AZ

Tramp Türkiyə ilə bağlı elə ADDIM ATDI Kİ... - Ərdoğan ona "DOSTUM" DEMİŞDİ...

ABŞ-ın yeni prezidentinin andiçməsinə Suriyadakı kürd terrorçuların dəvət olunması xəbəri yayılıb; rəsmi Ankaranın inauqurasiyaya etinasızlığı mümkündürmü?

Türkiyə ilə ABŞ arasında yeni qalmaqal yaşanır. Türkiyə mətbuatında qeyd edilib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası Türkiyəyə qarşı “düşmən addım atıb”. 

İddialara görə, Tramp Mazlum Kobani və Türkiyə tərəfindən terrorçu kimi tanınan Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadının rəhbəri İlham Əhmədi inauqurasiya mərasimində iştirak etmək üçün ABŞ-a dəvət edib. “Yeni Müsavat” qeyd edir ki, Kobani daha əvvəl Trampı ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik etmişdi. “Prezident Donald Tramp, sizi seçkilərdə qələbəniz münasibətilə təbrik edirəm. Mən əvvəllər olduğu kimi birgə işləməyi, əməkdaşlığımızı gücləndirməyi və regionu sabitləşdirməyi səbirsizliklə gözləyirəm”, - Kobani yazıb. Bu, nəyin anonsudur, ABŞ Suriyada anti-Türkiyə qüvvələrinə Tramp dönəmində də dəstək verəcək? Yada salaq ki, Türkiyə lideri Ərdoğan Trampı qələbə münasibətilə ilk təbrik edənlərdən olub və onu “dostum” adlandırıb. “Dost” da belə edərmi? O halda rəsmi Ankaranın andiçmədə iştirakdan imtina etməsi mümkündürmü? Bu fakt onsuz da sadə olmayan ikitərəfli münasibətlərdə hansı izlər buraxa bilər?  

Qabil

Qabil Hüseynli

“Xatırladıram ki, Tramp buna qədər də antitürk bir qərar verib. O, Mark Rubionu dövlət katibi vəzifəsinə təqdim edib. Rubio Türkiyə əleyhinə çıxışları ilə yaddaqalan biridir. Bu şəxs Suriya böhranından tutmuş digər mövzulara qədər həmişə Türkiyənin əleyhinə olub. İndisə Kobaniyə dəvət göndərilməsi haqda mətbuatın tirajladığı xəbər bir daha göstərir ki, yeni administrasiyanı proqnozlaşdırmaq çətindir” - “Yeni Müsavat”a danışan professor Qabil Hüseynli belə qeyd etdi. Onun sözlərinə görə, Tramp komandasının Ankara siyasətini indidən dəqiqləşdirmək mümkün görünmür, lakin yeni ABŞ lideri həmkarı Ərdoğanla yaxşı münasibətlərə malikdir: “Düşünmürəm ki, Tramp antitürk xətti götürəcək. Onun qondarma soyqırımı haqda danışacağını da gözləmirəm. Ümumiyyətlə, Tramp ”erməni kartı" ilə işləyən siyasətçi deyil. O ki qaldı andiçməyə Kobaninin dəvət olunmasına, Trampın Suriya siyasəti bəllidir. O, əvvəl də söz vermişdi ki, qoşunları bu ölkədən çıxaracaq, sonra etmədi. Ona görə deyirəm ki, Tramp proqnozlaşdırılmayan liderdi və bu gün dediyini sabah yerinə yetirməyə bilər". 

