AZ

Vətəni sevirik də, qoruyuruq da!

Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı, Ermənistan üçtərəfli Bəyanat imzalamağa məcbur oldu. Bu sənəd Azərbaycanın qələbə sənədi, Ermənistanın məğlu­biy­­yət sənədi idi.

Ermənistan Birinci Qarabağ müharibəsində Kəlbəcərdə Ağdaban, Bağanıs Ayrım, Başlı­bel faciələri törətmişdi, işğaldan can qurtarmağa çalışanları tunelin çıxışında güllələmişdi, əsir götür­müş­­dü. Düşmən düşünürdü ki, bu faciələr əhalinin dogma ocağından çıxmasına səbəb olacaq. Ya­nı­lırdı. Əhali el-obasını, bu baxımdan Vətənini sevirdi. Son həddə kimi döyüşdü. Ancaq müəyyən səbəblər müdafiənin gücləndirilməsinə, rayonun işğaldan xilasına imkan vermədi. Düşmənlər 1993-cü il apre­lin 2-də Kəlbəcəri işğal etdi. Rayon işğal ediləndə 511nəfər öldürüldü, 321nəfər əsir götürüldü, itkin düşdü. Əhali pərən-pərən oldu. İşğal nəticəsində Kəlbəcərin əhalisi respubli­kanın 56 rayonunda məskunlaşdı. İşğal təkcə əhalinin əzablara, ağrılara, sıxıntılara məruz qalması deyil­di, işğal zamanı onlarla tarixi-mədəniyyət abidəsi dağıdıldı, rayonun milyardlarla manatlıq sər­vəti Ermənistana daşındı, qızıl mədəni Ermənistanın istismar şəbəkəsinə daxil edildi.

BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin Ermənistan bu Qətnaməni yerinə yetirmədi, beynəlxalq təşkilatlar da onun icrasını tələb etmədi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə demişdi ki, Azər­bay­can dövləti, Azərbaycan xalqı Azərbaycanda ikinici erməni dövlətinin yaranmasına imkan ver­məyəcək. Ermənistan bu qətiyyətdən nəticə çıxartmadı.

Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də Azərbaycan ərazisinə hücumu­nun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Bu, İkinci Qa­rabağ müharibəsinin başlanğıcı oldu.

Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində qətiyyətlə döyüşdü, düşmənin müdafiə sis­temini darmadağın etdi, döyüşə-döyüşə qələbələr qazandı, qələbələr qazana-qazana döyüşdü. No­yabrın 8-də Şuşa işğaldan azad edildi. Noyabrın 9-da Ermənistan məğlubiyyət sənədini im­za­ladı. Bəyanatın şərtlərinə əsasən Kəlbəcər, Ağdam, Laçın rayonları döyüşsüz təslim ediləcəkdi. Bu da Azərbaycan Ordusunun qüdrətinə görə qəbul edilmiş şərtlərdən biri idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdi: “Vətən müharibə­sinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi isti­qamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”.

2020-ci il noyabrın 26-da “Kəlbəəcərin azad olunmasına görə” medalı təsis edildi.

Müzəf­fər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nü­ma­yiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Bu Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günüdür. Belə bir Sərəncam Vətənə sevgi kimi tarixləşdi…

Tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  2021-ci il avqustun 16-da, 2022-ci il iyunun 26-da, 2023-cü il mayın 27-də, avqustun 25-də, noyabrın 7-də, 2024-cü il sentyabrın 2-də Kəlbəcərdə səfərdə olub. Hər səfərdə rayonun iqtisadi inkişafı üçün neçə-neçə gərəkli infrastrukturun bünövrəsi qoyulub ki, bunlar da bilavasitə rayonun sosial inki­şa­fını şərtləndirir.

25 noyabr Kəlbəcər şəhəri günüdür. Bu gün təkcə Kəlbəcərlilər üçün deyil, bütün azərbay­can­lılar üçün böyük könül xoşluğu ilə qeyd edilən gündür. Bu günün mahiyyəti deyir ki, biz Vətəni sevirik də, qoruyuruq da!..

Səbinə Xasayeva,

Mİlli Məclisin deputatı

Seçilən
5
3
ikisahil.az

4Mənbələr