AZ

“Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - DEPUTAT

Ceyhun Məmmədov: “Tramp Azərbaycan-Ermənistan sülh sazişi məsələsində daha rasional siyasət həyata keçirəcək”

Ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığı aparıb. Ermənistan Nazirlər Kabinetindən bildirilib ki, söhbət zamanı Paşinyan Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib və Ermənistan-ABŞ münasibətlərinin hazırkı durumu və son illərdə baş verən proseslərlə bağlı təfərrüatları bölüşüb. Məlumata görə, söhbət zamanı həmçinin regional gündəmdə olan məsələlərə də toxunulub.

ABŞ-da Trampın hakimiyyətə gəlməsindən sonra Vaşinqtonun İrəvana əvvəlki dəstəyi verməyəcəyi barədə proqnozlar var. Beynəlxalq müşahidəçilər hesab edirlər ki, hakimiyyətə gələn Respublikaçılar Partiyasının gəlişi ilə Ermənistanla bağlı ABŞ siyasətində də dəyişikliklə müşahidə ediləcək. Məlumdur ki, Demokratlar Partiyasında ermənipərəstlərin sayı daha çoxdur və onların hakimiyyəti zamanı İrəvana münasibət dəstək xarakteri daşıyır. Belə bir məqamda Ermənistan Baş nazirinin yeni Prezident Donald Trampa zəngi bir çox mətləblərdən xəbər verir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov AYNA-ya müsahibəsində bildirib ki, telefon danışığı istəyinin Ermənistan Baş nazirinin olduğu aydındır:

- Bu məsələni şərh edərkən əvvəlki dövrə baxmalıyıq. Bayden adminstrasiyası dövründə Ermənistanla ABŞ arasında çox sıx əməkdaşlıq var idi. Təəssüf ki, Bayden adminstrasiyası da Ermənistanın mövqeyini tam dəstəkləyən siyasət sərgilədi. Biz bunu yarımçıq sülh sazişi iləı bağlı yanaşmalarda, regionumuzda baş verən proseslərdə açıq-aydın görürdük. Amma Trampın hakimiyyətə gəlməsi İrəvanda müəyyən narahatlıqlar yaradır. Ermənistan rəhbərliyi düşünür ki, artıq Vaşinqtondan əvvəlki dəstəyi görə bilməyəcəklər. Çünki Trampın siyasətində daha çox daxili məsələlərə diqqətlərin yönəldilməsi prioritet götürülüb. 44 günlük müharibədə ABŞ-ın bölgəmizə çox sıx müdaxiləsini görmədik. Azərbaycan ərazilərini işğaldan azad etməklə ərazi bütövlüyünü bərba etdi ki, həmin vaxt Vaşinqtonun müharibəyə ciddi müdaxiləsinin şahidi olmadıq. Nəzərə almaq lazımdır ki, həmin vaxt da ABŞ Prezidenti postunda Tramp əyləşmişdi. Təbii ki, Ermənistanı bu nüans narahat edir. Bu kontekstdə Paşinyanın tez-tələsik Trampa zəng etməsi qeyri-adi qarşılanmamalıdır.

- İrəvanın başqa məqsədləri də olmamış deyil...

- Əlbəttə, Ermənistan təminat axtarışındadır. Paşinyan hakimiyyəti, eyni zamanda, erməni diasporu, lobbi təşkilatları Trampla sıx əməkdaşlıq üçün müxtəlif yollara baş vururlar. Burada iki məqamı qeyd etmək lazımdır: seçki ərəfəsində Trampın verdiyi açıqlamalar, Trampın Livandakı erməni kilsəsinin rəhbərinə zəng etməsi. Trampın seçki kampaniyası zamanı haqsız olaraq “Qarabağdakı ermənilərin etnik təmizləməsi” işlətdi. Bu, məncə, seçkilərdə Amerikadakı erməni icmasının səslərinin qazanılması üçün verilən bəyanatdır. Amma əlbəttə, görünən odur ki, ermənilər həm də Trampın seçki komandası ilə sıx əlaqələr qurmağı bacarmışdılar. İkincisi, erməni kilsəsinin rəhbərinə Trampın zəng etməsi, yenidən “etnik təmizləmə” iddiasını ortaya atması faktı var. Amma dediyim kimi, bu, seçki kampaniyasına hesablanmış açıqlamalar idi. Amerikada bilirlər ki, dünyadakı ermənilərə kilsənin təsirləri var.

