AZ

Qərb yenə Azərbaycana qarşı: qərəz və qəzəbin arxasında nə gizlənir?

Son dövrlərdə beynəlxalq arenada Azərbaycan haqqında müzakirələr təkcə ölkənin geosiyasi və iqtisadi uğurları ilə məhdudlaşmır, eyni zamanda, insan hüquqları mövzusunda müəyyən iddialar irəli sürülür.

Xüsusilə son günlər Almaniya tərəfindən Azərbaycanın insan hüquqlarına riayət etmədiyi ilə bağlı səsləndirilən fikirlər müzakirələrə səbəb olub. Belə ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok növbəti dəfə qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. Onun fikrincə, Azərbaycan “demokratik standartlara” riayət etmir və insan haqları sahəsində çatışmazlıqlara yol verir. Nazir əlavə edib ki, eyni zamanda 76 deputatın, o cümlədən alman Bundestaqı üzvlərinin Azərbaycana girişinə qadağa qoyulması “tamamilə qəbuledilməz”dir.

Qərəzli diplomatın fikirlərinin atlında nələr yatır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, insan hüquqlarının qorunmasını dövlətin ali məqsədlərindən biri kimi müəyyən edib:

"Ölkə bu sahədə mühüm hüquqi islahatlar həyata keçirib, beynəlxalq konvensiyalara qoşulub və insan hüquqları sahəsində standartların inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atıb. Buna baxmayaraq, bəzi dairələr Azərbaycanın uğurlarını görməzdən gələrək, qərəzli yanaşmalar nümayiş etdirirlər. Bu yanaşma özünü bir neçə istiqamətdə göstərir. Azərbaycanın əldə etdiyi hüquqi və sosial nailiyyətlər çox vaxt beynəlxalq hesabatlarda və müzakirələrdə kifayət qədər vurğulanmır. Məsələn, Azərbaycanın insan hüquqlarını təmin etmək üçün qəbul etdiyi qanunlar, icra etdiyi proqramlar və sosial rifahı artırmaq məqsədilə həyata keçirdiyi tədbirlər lazımi səviyyədə qiymətləndirilmir".

Ayxan Məmmədli diqqətə çatdırıb ki, bəzi beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın daxili məsələlərinə müdaxilə xarakteri daşıyan tənqidlər irəli sürürlər. Onun sözlərinə görə, bu tənqidlər isə çox vaxt siyasi məqsədlərə xidmət edir. Ölkənin müstəqil siyasət yürütməsi, enerji layihələrində mühüm rol oynaması və regionda güclənən mövqeyi bəzi dairələr tərəfindən təzyiq vasitəsi ilə neytrallaşdırılmağa çalışılır:

Qərəzli yanaşmalar çox vaxt seçilmiş problemlərin şişirdilməsi və ya kontekstdən çıxarılması ilə müşayiət olunur. Müəyyən ayrı-ayrı halların ümumiləşdirilərək Azərbaycanın ümumi insan hüquqları vəziyyətini təmsil etməsi kimi təqdim olunması qərəzli yanaşmanın əyani göstəricisidir. Halbuki, hər bir ölkədə, o cümlədən tənqidi irəli sürən dövlətlərin özlərində də oxşar problemlər mövcuddur. Bu hadisələr həm Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək, həm də ölkənin daxili sabitliyinə təsir göstərmək məqsədi güdə bilər. Buna baxmayaraq, Azərbaycan öz uğurlarını davam etdirməkdə və beynəlxalq səviyyədə özünü müdafiə etməkdə qərarlıdır. Ölkə insan hüquqları sahəsində qarşıya qoyduğu məqsədləri gerçəkləşdirmək üçün ardıcıl addımlar atmağa davam edir və bu cür qərəzli ittihamlara hüquqi və faktiki cavab verməkdən çəkinmir".

