AZ

Azərbaycanın COP29 uğuru

Bakıda baş tutan tədbir COP tarixində ilk dəfə olaraq dünyadakı bəzi dövlətlərin riyakar siyasətini tam çılpaqlığı ilə ifşa etdi. Bu da təsadüfi deyil. Çünki Qərbin, xüsusilə Kanada, Fransa və Avropa İttifaqının tutduğu mövqe uzun illərdir ki, qlobal çağırışların həll edilməsinə ən böyük maneədir. COP29 onları ifşa etdi və planetin aparıcı dövlətlərinin destruktiv siyasətini bir daha hər kəsə sübut etdi.

Məlumdur ki, qlobal istiləşməyə qarşı mübarizə, dünyanın ekoloji böhrandan çıxmasının zəruriliyi mövzusu bəşəriyyəti narahat edən bir nömrəli məsələdir. Bunun həlli yolu isə çox aydındır. Söhbət inkişaf etmiş ölkələr tərəfindən dünyanın böhrandan çıxarılması və yaşıl iqtisadiyyata qədəm qoyması üçün müvafiq rəqəmlərlə vəsaitin ayrılmasından gedir. 2015-ci il Paris Sazişində BMT-də danışıqlar aparan ölkələrə 2025-ci ilə qədər yeni saziş hazırlamaq vəzifəsi qoyulmuşdu.

Hələ 1992-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) qəbul edilmişdi və artıq o dövrdə inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan dövlətlərə razılaşdırılmış tam xərcləri ödəmək üçün yeni və əlavə maliyyə resursları təqdim etmələri tələb edilirdi.

İllərdir Dünya Bankı kimi təşkilatlar milyardlarla dollar yardımın trilyonlarlara çatdırılması üçün “milyarlardan trilyonlara” tezisini irəli sürmüşdülər.


2009-cu ildə inkişaf etmiş ölkələr 2020-ci ilə qədər ildə 100 milyard dollar "səfərbərlik" etmək barədə razılığa gəlmişdilər. Həmin rəqəm inkişaf etməkdə olan ölkələrin ehtiyaclarının böyük bir hissəsini ödəməsə də, razılıq bundan ibarət idi. Sonradan trilyon dollardan danışılsa da, indiyədək hətta 100 milyard dollarlıq vəsait belə inkişaf etmiş dövlətlərin bir çoxu tərəfindən xəsisliklə qarşılanıb. Nümunə üçün, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) görə, onlar 2020-ci ildə cəmi 83,3 milyard dollar toplamışdılar. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) son hesabatından belə nəticəyə gəlinir ki, inkişaf etməkdə olan ölkələrə iqlimlə bağlı sərmayələr 2030-cu ilə qədər dörd-səkkiz dəfə artmalı və ildə təqribən 2-3 trilyon dollara çatmalıdır.


Təəssüflər olsun ki, Paris danışıqlarından bu tərəfə bütün COP tədbirlərində maliyyə yardımının ayrılması ilə bağlı iştirakçı ölkələr arasında yekun məxrəcə gəlmək mümkün olmur. Daha doğrusu, Qərbin bəzi aktorlarının destruktiv fəaliyyəti ucbatından qlobal güclər üçün böyük rəqəm sayılmayacaq vəsaitin inkişafda etməkdə olan və kasıb ölkələrə ayrılması mümkün olmayıb.


Bu dəfə də COP 29 ərəfəsində və tədbirlər zamanı bəzi iştirakçı dövlətlərin tutduğu mövqe qlobal çağırışlarla bağlı onların məsuliyyətsiz və riyakar olduğunu göstərdi. Xüsusən rəsmi Parisin atdığı addımlar XXI əsrdə hələ də neomüstəmləkəçi siyasəti aparan dövlətin imicinə böyük bir zərbədir.


COP 29-da bəşəriyyət qarşısında duran problemlərim həll edilməməsi üçün bəzi mərkəzlər tərəfindən əvvəlcədən sistematik iş aparılıb. “Intelligence Online” kəşfiyyat agentliyinin məlumatına görə, Fransanın “Havas” lobbi təşkilatı COP29-u gözdən salmaq üçün müxtəlif istiqamətlərdə çoxgedişli addımlar atıb.


