşlara yerində sığınacaq tapşırılacaq.

Səfirlik ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal sığınmağa hazır olmağı tövsiyə edib. ABŞ-dan sonra İspaniya ilə Yunanıstanın da Kiyevdəki səfirlikləri təhlükəsizlik təhdidlərini nəzərə alaraq, fəaliyyətlərini dayandırdıqlarını bəyan ediblər.

Azərbaycanın Ukraynadakı səfirliyi də bu ölkədə yaşayan vətəndaşlarımıza çağırış edib. Bir neçə gün öncə səfirlik bununla bağlı müraciət yayıb. Müraciətdə bildirilir ki, təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq 21-22 noyabr tarixlərində konsulluq qəbulu aparılmayacaq. “Səfirlik Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi və yerli dövlət orqanlarının bütün tövsiyələrinə əməl olunması, hava həyəcanı siqnalına riayət olunmaqla sığınacaqlara keçmələrini bir daha xahiş edir”.

Vəziyyətin gərginliyi isə bütün detalları ilə ortadadır. Ukraynanın Qərb raketləri ilə hücuma başladığı andan etibarən Rusiya Ukraynaya kütləvi hücumlar təşkil etmək üçün raket ehtiyatı toplayıb. Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko belə deyib. O bildirib ki, söhbət müxtəlif növ ballistik və qanadlı raketlərdən gedir. “Ruslar bir neçə aydır ki, Ukraynaya kütləvi hücumlar üçün raket ehtiyatı toplayırlar. Buraya istehsalına davam etdikləri “Kh-101”, həmçinin müxtəlif ölçülü kalibrlər, hipersəs və kruiz raketləri daxildir. Rusiya aerodromlarındakı aviasiya və dənizdəki gəmilər hücuma hazırdır”, - deyə o qeyd edib.

İraqda və Yuqoslaviyada istifadə edilən strateji silahlar...

Rusiyalı hərbi ekspertlər ATACMS raket sistemlərinin yüksək dəqiqlikli strateji silahlara aid olduğunu bildirir. Onların fikrincə, bu raketlərin hərbi hədəflərə və milli iqtisadi obyektlərə qarşı istifadəsi həyatı iflic edə bilər. Yanğın, partlayış, kimyəvi, radiasiya və digər potensial təhlükəli obyektlərin məhv edilməsi isə planet miqyasında ekoloji fəlakətlərə gətirib çıxaracaq. Bu səbəbdən Rusiya üçün yüksək dəqiqlikli strateji silahların tətbiqi, hətta onun sərəncamında olan bütün növ silahlardan cavab istifadəsi istisna olunmur. Ekspertlər Baydenin qərarının nüvə müharibəsi təhlükəsi yaratdığından əmindirlər: “Strateji dəqiqlikli silahlardan İraqdakı ABŞ Ordusu və Yuqoslaviyadakı NATO Ordusu cavab verə bilməyən düşmənə qarşı istifadə edib. Seçkidə uduzan Bayden isə ən azı informasiya müharibəsində Ağ Evi qalib kimi tərk etməyə çalışır. Amma o, məsuliyyətsiz qərarlar və açıqlamalar verir”.

Bayden Ottava konvensiyasını pozur - Ukrayna mina tədarük edəcək

Bu arada ABŞ prezidenti Co Bayden Ukraynaya piyada əleyhinə minaların tədarükünə razılıq verib. Bununla bağlı, “The Washington Post”a adı açıqlanmayan iki ABŞ rəsmisi məlumat verib. Rəsmilərdən biri minalardan istifadənin yalnız  Ukrayna ərazisi ilə məhdudlaşacağını bildirib. Onlar Baydenin qərarını rus qoşunlarının irəliləməsi və Ukraynanın müdafiəsini gücləndirməsi zərurəti ilə əlaqələndiriblər.

