AZ

COP-un Su Strategiyası

Bakı Bəyannaməsi dünya ölkələrini dayanıqlı su ehtiyatlarının yaradılmasında fəaliyyətini birləşdirəcək

COP29-da müzakirə olunan başlıca məsələlərdən biri də su və iqlimə uyğunlaşma mövzuları olub. Qlobal iqlim ailəsinin gündəmində ən prinsipial qərarlar da məhz planetin gələcək su təminatı ilə bağlı təşəbbüslərə söykənir.

BMT-nin Qlobal Müqaviləsinin baş direktorunun su mandatı üzrə rəhbəri Ceyson Morrison bildirib ki, qlobal iqlim dəyişikliyinin ən çox təsir etdiyi sahələrdən biri su ehtiyatları ilə bağlıdır. Hazırda dünya ölkələri üçün su və iqlim dəyişikliyi anlayışı eyni qlobal mahiyyət daşıyır və hər bir ölkəni mövcud su resurslarını qoruyub saxlamaq, habelə dayanqılı su ehtiyatları yaratmaq üçün təcili və təxirəsalınmaz addımlar atmağa məcbur edir. Bu baxımdan COP29 çərçivəsində qəbul edilən  Su ehtiyatlarının idarə olunmasına dair Bakı Bəyannaməsi gələcək üçün mühüm zəmin və inkişaf ruhu yaradacaq.

Qlobal su çatışmazlığına qarşı birgə fəaliyyət planı

BMT-nin Su və İqlim Dəyişikliyi üzrə ekspert qrupunun nümayəndəsi Nikolas Frankenin sözlərinə görə, su qıtlığı və təhlükələri ilə bağlı konkret hədəflərə nail olmaq üçün COP ailəsinin hər bir üzvü bu qlobal problemə uyğunlaşmalı və vahid plan qəbul etməlidir. İqlim dəyişikliklərinin su resurslarına təsirlərini azaldılmaq üçün çıxış yolları tükənməyib, sadəcə Paris Sazişi çərçivəsində müəyyən edilən təşəbbüslərə çatmaq üçün inteqrasiyasının zəruriliyini dərk etmək lazımdır. Bu cəhətdən Bakı Bəyannaməsi ölkələri beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsində daha sıx əməkdaşlığa təşviqə edə bilər. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn meyarlara uyğun strateji proqrmalar hazırlamaq məsuliyyətin ortaya qoyur. Həmin öhdəliklərə əsasən, COP ölkələri 2028-2030-cu illərdə iqlim dəyişikliyinə qarşı mübarizə strategiyalarını hazırlamalıdır.

Sənəd həm də dünya ölkələrini su ehtiyatlarının idarə olunmasında qabaqcıl meyarları tətbiq eməkdə təcrübələri bölüşməyə imkan yaradır. Belə ki, qlobal su alyansı hidroekoloji böhranların innovativ texnologiyalar əsasında effektiv idarə olunması, alternativ su mənbələrindən istifadəni genişləndirməklə dayanıqlı və keyfiyyətli suya tələbatın ödənilməsi sahəsində öz startegiya və praktiki imkanlarını təqdim edə biləcək.

Bəyannamə Azərbaycanın su strategiyasına tam uyğundur

Azərbaycan qeyd edilən prinsipləri nəzərə alaraq öz dövlət konsepsiyasını müəyyənləşdirib. Dövlət başçısının bir neçə ay əvvəl imzaladığı müvafiq sərəncama əsasən, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”sənədi təsdiq edilib. Strategiya su ehtiyatlarının artırılması, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılması, bu sahədə idarəetmənin müasirləşdirilməsi və  habelə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