Avropada aparılan kampaniya sammitin neft hasil edən ölkədə keçirilməsinin qəbuledilməz olduğu arqumentini işə salıb, əlavə olaraq insan haqları, guya “ermənilərin zorla köçürülməsi” mövzularını gündəmə gətirərək müxtəlif ölkələrdən olan siyasətçiləri Bakıya getməmək üçün razılığa gətirməyə cəhdə hesablanıb. Bundan başqa, Fransa prezidentinin nümayəndələri Aİ-nin daxili strukturlarına və Avropa ölkələrinin, fransızdilli Afrika hökumətlərinə gizlicə müraciət edərək Bakıda keçirilən COP29 tədbirinin boykot edilməsi üçün çağırışlar ediblər.


Makrondan başqa, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Avropa Parlamenti, AŞPA kimi qurumlar, “Global Witness”, “Human Rights Watch”, “Amnesty International” kimi beynəlxalq QHT-lər, “Washington Post“, NYT, “Economist”, “Politico”, BBC, “Fiqaro”, “Le Monde” və Qərbin digər mediaları ilboyu Azərbaycanı ləkələmək, qlobal problemlərin həllinə yönəlmiş konfransın işinə kölgə salmaq üçün əllərindən gələni ediblər.


Almaniyanın XİN rəhbəri Annalena Berbok isə Bakıya gəlsə də, vaxtının böyük hissəsini müxalifətlə, siyasi fəallarla görüşlərə həsr etdi, yalnız son gün tədbirə qatılaraq qlobal ekoloji çağırışların onun üçün heç bir maraq kəsb etmədiyini sübut etdi.


Ermənistanı himayə edən daha bir dövlət sayılan Hindistan da Bakıda nəticənin əldə edilməməsi üçün əlindən gələni edib. COP29-un sonuncu günü bu dövlətin nümayəndəsi 300 milyard dollar iqlim maliyyəsinin yekun qərara salınmaması üçün cəhd göstərib.


Yuxarıda adları sadalanan beynəlxalq aktorların fəaliyyəti bir daha göstərdi ki, bu dövlətlər üçün qlobal çağırışları həll etmək lazım deyil, əksinə, daha da gərginləşdirmək əsas hədəfdir. Halbuki COP ekoloji problemlərin həllini nəzərdə tutan dialoq platformasıdır və siyasi münasibətlərin bu tədbirlərə heç bir aidiyyatı olmamalıdır.


İnkişaf etmiş ölkələrin apardığı riyakar siyasət COP dəhlizlərində də etirazla qarşılanıb. COP29 çərçivəsində bir sıra ölkələri təmsil edən ekoloji fəallar iştirakçı ölkələrdən iqlim maliyyəsinin həcmini trilyonlarla dollar həcmində artırılmasını tələb ediblər. Aksiyada "No deal, is better than bad deal!" (Razılaşmanın olmaması əlverişsiz razılıqdan daha yaxşıdır!), "Stop fossil fuel" və bir sıra digər şüarlar səsləndirilib. Aksiya iştirakçıları eyni zamanda iştirakçı ölkələri yekun razılığın əldə olunmasını gecikdirməməyə çağırıblar.


Baş verənlər bir daha göstərir ki, həm Qərb, həm də bəzi Asiya dövlətləri ekoloji təmiz dünyaya keçid üçün pul ayırmaq istəmirlər və müxtəlif bəhanələrə əl ataraq öhdəliklərinin icrasından yayınırlar.


Bütün bunlara baxmayaraq Bakıda keçirilən COP29-da da uzun müzakirələrdən sonra mühüm nəticələr əldə edildi.


Gecə saatlarında COP29-un yekun plenar iclasında 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar ayırmaq öhdəliyi də daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizə üzrə sazişin yekun variantı təsdiq edildi. Bu, əvvəlki 100 milyard dollarlıq hədəfdən əhəmiyyətli dərəcədə çoxdur! Zal razılaşmanın elanını alqışlarla qarşıladı.


Danışıqlar gərgin atmosferdə keçdi və son ana qədər konsensusun əldə olunmasının mümkün olub-olmayacağı bəlli deyildi. Bir sıra ölkələr maliyyələşdirmənin daha da artırılmasına israr edirdilər, lakin sonda öhdəliyin 300 milyard dollar səviyyəsində müəyyən edilməsi qərara alındı ​​ki, bu da iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm addım sayıla bilər.


COP29-un yekun plenar iclasında həmçinin qərara alındı:


- Paris İqlim Sazişinin 6.2 və 6.4-cü maddələri təsdiq edildi;

- Zərər və İtkilər Fondunun tam fəaliyyətə başlaması ilə bağlı tarixi qərar qəbul edildi.

