AZ

COP29 təsdiqlədi: Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir

Azərbaycan davamlı uğurları, ev sahibliyi etdiyi beynəlxalq tədbirlərlə hər zaman dünyanın diqqətində olub. Bugünlərdə Azərbaycanı beynəlxalq aləmin diqqətində saxlayan, dünyanı Bakıya toplayan məhz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-dur. 

Tədbirin hər günü Azərbaycanın beynəlxalq nüfuzunu artıran yeni mühüm hadisələrlə yadda qaldı. Prezident İlham Əliyevin COP29-da iştirak etmək üçün ölkəmizdə olan müxtəlif ölkələrin prezidentləri, vitse-prezidentləri, baş nazirləri, beynəlxalq qurumların rəhbərləri ilə ayrı-ayrılıqda görüşləri münasibətlərimizin inkişafında yeni səhifənin açıldığının göstəricisidir. Prezident İlham Əliyev COP29-un Liderlər Sammitində, eləcə də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışlarında hazırkı dövrün çağırışlarını yerinə yetirmək üçün əsas vəzifələrin nədən ibarət olduğunu açıqladı. Bu gün Azərbaycanın söz sahibliyi, hər bir sahədə zəngin təcrübəyə malik olması təqdir edilir. Ölkəmiz COP29-a tamamilə fərqli ovqatda ev sahibliyi edir. Tarixi Zəfəri, suverenliyini tam bərpa etməsi ilə qürurlanan qalib Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri addımları atmışdı. Tədbir iştirakçılarının hər biri Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyini, onun yüksək səviyyədə təşkilini alqışladılar. Prezident İlham Əliyevin liderliyi, səyləri nəticəsində uğurlu COP-a imza atılacağını bildirdilər. Təbii ki, hər bir mühüm addım əvvəlki addımların məntiqi davamıdır. COP29-a gedən yola qısa nəzər salmaqla düşünülmüş siyasətin uğurların açarı olduğunu böyük inamla qeyd edə bilərik. Prezident İlham Əliyevin COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə söylədiyi “COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq” fikirləri bu gün real həyatda təsdiqini tapmaqdadır. Dünya hazırda bu reallıqların şahididir. Arxada qalan hər gün COP29-la bağlı tariximizə mühüm uğur səhifələrini yazdı. Azərbaycan sözünün həqiqi mənasında iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz olduğunu təsdiqlədi. Liderlərin Sammitində, eyni zamanda, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində səsləndirilən fikirlərə diqqət yetirsək, Azərbaycana, Prezident İlham Əliyevə böyük etimadın, inamın şahidi olarıq. Dünyanın diqqətlə izlədiyi bu tədbirə 196 ölkədən 72 min iştirakçı qatıldı. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var idi. COP29 həm də son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavab oldu. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübuta yetirdi. Prezident bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. COP29 Azərbaycanın növbəti siyasi-diplomatik uğuru hesab olunur. Bu, eyni zamanda dünya ölkələrinin Azərbaycana növbəti dəfə böyük etimad və ehtiramın bariz nümunəsidir. 
BMT-nin belə mötəbər, qlobal əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi də təsadüfi deyildi. Bu, beynəlxalq aləmdə Azərbaycana hörmətin, onun qlobal əhəmiyyətli müxtəlif energetika, nəqliyyat və başqa layihələrdə oynadığı müsbət rola verilən dəyərin göstəricisidir. COP29 bir daha sübut etdi ki, Azərbaycan dünyada böyük nüfuza malik, beynəlxalq ictimaiyyətin gözündə etibar, hörmət qazanmış dövlətdir. Rəsmi Bakı sessiyanı uğurlu təşkil etməklə ona etimad edənlərin də ümidlərini doğrultmuş oldu. Bu, çoxlu sayda dövlət və hökumət başçılarının, onminlərlə qonağın tədbirdə iştirakında və təşkilatçıya ünvanladıqları xoş sözlərdə də əksinin tapdı. Bununla da COP29 ən çox dövlət və hökumət başçılarının iştirak etdiyi tədbirlərdən biri oldu. Sessiyanın sonrakı günlərində ümumən 76 min nəfərin qeydiyyatdan keçməsi dünya iqlim konfranslarının tarixində yeni rekord sayılır. Azərbaycan bu qlobal toplantını uğurla təşkil etməklə daha bir sınaqdan uğurla çıxıb. Bu mötəbərlə həm də bir daha sübut olundu ki, Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkədir. COP29 çərçivəsində ölkəmizə səfər, paytaxt Bakıda gəzmiş və günlərlə qalmış qonaqlar da bəyan etdilər ki, dünyanın istənilən ölkəsinin vətəndaşı rahat və təhlükəsiz şəkildə Azərbaycana səfər edə bilərlər. Təbdir iştirakçılarının hamısı Azərbaycanda çox isti qarşılanmadan, yüksək qonaqpərvərlikdən və təhlükəsizliyin təmin olunmasından məmnunluq ifadə etdilər. COP29 tədbiri zamanı bir dəfə də olsun narahatedici, xoşagəlməz hadisənin baş verməməsi də Azərbaycanın uğurlu ev sahibliyinin təzahürü idi. Bir sözlə, Azərbaycan COP29 tədbirini ən yüksək təşkilatçılıq bacarığı ilə reallaşdırdı. 