Ayxan Məmmədli: Almaniyanın iddialarında yetəri qədər qərəzlilik hiss olunur

Hüquqşünasın sözlərinə görə, Azərbaycanın hüquq sistemi insan hüquqlarının təmin olunmasını prioritet məsələlərdən biri kimi müəyyən edib:

"Ölkə Konstitusiyasının 12-ci maddəsində insan hüquqları və azadlıqlarının qorunması dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Bundan başqa, Azərbaycan İnsan Hüquqları üzrə Avropa Konvensiyası, Uşaq Hüquqları Konvensiyası, Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması Konvensiyası kimi çoxsaylı beynəlxalq hüquqi sənədlərə qoşulub. Bu hüquqi sənədlərə qoşulmaqla ölkəmiz beynəlxalq standartlara uyğun öhdəliklər qəbul edib və bu öhdəlikləri yerinə yetirmək üçün müxtəlif hüquqi və institusional mexanizmlər yaradıb. 2002-ci ildə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsis edilib. Bu qurum insan hüquqlarının müdafiəsi ilə bağlı müraciətləri araşdırır, problemləri həll etməyə çalışır və dövlət orqanlarının bu sahədəki fəaliyyətini qiymətləndirir".

Mütəxəssis Azərbaycan məhkəmə sistemində şəffaflığı artırmaq və ədalətli məhkəmə prosesini təmin etmək məqsədilə islahatlar həyata keçirildiyini, Elektron məhkəmə sisteminin tətbiq edildiyini və vətəndaşların ədalətə çıxış imkanları genişləndirilib:

"Ölkədə əhalinin sosial rifahını yüksəltmək məqsədilə genişmiqyaslı islahatlar həyata keçirilib. Məsələn, son illərdə minimum əməkhaqqının və pensiyaların artırılması, aztəminatlı ailələr üçün sosial proqramların genişləndirilməsi bu sahədə atılan addımlardandır. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və mütəmadi olaraq insan hüquqları sahəsində hesabatlar təqdim edir. Ölkə BMT-nin İnsan Hüquqları Şurasının üzvü olmuş və burada aktiv fəaliyyət göstərib. Bu da Azərbaycanın insan hüquqları ilə bağlı beynəlxalq ictimaiyyətlə dialoqa açıq olduğunu göstərir. Bundan əlavə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT və AŞPA nümayəndələri insan hüquqları sahəsində müxtəlif monitorinqlər aparıblar. Əksər hallarda Azərbaycanın inkişafı yüksək qiymətləndirilib".

Sonda Ayxan Məmmədli qarşı tərəfin iddialarına ətraflı cavab verib:

“Almaniya tərəfindən irəli sürülən ittihamlar isə əsasən qərəzli və birtərəfli yanaşmaya əsaslanır. Bu iddiaların obyektivliyi ilə bağlı bir neçə sual ortaya çıxır. Almaniya insan hüquqları məsələsində Azərbaycana tənqid yönəltməzdən əvvəl, öz daxilində mövcud olan problemlərə də nəzər salmalıdır. Almaniyada irqçilik, islamofobiya və sosial ayrı-seçkilik kimi problemlərin ciddi olduğu beynəlxalq hesabatlarda qeyd edilir. Bu cür iddiaların müəyyən hallarda siyasi təzyiq vasitəsi kimi istifadə edildiyi məlumdur. Azərbaycan beynəlxalq enerji layihələrində və regional təhlükəsizlik məsələlərində əsas iştirakçı olduğundan, belə tənqidlər ölkənin nüfuzunu zəiflətməyə yönəlir".

Hüquqşünasın fikirləri və ümumi formalaşan tezislərdən belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan insan hüquqları sahəsində beynəlxalq standartlara uyğun olaraq ciddi səylər göstərmiş və bu istiqamətdə davamlı inkişaf edib. Ölkənin qanunvericiliyi, praktiki addımları və beynəlxalq əməkdaşlığı bunu sübut edir. Almaniya tərəfinin irəli sürdüyü iddialar isə faktlara əsaslanmadığından daha çox qərəzli yanaşma kimi görünür. Azərbaycan insan hüquqlarının təminatına dair səylərini artırmağa davam edərək həm öz xalqına, həm də beynəlxalq ictimaiyyətə bu sahədə uğurlarını nümayiş etdirməkdə qərarlıdır.

Əli Hüseynov

Seçilən
20
1
bakivaxti.az

2Mənbələr