Q.Hüseynli Trampın Suriyadakı YPG və PYD qüvvələrini dəstəklədiyini xatırladaraq əlavə etdi ki, bu qruplaşmalara ABŞ maliyyə ayırır: “Kobani və İlham Əhmədi Öcalanın ”mənəvi oğulları"dır. Hər nə qədər ABŞ Suriyadakı kürd terror qruplarını dəstəkləsə də, inanmıram ki, Tramp bu terrorçubaşıları inauqurasiyasında görmək istəsin. Hər halda, yanvarın 20-sini gözləmək qalır. Əgər biz onları mərasimdə görəcəyiksə, Ərdoğan kəskin etiraz edəcək. Məncə, Türkiyə prezidenti böyük ehtimalla andiçmədə iştirak edəcək və Trampla görüşəcək. Belə bir səviyyədə olan inaqurasiyada suriyalı kürd terrorçuların iştirakı inanılmazdır".

Xatırladaq ki, Türkiyənin Suriyada həyata keçirdiyi “Barış Pınarı” əməliyyatı dövründə ABŞ Prezidenti Donald Trampın tez-tez xatırladığı bir ad vardı: Suriya Demokratik Qüvvələrinin (SDQ) komandanı Məzlum Kobani. Tramp əməliyyat zamanı və əməliyyatdan sonra bir neçə dəfə Kobaniyə təşəkkür etdi, hətta onun ABŞ-a səfər edə  biləcəyi haqda da danışıqlar gedirdi. Türkiyə hökuməti isə Kobaninin legitim həmsöhbət kimi tanınmasının qəti əleyhinə idi. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Amerika bu adamı bizə təslim etməlidir” açıqlamasını vermişdi. Məzlum Kobani 1967-ci il təvəllüdlü suriyalı kürddür. Onun Türkiyə sərhədində yerləşən Kobani şəhərində doğulduğu güman edilir. Kobaninin əsl adı ilə bağlı müxtəlif iddialar var. Türkiyədəki bəzi mənbələr onun adının Mustafa Abdi bin Halil olduğunu bildirir. Ferhad Abdi Şahin, Şahin Cilo və Məzlum Abdi illərdir istifadə etdiyi adlar arasındadır. Bir müddət əvvəl ondan müsahibə alan “Nyu York Tayms”ın Yaxın Şərq müxbiri Ben Hubbard Kobanidən əsl adının nə olduğunu soruşduqda o, “Məzlum Abdi” cavabını verib.

Ərdoğan

Onun Abdullah Öcalanla uşaq ikən tanış olduğu iddia edilir. Mətbuatda onun Latakya sahilində Öcalanla dənizdə çimdiyini əks etdirən foto da yayılıb. “BBC-Türkcə”də yer alan məlumata görə, Məzlum Kobani Abdullah Öcalanla ikincinin Suriyada olduğu illərdə tanış olub. Türkiyə Daxili İşlər Nazirliyinin hesabatında Ferhat Abdi Şahin, yəni Məzlum Kobaninin PKK-ya 1990-cı ildə, 23 yaşında ikən qoşulduğu bildirilir. Öcalanın Suriyada yaşadığı 20 il boyu Məzlum Kobaninin ona ən yaxın şəxs olduğu iddia edilir. Kobaninin ictimaiyyətə açıqlamalarında həmişə siyasi dildən istifadə etməyə, bəzən də ehtiyatlı görüntü verməyə çalışdığı anlaşılır. Məsələn, “Barış Pınarı” əməliyyatı zamanı ABŞ qüvvələrinin sərhədi tərk etmək qərarından sonra bir çox kürd rəsmilər “xəyanət”, “kürəyimizdən bıçaqlandıq” kimi açıqlamalar verərkən, Kobani məyus olduğunu, lakin ABŞ ilə işləməyə davam etmək istədiyini vurğulamışdı. ABŞ Kobanini mühüm müttəfiqi, İŞİD-i məğlub edən SDQ-nin qanuni komandiri kimi görür. Həm Donald Tramp, həm də bir çox ABŞ siyasətçiləri Kobanidən danışıqlara və əməkdaşlığa açıq bir ad olaraq bəhs edirlər. Türkiyənin son reaksiyalarına baxmayaraq, bu münasibət davam edir.

“Yeni Müsavat”

Seçilən
10
2
hurriyyet.az

10Mənbələr