Millət vəkili Naqif Həmzəyev də "Şərq"ə açıqlamasında deyib ki, Azərbaycan COP29 tədbirinə layiqincə ev sahibliyi etdi. Deputat vurğulayıb ki, dünya liderlərinin Azərbaycana təşrif buyurması, iqlim dəyişiklərinə qarşı birgə mübarizəni təşkil etmək üçün siyasətçilərin, hökumət rəhbərlərinin, mütəxəssislərin, dini liderlərin ölkəmizdə çoxsaylı tədbirlərə, görüşlərə qatılması COP29 tədbirinin əhəmiyyətini və önəmini daha da artırdı:

 "Birləşmiş Millətlər Təşkilatının birbaşa tədbiri hesab edilən COP29 çərçivəsində gələcəyimiz üçün vacib sayılan qlobal istiləşmənin qarşısını almaq üçün maliyyə axtarışlarının həyata keçirilməsi, maliyyə öhdəliklərinin götürülməsi daim yadda qalacaq. Budəfəki COP-un əsas önəmi və öhdəliyi ondan ibarət idi ki, məhz qəbul edilmiş qərarların həyata keçirilməsi üçün maliyyə axtarışları reallaşmış olsun. Ölkələr, dövlətlər öz öhdəliklərini yeniləsinlər və bu problemlərin həllinə dair səylər daha da gücləndirilsin. Azərbaycan yaxın və uzaq bütün hədəflərin qarşılanması üçün lazımi sənədlərin hazırlanmasını uğurla həyata keçirdi. Dünya dövlətlərinin də bu proseslərə ciddi yanaşması və töhfə verməsi artıq qaçılmazdır. Ümid edirik ki, qəbul edilmiş sənədlər və götürülmüş öhdəliklər yalnız kağız üzərində qalmayacaq. Gələcək illərdə biz məhz Bakıda qəbul edilmiş qərarların həllinə dair konkret nəticələri görə biləcəyik". 
Parlamentari qeyd edib ki, Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirmək istəyən qüvvələr, COP29-u siyasiləşdirmək istəyən dairələr öz istəklərinə çatmadılar: "Azərbaycan qarayaxma kampaniyalarının qarşısını uğurla ala bildi. Hökumət üzvləri, vətəndaş cəmiyyəti, millət vəkilləri, siyasətçilər, ətraf mühitin qorunması ilə bağlı mütəxəssislər proseslərdə aktiv iştirak etdilər. Cənab Prezident İlham Əliyevin çıxışlarında və keçirdiyi görüşlərə toxunduğu məsələlər, qaldırdığı məsələlər də təzyiqlərin, xoşagəlməz hadisələrin qarşısını uğurla aldı. Çağırışlar özünü "demokrat", "ətraf mühiti qoruyan", "liberal siyasət yeridən" kimi göstərilən dövlətlərin əsl iç üzünü açıb ortaya qoydu. Dünya dövlətlərini ikiüzlü siyasət yeridən hökumətlərə, ətraf mühiti çirkləndirənlərə qarşı mübarizəyə səslədi". 
N.Həmzəyev bəyan edib ki, Azərbaycan öz fəaliyyətini bundan sonra da davam etdirəcək: "Növbəti il baş tutacaq tədbirlərin hazırlıq mərhələlərinə də Azərbaycan öz töhfəsini verəcək. Qəbul edilmiş sənədlərin icrasına dair Azərbaycanın yaxından iştirakı davam etdiriləcək. Yaşıl enerjiyə keçidin təmin edilməsi və s. məsələlərlə bağlı ölkəmizin səyləri, təşəbbüsləri diqqətə alınacaq. Azərbaycanın əldə etdiyi təcrübə region dövlətləri tərəfindən də öyrəniləcək və yaşıl enerjiyə təşviq artacaq. Azərbaycan bu ağır və məsuliyyətli işin öhdəsindən layiqincə gəldi. Bakıya səfər edən on minlərlə əcnəbi vətəndaş, dövlət və hökumət başçıları Azərbaycanın necə gözəl, təhlükəsiz ölkə olduğunu öz gözləri ilə gördülər. Paytaxtımızda günlərlə rahat gəzdilər-dolaşdılar və şəhərin təmizliyi, səliqəsi, möhtəşəmliyi onları heyran buraxdı. Hamısı ölkəmizdən məmnunluqla ayrıldılar. Fürsətdən istifadə edib cənab Prezident İlham Əliyevi və COP29-un Təşkilat Komitəsini, bu işdə əməyi olan bütün şəxsləri ürəkdən təbrik edirəm. Azərbaycan öz hədəflərinə doğru inamla addımlayacaq". 



Seçilən
53
sherg.az

1Mənbələr