AZ

Yevlaxda Yeni Azərbaycan Partiyasının 32-ci ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 32-ci ildönümü münasibətilə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Akt zalında “Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ən böyük siyasi mirasıdır” mövzusunda konfrans keçirilib.

Tədbir YAP Yevlax rayon təşkilatı, Yevlax Şəhər İcra Hakimiyyəti və Yevlax Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, partiya fəalları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar.
Konfransda ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Konfransda Ulu Öndər Heydər Əliyevin həyatına və Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yoluna həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbirin açılışında çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev partiya üzvlərini təbrik edərək, partiyanın yaranma tarixindən bəhs edib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası 1992-ci ildə xalqın arzu və istəklərini ifadə edən tarixi zərurətdən irəli gələrək, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilib.
Qeyd edilib ki, YAP yarandığı dövrdə ölkədəki xaos və qeyri-sabitliyin qarşısını almaqda həlledici rol oynayıb. Partiyanın qurulması ilə Azərbaycan inkişaf yoluna qədəm qoyub. Ötən illər ərzində Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyinin qorunması, iqtisadiyyatın inkişafı və xalqın rifahının yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlərə imza atıb.
Milli Məclisin deputatı İlham Məmmədov YAP-ın ölkənin siyasi sistemində avanqard bir qüvvə kimi oynadığı rolu vurğulayıb. Deputat bildirib ki, YAP, Ümummilli Lider Heydər Əliyevin müdrik rəhbərliyi və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində, Azərbaycanın siyasi mədəniyyətinin inkişafına və ölkənin beynəlxalq arenada nüfuzunun artırılmasına böyük töhfələr verib.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev isə YAP-ın qazandığı nailiyyətləri yüksək qiymətləndirərək, partiyanın möhkəm xalq-iqtidar birliyinin təcəssümü olduğunu vurğulayıb.
YAP veteranı Vahid Quliyev, “Heydər Əliyev pr.38” ərazi partiya təşkilatının sədri Ceyhun İbişov və Salahlı kənd tam orta məktəbinin direktoru Lalə Məmmədova partiyanın Azərbaycanın siyasi tarixindəki mühüm yerini qeyd ediblər. Bildirilib ki, YAP bu gün təkcə Azərbaycanın deyil, Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatıdır.
Konfrans çərçivəsində YAP-ın sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələri təqdim edilib. Həmçinin partiyanın fəal üzvləri Fəxri fərmanlarla təltif olunublar.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Seçilən
27
sesqazeti.az

1Mənbələr