AZ

"İndi bu mövzunun yeri deyil" - Sadıqov da millimizin durumu haqda danışmaq istəmədi

"Zirə" Misli premyer-liqasının 14-cü turunda "Neftçi"nin meydanından məğlub ayrıldı - 1:2.

"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

- "Neftçi"ni təbrik edirəm. Maraqlı matça şahidlik etdik. Belə oyunlar futbolçuların inkişafına səbəb olur. Hər iki komanda dinamik çıxışla yadda qaldı. "Neftçi Arena" möhtəşəmdi. Ot örtüyü yaxşı vəziyyətdədi. Əslində, hadisələrin axarına nəzarət bizdə idi. İlk dəqiqələrdən dominant oynamağa çalışdıq. 60-70-ci dəqiqələrdə üstünlüyü əldən verdik və "Neftçi" nəzarəti ələ keçirdi. Belədə qol buraxdıq. Ümumiyyətlə, bu mövsüm qapımızın önündə yaradılan üç təhlükəli epizoddan ikisi qolla nəticələnir. Yenə də komandamın oyunundan razı qaldım.

- Azarkeşlər matçdan sonra Qismətə nəsə dedilər. Böyük ehtimalla, nəticələrdən narazıdılar. Sizcə, tərəfdarlar haqlıdımı?
- Uzun illərdi ki, onlarla birgə yol qət edirik. Ciddi uğurlar qazanmışıq. Nə danışdıqlarını bilmirəm, amma narazılıq varsa, nomaldı. Azarkeşlərimiz hər zaman irad bildirə bilər.

- Yaydakı "Zirə"ylə indiki "Zirə"dən nəylə fərqlənir?
- Hər məğlubiyyətdən sonra bu sualı eşidirəm... Uduzduğumuz oyunların əksəriyyətində qalib gələ bilərdik. Bu gün komandamdan narazı deyiləm. "Neftçi" kimi rəqibin meydanında baxımlı futbol sərgilədik. O başqa məsələ ki, indi uğursuzluq yaşayırıq. Məncə, bugünkü "Zirə" daha yaxşıdı. İnkişaf etmişik. Sadəcə, hücumda daha dəqiq olmalıyıq.

- Qurban Qurbanov dedi ki, milliyə baş məşqçi gətirilib-gətirilməyəcəyimlə bağlı sual verməyin. Yığmamızın D Liqasına düşməsi və İsveçə böyük hesabla məğlub olması sizi nə dərəcədə üzür? İddia olunur ki, milli yerli mütəxəssisə tapşırılacaq...
- Baş məşqçinin kim olmasının fərqi yoxdu. Bu haqda danışmaq istəmirəm. Nəticələrə görə hamı kimi, mən də məyusam. Millimizə uğurlar arzu edirəm. İndi bu mövzunun yeri deyil. İnanıram ki, futbolumuz daha yüksək səviyyədə olacaq. Bu yöndə işlər görülür.

- Limit "Zirə"nin planlarına nə dərəcədə mane olur?
- Son oyunlarda yerli futbolçularla bağlı sıxıntılar özünü göstərir. Qismət bu matça cəmi iki-üç hazırlaşa bildi. Məqsəd və Rüstəmi də itirmişik. Xatırlayırsızsa, Konfrans Liqasında DAK-1904-ün önünə beş yerli oyunçuyla çıxmışdıq. Premyer-liqada istədiyini əldə etmək üçün heyəti düzgün formalaşdırmalı, əvəzləmələri düzgün etməlisən. Bir çox əhəmiyyətli oyunda yerli futbolçulara üstünlük vermişik. Hətta start heyətində 6 azərbaycanlı olub. İstədiyimiz futbolçunu istədiyimiz vaxtda meydana çıxara bilmədiyimiz üçün bəzən sıxıntılar olur.

KƏNAN BAHADIR

Seçilən
29
football-plus.az

1Mənbələr