AZ

Nazirlər Kabineti Yeniavaz.com-un 15 gün əvvəl gündəmə gətirdiyi qərarı dəyişdirdi


Nazirlər Kabineti “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında 28 iyul 2020-ci il tarixli qərarında dəyişiklik edib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra həmin Meyarlar “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” adlanacaq.
Qeyd edək ki, Meyarlara edilən dəyişikliklərdən biri də Nazirlər Kabinetinin “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər kabinetinin 28 iyul 2020-ci il tarixli Qərarının 2.1.8-ci bəndinin ləğv olunması ilə bağlıdır.
Qərarın ləğv olunan bəndində göstərilirdi ki, beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu belə hüquqi şəxslər riskli vergi ödəyicisi hesab olunurlar.
Məlumat üçün bildirək ki, 7 noyabr 2024-cü il tarixində Yeniavaz.com-da “Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir? – Təfərrüat” başlıqlı yazı dərc olunub. Həmin yazıda qeyd olunurdu ki, bu il “Bakı şəhəri, Xətai rayonu, Xocalı ev 55” ünvanında qeydiyyata alınan 18 şirkətin 3 nəfər və ya hər 6 şirkətin 1 nəfər qanuni təmsilçisi olub. Nəticədə, bu şirkətlər Nazirlər Kabinetinin Qərarına görə riskli vergi ödəyicisi hesab olunurdu.
Yazının yayımlanmasından təxminən 15 gün sonra Nazirlər Kabineti haqqında bəhs olunan Qərara dəyişiklik edib və bundan sonra beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu belə hüquqi şəxslər riskli vergi ödəyicisi hesab olunmayacaqlar.

Elnur Əli
Seçilən
7
1
yeniavaz.com

2Mənbələr