Fondun məqsədi iqlim dəyişikliyinin təsirlərinə ən həssas olan ölkələrə maliyyə yardımı göstərməkdir. Hazırda Fonda dəstəyin həcmi 750 milyon dollardır.

- O cümlədən “COP29-un gözəl təşkilinə görə Azərbaycan hökumətinə və Azərbaycan xalqına təşəkkür” adlı qətnamə layihəsi qəbul edildi.


Bundan başqa, Bakıda 30 illik ziddiyyətə son qoyuldu. Azərbaycanda keçirilmiş COP29-da əldə edilən tarixi uğur İqlim üzrə Paris sazişinin 6-cı maddəsinin tam razılaşdırılması oldu.


Sədrliyin əsas prioritetlərindən olan yüksək effektiv karbon bazarları üzrə nəticənin əldə edilməsi mühümdür. 6-cı maddədə iqlim məqsədlərinə nail olmaq üçün əməkdaşlıq edən ölkələr üçün möhkəm və şəffaf karbon bazarlarının yaradılması nəzərdə tutulur. Bunun ölkələrin milli iqlim planlarının (MDM) həyata keçirilməsi xərclərini ildə 250 milyard dollara qədər azaldacağı gözlənilir.

Məlum qərar inkişaf etməkdə olan ölkələrə xarici investisiyaların çoxalması ilə nəticələnə bilər. Bu, kömür elektrik stansiyalarının dayandırılması, külək stansiyalarının tikintisi və meşələrin salınması, inkişaf etməkdə olan ölkələrə yeni investisiya dalğası deməkdir.


Beləliklə, Azərbaycan dövləti daha bir qlobal tədbiri yüksək səviyyədə keçirməyə müyəssər oldu. Xarici qonaqların qarşılanmasından ev və otellərdə yaşamalarına qədər, nəqliyyat və təhlükəsizlikdən tədbirin baş tutduğu zallardakı rahatlığa qədər hər şey çox böyük peşəkarlıqla həyata keçirildi. Azərbaycan Qlobal Cənub ilə Şimalı bir yerə gətirməyi bacardı, planetar miqyaslı problemlərin effektiv şəkildə müzakirəsinə ev sahibliyini böyük əzmkarlıq və professionallıqla keçirməyə qadir oldu.


Ölkəmiz bəşəriyyət üçün 1 nömrəli məsələlərin həlli üçün effektiv meydan olmağı bacardı. COP tarixində ilk dəfə olaraq 76.000 -dən çox iştirakçı bu və digər şəkildə tədbirlərdə iştirak etdi. Əksər dövlətlərin liderlərinin, prezident, baş nazir və ya nazirlərinin, 2 200-ə yaxın QHT-dən 10 000-dən çox təmsilçinin, müxtəlif sahələri əhatə edən dünya miqyaslı tanınmış şəxslərin Bakıda iştirakı tədbirin yüksək səviyyədə təşkil olunmasının göstəricisidir.


Bu tədbir ilə ölkəmiz imicini daha çox coğrafiyalarda genişləndirdi. Bu konfrans təkcə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi platforması kimi yox, həm də ölkələrin haqq səslərinin eşidilməsi, onların birgə əməkdaşlıq şəbəkələri qurması baxımından da əhəmiyyətli oldu. COP 29-da Azərbaycan qlobal problemlərin həllində sözdə deyil, əməldə da fəal iştirakçı olduğunu sübut etdi və ölkəmizin əksər dövlətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyi bir daha onlar tərəfindən təsdiqləndi.


Beləcə, Azərbaycanı istəməyən qüvvələrin və bəşəriyyət qarşısında duran problemlərin həllini istəməyən qüvvələrin səylərinə baxmayaq, Bakıda keçirilən COP29 tədbirində COP tarixində ilk dəfə olaraq mühüm razılıqlar əldə edildi. Bu uğurlara rəsmi Bakının sərf etdiyi böyük əmək nəticəsində nail olundu. Azərbaycan bu kimi tədbirləri keçirən və keçirmək istəyən dövlətlər üçün nümunə rolunu oynadı. Göstərmiş oldu ki, etimadı qazanmaq azdır, etimadı doğrultmaq, tədbirin təşkil edilməsindən başlayaraq tədbirdə yekun nəticə əldə edilməsinə qədər yorulmadan işləmək lazımdır.


Zaur Məmmədov

Bakı Politoloqlar Klubunun sədri
Seçilən
18
4
sherg.az

4Mənbələr