İndi Ermənistan hakimiyyəti gələcək hədəfləri və məqsədləri müəyyənləşdirrmək üçün bir sıra addımlar atır. Paşinyan aydınlaşdırmaq istəyir ki, növbəti dövrdə Tramp adminstrasiyasının Cənubi Qafqazla bağlı baxışları nədən ibarətdir, Vaşinqtonhansı addımları atacaq. Bu, Ermənistan üçün önəmlidir. İkincisi, Paşinyan Trampa yanlış məlumatlar vermək, yeni adminstrasiyanı yanlış məlumatlarla istiqamətləndirmək niyyəti güdür. Bununla da Azərbaycanı hədəfə gətirmək istəyindədir. Biz ilk dəfə deyil ki, Ermənistanın xarici siyasətində bunun şahidi oluruq. Demək olar ki, Ermənistanın xarici siyasətində heç bir dəyişiklik yoxdur. Rəsmi İrəvan davamlı şəkildə Bakını hədəfə gətirməyə, Bakıya qarşı ittihamların səsləndirilməsinə nail olmaq siyasətini həyata keçirməkdədir. Hesab edirəm ki, Paşinyanın Trampa zənginin arxasında dayanan bir çox məqsədlərdən biri də məhz budur.

- Sizcə, Paşinyan bu məqsədlərinə nail ola bildimi və olacaqmı? Yəni Amerikanın mövqeyi maraqlıdır....

- Düşünürəm ki, Trampın əvvəlki hakimiyyəti dövründəki yanaşmalarını nəzərə almalıyıq. Tramp bundan əvvəl ABŞ Prezidenti olarkən həyata keçirdiyi siyasətə və bu seçki kampaniyası dövründə verdiyi bəyanatlara diqqət yetirmək lazımdır. 2016-2020-ci illərdə Tramp ABŞ Prezidenti olarkən Cənubi Qafqazla bağlı, xüsusilə də İkinci Qarabağ münaqişəsi zamanı Vaşinqtonun siyasəti haqqında mən əvvəldə qeyd etdim. Həmin vaxt ABŞ bu məsələyə dərindən müdaxilə etmədi. Məncə, həmin siyasət davam edəcək, sadəcə yeni şərtlər əsasında. İkincisi, Tramp seçki kampaniyası zamanı açıq şəkildə və dəfələrlə bildirdi ki, onun siyasətinin əsas istiqaməti Amerikanın daxili problemlərinin həllinə yönələcək. Xarici siyasətlə bağlı isə Trampın əsas yanaşması odur ki, dünyadakı müharibələrə son qoyulsun, sülhə doğru addımlar atılsın. Əlbəttə, Cənubi Qafqazda sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklərin şahidi olacağıq. Tramp dünyada sülhün bərqərar olunması siyasəti həyata keçiriləcəyini bəyan edib və güman ki, Cənubi Qafqazda da sülhün əldə olunması üçün yeni adminstrasiya çalışacaq. Düzdür, bayden adminstrasiyası da sülhə çağırış edirdi, amma Ermənistanın maraqlarına uyğun sülhün əldə edilməsinə çalışırdı. Tramp adminstrasiyasının isə siyasətinin fərqli olacağını gözləyirik. Bu isə Ermənistanın istəklərinə nail ola bilməyəcəyi proqnozlarını artırır. Hesab edirəm ki, Tramp Azərbaycan-Ermənistan sülh sazişi məsələsində daha rasional siyasət həyata keçirəcək. Hər halda, Vaşinqtonun balanslı siyasətinin şahidi ola bilərik. Hər halda Bayden adminstrasiyasının Azərbaycan əleyhinə siyasətinin Tramp adminstrasiyası dövründə davam etməyəcəyinə ümid edirik.

Seçilən
20
turkustan.az

1Mənbələr