Amma Baydenin bu qərarı beynəlxalq konvensiyalara ziddir - BMT-nin Ottava Konvensiyasına əsasən, piyada əleyhinə minaların istifadəsi və ya ehtiyatının yığılması qadağandır. Piyada əleyhinə minalardan istənilən istifadə konvensiya ilə yolverilməz sayılır. Ukrayna bu sazişi 1999-cu ildə imzalayıb və 2005-ci ildə ratifikasiya edib. Konvensiyaya görə, onu təsdiq edən ölkə, iştirak etdiyi silahlı münaqişə bitənə qədər müqavilədən çıxa bilməz. Buna baxmayaraq, hüquq müdafiəçiləri qeyd ediblər ki, Kiyev hələ də bu tip silahlardan, o cümlədən PFM (“ləçəklər”) piyada əleyhinə minalardan istifadə edir. Ukrayna bu faktı təkzib etsə də, BMT Kiyevin konvensiyanı pozduğunu bəyan edib.

Qeyd edək ki, müqavilə dünyanın əksər ölkələri tərəfindən imzalanıb, lakin Rusiya və ABŞ konvensiyanın tərəfləri deyil. ABŞ rəsmiləri 2014-cü ildə prezident Barak Obamanın dövründə müqavilənin şərtlərini böyük ölçüdə qəbul edərək, piyada əleyhinə minaların alınmasını dayandırıb və onların Koreya yarımadasından kənarda istifadəsini qadağan edib. Rusiya isə Ukraynanı Donbassdakı mülki hədəfləri minalamaq üçün Lepestok minalarından istifadə etməkdə ittiham edib. Moskva bu barədə BMT-yə materiallar göndərib.

Həyəcan artır...

Dünən səhər saatlarında isə Ukraynada MiQ-31K uçuşu ilə əlaqədar hava hücumu xəbərdarlığı elan edilib. Daha sonra şərqdən Dneprə doğru hərəkət edən yüksək sürətli hədəf haqqında məlumat verilib. Bundan əlavə, Rusiya hərbçiləri Tu-95 strateji bombardmançı təyyarəsini havaya qaldırıb. Səhər saat 5:47-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Engels ərazisindən X-101 raketlərinin buraxılması barədə məlumat yayıb.

Kiyev, Odessa, Dnepropetrovsk və Donetsk vilayətlərində “Ukrainenerqo” istiqamətində fövqəladə vəziyyətə uyğun olaraq elektrik enerjisi kəsilib. Çernivtsi, Poltava və Dnepropetrovsk vilayətlərində də fövqəladə hal kimi enerji verilişi dayandırılıb. Dnepropetrovsk vilayətinin dövlət administrasiyasının məlumatına görə, Dneprdə baş verən hücum nəticəsində sənaye müəssisəsinə ziyan dəyib. Həmçinin şəhərdə iki yanğın baş verib.

Yayılan məlumatlara görə, NATO ölkələri vəziyyətin daha da gərginləşəcəyindən narahatdır. Polşa Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları və NATO təyyarələri Rusiyanın raket hücumuna cavab olaraq havaya qaldırılıb. Bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin operativ komandanlığı məlumat yayıb. Döyüş təyyarələri səmaya qaldırılıb, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri maksimum hazır vəziyyətə gətirilib.

Hər kəs III dünya müharibəsindən danışır...

Vurğulandığı kimi, Bayden administrasiyası özünün qarşıdakı iki aylıq hakimiyyəti dövründə III dünya müharibəsinin potensial startını verməkdədir. Bununla bağlı, dəfələrlə SOS siqnalları səslənsə də, özünümüdafiə sistemləri gücləndirilsə də, indiki kimi gərgin vəziyyət yaranmamışdı - göründüyü kimi, Bayden hakimiyyəti artıq tarana gedir.

Dünya isə narahatdır. Yeni dünya müharibəsinin strateji əsasları bütün dövlətlər üçün təhlükə yaradır. ABŞ xüsusilə özünün müttəfiqlərini çətin vəziyyətə salır. Okeanın digər tayından “hücum razılığı” ilə yeni müharibəyə start verənlər hadisələrin baş verdiyi coğrafiyadakı dövlətləri və xalqları hədəf halına gətirir. Bu, hazırki ABŞ administrasiyasının demək olar ki, ikinci planıdır - Avropadakı müharibəni NATO ölkələri aparacağı halda ən qısa zamanda Uzaq Şərqdə də gərginlik pik həddə çata bilər. Amma Bayden unudur ki, onun tələm-tələsik müharibə planı ilk növbədə təmsil etdiyi ölkə üçün təhlükə formalaşdırır...

