AZ

Sahibkarlara verilən kreditlərdə hansı yumşalma və güzəştlərə ehtiyac var? (ŞƏRH)

"Azərbaycanda kredit faizlərinin daha çox, güzəştlərin isə daha az olması uzun müddətdir müzakirə olunan mövzudur".

Bunu Valyuta.az-a iqtisadçı Eyyub Kərimli deputat Siyavuş Novruzovun  Milli Məclisin iclasında sahibkarlara verilən kreditlərlə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Ekspert qeyd edib ki, bu gün dövlət xətti ilə müəyyən güzəştli kreditlər ayrılır, lakin həmin kreditlərin ümumi məbləği azdır, daha geniş və əhatəli olmalıdır:

"Regionlarda mikro və orta sahibkarlığa verilən kreditlərin dövriyyəsi artırılmalı, girov təminatı yüngülləşdirilməlidir". 

Eyyub Kərimlinin sözlərinə görə, əsasən kənd təsərrüfatı sektorunda və regionlarda sahibkarlıqla məşğul olan insanların kreditlərə əlçatanlığı daha da təkmilləşdirilməlidir:

"Bəzən regionlarda fəaliyyət göstərən sahibkarlar girov təminatında müəyyən çətinlik yaşayır və faizlər daha yüksək olur. Digər bir məsələ isə kreditlərin müddəti ilə bağlıdır. Ölkədə ən uzun kredit müddəti maksimum 3 ildir, bu isə çox az zamandır. Ona görə də hesab edirəm ki, hazırda ölkədə sahibkarlara 5-10 il müddətinə və aşağı faizlərlə kreditlərin verilməsinə ehtiyac var". 

Həmsöhbətimiz qeyd edib ki, burda digər əsas məsələ isə verilən kreditlərdə bankların ilk aylarda daha çox faizlər alması ilə bağlı problemlərin həll olunmasıdır:

"İlk aylarda alınan faizlərə görə kreditin əsas məbləği azalmır, Buna görə də ilk bir ildə kreditlərin faizlərdən azad olması daha müsbət addım olardı. Çünki bəzi hallarda yeni iş quran və işini genişləndirmək istəyən sahibkarlar ilkin böyük məbləğləri ödəməkdə çətinlik çəkir. Ona görə də ölkədə maliyyə kredit məslələrinə baxılması aktualdır. Kredit maliyyə sisteminin təkmilləşdirilməsi, əhatəsinin  genişləndirilməsi və şərtlərin yumşaldılmasına böyük ehtiyac var".

Davud

Seçilən
56
19
valyuta.az

10Mənbələr