AZ

"Gürcüstanı hərə bir tərəfə dartır" - ŞƏRH EDİLDİ

"Gürcüstanda qeyri-adi heç nə baş verməyəcək, yəni indiki mərhələdə müəyyən narahatlıq, narazılıq var. Amma bunlar keçicidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, bəlli müddət sonra ara sakitləşəcək, hər şey yoluna düşəcək: "Gürcüstan özünün müstəqil inkişaf yolunu seçir. Təbii ki, Gürcüstanı hərə bir tərəfə dartır. Bir tərəfdə Rusiya, bir tərəfdə Qərb, hər kəs istəyir ki, Gürcüstan onun yanında olsun. Amma Gürcüstanın da ali dövlət ağlı düşünür ki, özü öz yolunu müəyyən etməlidir. Yəni kimin harasa çəkməsi yox, sadəcə olaraq Gürcüstan xalqının mənafeyi nəyi tələb edirsə, onu etməlidir. Ona görə də, indiki şəraitdə qarşı duran tərəflərdən danışa bilərik. Bəlli müddətdən sonra bu qarşıdurmalar səngiyəcək, heç bir narahatlıq olmayacaq. Sakit məcrada hər şey davam edəcək. Gürcüstanın əsas məsələsi Rusiyanın işğalı altındakı Abxaziya və Güney Osetiyanın azad edilməsidir. Ona görə Gürcüstan bir qədər narahat şəkildə hazırkı mərhələni keçir, keçəcək də, normal şəkildə bitirəcək də. Ümid edək ki, Rusiya da nəhayətdə normal yanaşma sərgiləyib işğal etdiyi Gürcüstan ərazilərindən əl çəkəcək. Çəkməyəcəyi təqdirdə növbəti mərhələdə Gürcüstan artıq birmənalı şəkildə Rusiyadan imtina edib Qərbə meyillənəcək. Onda da, yəqin ki, xalqın böyük əksəriyyəti Qərbə meyilliliyin tərəfində olacaq".

"Azərbaycanla bağlı elə bir narahatlıq yoxdur. Azərbaycan istərdi ki, Gürcüstanda sabitlik olsun, özəlliklə də indiki hakimiyyət qorunub saxlansın. Çünki Azərbaycan dövləti ilə bu hakimiyyət çox yaxşı anlaşa bilir. Bizim Gürcüstan hakimiyyəti ilə narahatlığımız yoxdur. Təbii ki, söhbət hökumətdən gedir. Prezidentlə problem var. Zurabişvili keçmiş fransız vətəndaşı olub, həm də Fransanın Gürcüstandakı səfiri olub. İndiki davranış və yanaşması da Fransadan heç fərqlənmir. Faktiki olaraq az qala müharibə etmək fikrindədir. Amma yaxşı ki, o qərarverici durumda deyil. Əsas məsələ hökumətin əlindədir. İndiki hökumətlə də Azərbaycanın problemi yoxdur. Üstəlik də parlament seçkilərindən sonra Gürcüstanın hakim partiyası yenə də eyni adamın baş nazirliyə namizədliyini irəli sürüb. Səs çoxluğunun yuxarı olduğuna görə də təsdiqlənəcək. Azərbaycanla münasibətlər normal məcrada davam edəcək. Bizim üçün narahatlıq yaradacaq durum hələ ki, yoxdur. Ümumiyyətlə isə Azərbaycan daxildə öz imkanları çərçivəsində elə şərait yaradıb ki, kənardan heç bir siyasi qüvvə, başqa dövlətlər bizim iç işlərimizə qarışa bilmirlər. Ona görə Gürcüstanda, hətta hakimiyyət dəyişmiş olsa belə, yenə də Azərbaycanın itirəcəyi bir şey yoxdur. Xatırlayaq ki, Saakaşvilinin prezidentliyi dönəmində də Azərbaycanla Gürcüstan arasında heç bir problem yaşanmamışdı. Əksinə normal münasibətlər var idi. Baxmayaraq ki, Saakaşvili Qərbin adamı idi. Açıq şəkildə anti-Rusiya mövqeyindən çıxış edirdi. Amma Azərbaycan buna baxmayaraq Gürcüstanla normal münasibətlərdə idi. Ona görə də, indi narahatlıq üçün elə bir əsas görmürəm" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
33
1
sia.az

2Mənbələr