Türkiyədən növbəti sülh çağırışı...

Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 liderlərinin sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Türkiyə mətbuatının yazdığına görə, Ərdoğan Baydenin Kiyevə hücum əmri verməsini, raket icazəsinə yaşıl işıq yandırmasını doğru qərar saymayıb. Prezident Ərdoğan bildirib ki, Türkiyə bu qərarı doğru hesab etmədiyi kimi, həm də dəstəkləmir: “Müharibənin başlandığı andan qarşıdurmanın çox silahlandırma, çox qan və göz yaşı ilə deyil, əksinə, çox sülh səyləri, xoş niyyət və diplomatik səylə bitirmək imkanlarına inanırıq. Müharibəni alovlandırmaq, onun davam etməsini və hətta yayılmasını təşviq etmək istiqamətində addımı isə Co Bayden atıb. Baydenin bu addımı qarşıdurmanı daha da qızışdırmaqla yanaşı, Rusiyanın daha böyük bir reaksiya verməsinə səbəb olacaq. Prezident Putin də ölkəsinin ballistik raket hücumlarına məruz qalması halında nüvə silahı ilə cavab verilməsinə imkan tanıyan doktrinanı təsdiqləyib. Bütün bunlar bölgəni və dünyanı yeni və böyük bir müharibənin astanasına gətirə bilər”.

Ukrayna və Rusiyanı təhriklərə uymadan sakitliyini qoruyaraq sülhə yönəlmələrini gözlədiyini bildirən Prezident Ərdoğan bu böyük səhvin yaratdığı mühitdə ediləcək ən kiçik yanlışlığın, təhriklərə uymaların barıt çəlləyinə alov atmaqdan fərqsiz olacağını diqqətə çatdırıb. O, hər kəsə diqqətli davranmağı tövsiyə edib.

Ərdoğan Tramp haqqında danışdı: Müharibələri dayandırmaq strategiyası...

Prezident Ərdoğan yeni seçilmiş ABŞ prezidenti Donald Trampın müharibələri bitirmək strategiyasına da münasibət bildirib. O qeyd edib ki, bu haqda danışmaq hələ tezdir: “Çox diqqətli və həssas olmalıyıq. Prezident seçilən Donald Tramp hər nə qədər müharibələri dayandıracağını desə də, yeni dövrlə bağlı indidən şərh vermək hələ tezdir. Tramp dövründə Amerika Birləşmiş Ştatlarının Orta Şərqə olan yanaşmasının necə olacağını yeni prezident vəzifəyə başladıqda görəcəyik. Biz yeni dövrdə də Türkiyə-ABŞ əlaqələrini ölkəmizin maraqları çərçivəsində inkişaf etdirmək üçün səylər göstərəcəyik”.

Ərdoğan bildirib ki, Türkiyə Trampın kabinetində kimlərin yer aldığını və yanaşma tərzlərini analiz edir və hazırlıqları buna uyğun şəkildə aparır. “Bizim üçün insanların hakimiyyətə gəlmədən əvvəl nələr dediyi və düşündüyü əhəmiyyətlidir. Ancaq əsas məsələ hakimiyyət məsuliyyətini üzərlərinə götürdükdən sonra etdikləridir. Konkret addımlara görə hərəkət edir, bütün ehtimallara görə tədbirlərimizi görürük. Biz Trampın müharibələri dayandırma söyləminə inanmaq istəyir və bu yöndə addımlar atmasını gözləyirik. Müharibələri dayandırma yanaşması ilə hərəkət edən ABŞ bölgəmizdəki münaqişələrin sülh yolu ilə həlli üçün yeni bir mühit yarada bilər. Bu da bizim ən təbii haqqımızdır. Ümid edirik ki, müsbət gözləntilərimiz istiqamətində inkişaflara şahid olacaq və problemlərimizi bir-bir ortadan qaldıracağıq”, - deyə Ərdoğan vurğulayıb.

P.İSMAYILOV

Seçilən
19
yeniazerbaycan.com

1Mənbələr