Bu baxımdan Bakı Bəyannaməsinin hədəf prinsipləri Azərbaycan üçün olduqca əlverişlidir və regiondakı su resurslarına çıxış üçün fürsət yarada bilər. Belə ki, Azərbaycan su ehtiyatlarının həcminə və çıxış imkanlarına görə, Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə ən aşağı yerdə dayanır. Bu regiondakı su ehtiyatının təxminən 15 faizinə ölkəmizin çıxışı var. Azərbaycanda ümumilikdə 8359 çay vardır. Bunların əksəriyyəti kiçik (uzunluğu 5 km-dən az) və azsuludur. Azərbaycan ərazisinin təxminən 75 faizi Kür çayı hövzəsinə daxildir. Çay suları ehtiyatlarının təxminən 70 faizi qonşu ölkələrin ərazisində, qalanı isə (yerli axım) daxili çaylardan formalaşır.

Araz və Kür çaylarının böyük bir hissəsi digər ölkələrin istehlakına yönəldiyindən çox az qismi Azərbaycana çatır. Eləcə də, digər regional çayların (Samur) da axınları zəifdir. Buna görə də, ölkəmiz adambaşına düşən su ehtiyatının həcminə görə, qonşu ölkələrlə müqayisədə xeyli geri qalır.

Ümumilikdə, ölkəmizdə bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetr təşkil edir. Bunun 8,4 milyard kubmetri yeraltı sulardan, 4,6 milyard kubmetri yerli çay axınlarından və 13,2 milyard kubmetri transsərhəd yerüstü sulardan formalaşır. Bərpa olunan şirin su ehtiyatının 17,8 milyard kubmetri yerüstü şirin su ehtiyatlarından ibarətdir.

Alternativ su mənbələrinin tapılması yolları

Ölkəmizdə su anbarlarının sayı isə təxminən 140 ədəddir. Onların ən böyükləri Kür çayı üzərindəki Mingəçevir, Şəmkir, Araz çayı üzərindəki Xudafərin və Araz, eləcə də Tərtər çayı üzərindəki Sərsəng  su anbarlarıdır. Su anbarlarının ümumi həcmi isə 24 milyard kubmetrə yaxındır. Su təchizatında rol oynayan göllərin sayı isə 700-ə yaxındır ki, onların təxminən 70 faizi yayda quruyur. Sahəsi 1 kvadratkilometrdən çox olan və böyük təsərrüfat əhəmiyyətli göllərin sayı cəmi 25-dir. Göllərin ümumi su ehtiyatı 0,9 milyard kubmetrə, şirinsulu göllərin ehtiyatı isə 0,03-0,05 milyard kubmetrə yaxındır.

Doğrudur, azad edilmiş ərazilərdəki mənbələrin  ümumi su ehtiyatlarına reinteqrasiyası su təminatının yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Qarabağ və Şərqi Zəngəzurun su ehtiyatlarının proqnozlaşdırılan həcmi təxminən 2,2 milyard kubmetrdir. Onların sırasında Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşməklə həmin iqtisadi rayonlarla yanaşı, ətraf bölgələrin də təminatı üçün zəngin resurs hesab edilir. 570 milyon kubmetrə qədər ehtiyatı olan bu su anbarı 100 min hektardan çox ərazinin suvarılmasına imkan verir. Ancaq bütün bu mənbələr dayanıqlı təminat üçün yetərli deyil. Ona görə də qarşıdakı onillikdə su resursları mənbələrinin dayanıqlığını təmin etmək üçün dünyadakı müxtəlif modelləri tətbiq etməyə ehtiyac var.

Ümumilikdə, Bakı Bəyannaməsinin mühüm üstünlüklərindən biri qlobal miqyasda kəskin xarakter alan su çatışmazlığının fəsadlarına qarşı əhatəli və kompleks tədbirlərin hazırlanması, alternativ su mənbələrinin emal yolu ilə içməli suya olan tələbatın ödənilməsi imkanlarının səfərbər olunması və  qarşıdakı onilliklər ərzində dayanıqlı su ehtiyatları fondunun yaradılmasının təmin edilməsidir.

ELBRUS

Seçilən
24
yeniazerbaycan.com

1Mənbələr