AZ

Ukraynaya 800 min NATO əsgəri yerləşdirilə BİLƏR – İDDİA

Almaniya Rusiya ilə mümkün münaqişə ssenarilərinə qarşı hazırlıqlarını sürətləndirir.

Yenicag.az xəbər verir ki, nüfuzlu “The New York Post” nəşrinin məlumatına görə, Berlin “Deutschland əməliyyatı” adı ilə 1000 səhifəlik müharibə planı hazırlayıb. Qeyd olunur ki, bu sənəd, NATO-nun mümkün irimiqyaslı hərbi hərəkətlərinə dair strateji tədbirləri əhatə edir.

Əməliyyat planına əsasən, Ukraynaya 800 min NATO əsgərinin yerləşdirilməsi üçün detallı hazırlıq işləri görülür. Bu plan çərçivəsində Almaniya ərazisindən 200 min hərbi texnikanın təhlükəsiz və operativ şəkildə keçidi təmin ediləcək. Bundan əlavə, mühüm dövlət infrastrukturlarının qorunması və mülki əhalinin fövqəladə vəziyyətlərdə davranış qaydalarını müəyyən edən təlimatlar hazırlanıb.

Münaqişə ehtimalına qarşı Almaniya vətəndaşlarına alternativ enerji mənbələri – xüsusən də dizel generatorları və külək turbinaları qurmaq tövsiyə olunur. Bununla yanaşı, mülki əhalinin təhlükəsizliyini artırmaq üçün geniş maarifləndirici kampaniyalar həyata keçirilir.

Qəzet yazır ki, Almaniyanın bu addımları, Rusiya ilə Qərb arasında münasibətlərin daha da gərginləşməsi fonunda atılır. ABŞ-nin Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün daha uzun mənzilli raketlər verməsi və Moskvanın nüvə siyasətini yenidən nəzərdən keçirməsi beynəlxalq arenada təhlükəsizlik məsələlərini gündəmə gətirir.

Bu vəziyyət, həmçinin Avropa ölkələrinin müdafiə strategiyalarında yeni yanaşmalara yol açıb. İsveç, Norveç və digər Avropa dövlətləri də oxşar hərbi və mülki hazırlıqlar həyata keçirir. Şimali Koreyanın Rusiyaya dəstək üçün əsgər göndərməsi ilə bağlı yayılan xəbərlər isə vəziyyəti daha mürəkkəbləşdirir.

Ekspertlər hesab edir ki, Almaniyanın bu addımları, Avropanın təhlükəsizliyinə olan təhdidlərin artmasına cavab olaraq görülür. NATO-nun bölgədə mövqelərini gücləndirməsi, həmçinin münaqişənin miqyasının böyüməsi ehtimalına qarşı qabaqlayıcı tədbirlər kimi qiymətləndirilir.

Almaniya rəhbərliyi və Avropa Birliyi bu tədbirlərin yalnız müdafiə xarakteri daşıdığını və münaqişənin deeskalasiyası üçün bütün diplomatik vasitələrin istifadə edilməsinin vacibliyini vurğulayıb.

Tərcümə: Rafi Müslümov

Seçilən
32
7
yenicag.az

10Mənbələr