AZ

"Alimentin artırılmasındansa, uşaqpulu məsələsi müzakirə edilməlidir" -Sosioloqdan İRAD VƏ TƏKLİFLƏR

2025-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata çatdırıla bilər. Hərçənd artım çox az məbləği əhatə etsə də, bu rəqəm bəzi aliment almaqdan ötrü boşanan şəxslər üçün bu da kifayətdir. Nəzərə alsaq ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-sentyabr ayları ərzində 36 min 651 nikah və 15 min 964 boşanma halı qeydə alınıb, o zaman alimentin artırılması məsələsinə ciddi yanaşmaq lazım gəlir.

Mövzu ilə əlaqədar sosioloq Lalə Mehralı Redaktor.az-a açıqlamasında aliment məsələsinin üzərinə bu qədər düşülməsi ilə bağlı narahatlığını ifadə edib.

O bildirib ki, alimentin artırılmasındansa, uşaqpulu məsələsi müzakirə edilməlidir:

"Mən elə zənn edirəm ki, sosial problemlərin həlli üçün aliment məsələsini qabardıb uşaqpulu məsələsini arxa plana atmaq ədalətsizlikdir. Çünki aliment miqdarını artırmaqla şirnikləndirmə prosesi baş verir, hələ boşanmayan, ancaq bu barədə düşünən insanlar da boşanmaya meyllənməyə başlayır. Onsuz da ölkədə boşanmalar kritik həddədir. Hər iki ailədən biri dağılır, bu, dəhşətli rəqəmdir. Bir ölkənin ailə institutunun təməlindən sarsılması vəziyyəti deməkdir. Belə bir vəziyyətdə ailələrin necə bütöv saxlanması məsələsi müzakirə olunmaqdansa, alimentin miqdarı müzakirə olunur. Uşaqpulu məsələsinə nəzarət etmək, çoxuşaqlılıq meyarlarını yumşaltmaq lazımdır. Sosial yardım kriteriyalarını yumşaltmaq gərəkdir. Azərbaycanda çoxuşaqlılığa görə müavinəti ölkə üzrə 3-5 min ailə alır.  Bu qədər əhali içində 3 min ailə, demək olar ki, gözəgörünməzdir".

 

Sosioloq deyib ki, ailələrin çoxuşaqlılıq kriteriyalarını azaltmaq lazımdır:

"İndi 6 uşaq çoxuşaqlılıq sayılır. Bizim ölkəmizdə nə qədər altı uşaqlı ailə var? Bu, üç uşağa qədər endirilməlidir. Demoqrafik vəziyyət çöküb, doğum sayı yoxdur, ölkədə uşaq doğulmur. Gələcəkdə hansı peşəni kim icra edəcək? Vətəni kim qoruyacaq? Elə bir vəziyyətdir ki, hökümət bu dəqiqə doğum sayına görə narahat olmalıdır. Doğumu stimullaşdırmaq, artırmaq üçün həvəsləndirici təkliflər olmalıdır. Uşaqpulu bu vəziyyətdə mütləq qaydada gündəmə gəlməli idi, amma aliment məsələsi müzakirə olunur. İnsanlar nəsil artırmağa həvəsləndirilməldir. Bunun üçün dövlət hər dünyaya gələn uşağa görə ailəyə pul ödəməlidir ki, evlənib dünyaya uşaq gətirmək onlara maraqlı olsun".

L.Mehralının sözlərinə görə, uşaqpulundan danışan kimi sosial yardım ödəmələri bəhanə edilir və deyilir ki, filan qədər uşaq sosial yardım alır. 

"Həmin rəqəm ölkə uşaqlarının neçə faizini əhatə edir? Sosial yardım kriteriyaları o qədər gülməli vəziyyətdədir ki... Ailə üzvlərindən birinin mütləq rəsmi gəliri olmalıdır. Kəndlərdə, rayonlarda insanlar iş tapa bilmir, hər iki üzvü işləməyən ailələr var. Onlara sosial yardım ayrılmır ki, birinin minimum gəliri olsun. Dövlətin borcudur ki, heç bir yerdən gəliri olmayan bu cür ailələrə sosial yardım ayırsın".

Sosioloq günümüzdə sosial yardım kriteriyalarından danışıb:

"İki evi, üç maşını olan insanlara sosial yardım verilir. Torpağı, evi olmayan, kirayədə yaşayan, bununla bərabər iki tələbə oxudan insanlara sosial yardım ayrılmır ki, kriteriyalara uyğun gəlmirsiniz. Bu kriteriyaları yazanlar ölkədəki reallıqları bilirdi? Sosial yardımın kriteriyaları mütləq qaydada dəyişdirilməlidir, üç-dörd uşağı olan ailələr çoxuşaqlılıq müavinəti almalıdır. İnsanları demoqrafik artıma meylləndirmək lazımdır. Əgər belə getsə, ölkənin əhali sayında ciddi formada azalmalar yaranacaq".

Sevinc İBRAHİMZADƏ

Seçilən
30
1
redaktor.az

2Mənbələr