AZ

Şişirilmiş sinələr, yekə obma, iri dodaqlar... - Xanımlar nə axtarır?- Ekspertlərdən AÇIQLAMA

Son illərdə bütün dünyada olduğu kimi Azərbaycanda da estetik əməliyyatlar geniş yayılıb.

Belə əməliyyatlar üçün plastik cərrahlara daha çox qadınlar müraciət edir. Onlar öz bədən quruluşları, üz cizgiləri, çəkiləri və s.-də dəyişiklik etmək üçün müvafiq klinikalara üz tuturlar.

Bu prosedurlar xanımları gözəlləşdirsə də, dəyişikliklər normadan artıq olduqda əks-effekt verir, hətta ictimai qınağa səbəb olur. Eyni zamanda bu əməliyyatlar sağlamlıq üçün ciddi rikslər də yaradır. Hətta bu yaxınlarda plastik əməliyyatdan ölüm faktı da qeydə alındı.

Bəs, xanımlar niyə tez-tez bu cür əməliyyatlar üçün müraciət edir? Hansı psixoloji və sosial səbəblər onları buna vadar edir? Estetik əməliyyatlar zamanı hansı risklər mövcuddur?

Məsələ ilə bağlı psixoloq Gülər Akifqızı açıqlamasında bildirib ki, estetik əməliyyata tələb ikon olaraq qəbul edilmiş hansısa şəxsə bənzəmək istəyindən irəli gəlir:

“İnsanlar zahiri görkəminin daha gözəl olması, natamamlıq komplekslərini aradan qaldırmaq üçün bir sıra üsullardan istifadə edirlər. Məsələn, bir qadın qidalanma rejiminə riayət edə bilmir və çəkisi artır. Həmin şəxs öz təmkini, nizamı ilə problem aradan qaldıra bilmədikdə cərrahi yolla artıq çəkidən qurtulmaq istəyir. Bir sıra qadınlar isə məşhur şəxslərə - aktrisalara, müğənnilərə bənzəmək üçün üz cizgiləri və bədən quruluşuna dəyişiklik edilməsini istəyir”.

G.Akifqızının sözlərinə görə, bu məsələdə insanların psixologi durumu da mühüm rol oynayır:

“Bəzən bədəndə diqqəti cəlb edəcək dərəcədə şişirmələrə, üz cizgilərinin tamamilə dəyişməsinə rast gəlinir. Mütəmadi olaraq bu işlə məşğul olan insanların psixologiyasında ciddi problemlər var. Onlar köklü şəkildə dəyişikliklər etmək, xarici görünüşlərini tamamilə dəyişmək istəyirlər. Onlar üçün zəka səviyyəsi, həyatı qəbul edib-etməmələri önəmli deyil. Sadəcə, kənar şəxslər tərəfindən bəyənilmək arzusundadırlar. Kimdənsə üstün olmaq üçün təhlükəni belə gözə alıb əməliyyata girirlər. Bu cür ifrat şəkilləndirmələr isə sosial qınağa səbəb olur”.Psixoloq bunlarla yanaşı, insan psixologiyasına müsbət təsir edən bəzi dəyişilikləri normal hesab edir:

"Bu, fərdi yanaşmadır. Hər bir insanın xarakterinə uyğun davranış tərzi var. Bəziləri bunu doğru hesab edir və həyata keçirir. İnsanın üz cigilərində yaşlanma ilə əlaqədar qırışlar, yaxud genetik burun əyriliyi, çəpər əyriliyi varsa, bunların aradan qaldırılması məqbul sayılır. Bu zaman həm də insanın motivasiyası, özünəinamı yüksəlir”.

“Ankara” klinikasının baş həkimi, alqoloq Zülfüqar Yusifov isə Bakupost.az-a açıqlama verən plastik əməliyyatların riski barədə danışıb:

 

“İnsanların öz bədən quruluşlarından məmnun olmaması, müəyyən kriteriyalara uyğunlaşmaq cəhdləri olduqca çoxdur. Hər əməliyyatda olduğu kimi bunun da müəyyən riskləri var. Bu risklərlə bağlı əməliyyatdan öncə xəstə və yaxınları məlumatlandırılır. Bədən şəkilləndirmə də çoxsaylı bölgələrdə müdaxilə istəyən, uzun müddət sürən bir prosedurdur. Bəzən bir neçə saat davam edir. O saatlar artdıqca risk əmsalı da artır”.

Z.Yusifov bildirib ki, əməliyyata girməzdən əvvəl bir sıra proseslərdən keçmək vacibdir:

“Bir insanda belə istəklər varsa, əvvəlcə yoxlamalar keçirilir. Bədəndə buna qarşı reaksiya yoxdursa, bu əməliyyatlar yerinə yetirilir. Lakin sağlamlıqla bağlı, yaxud çox ciddi estetik problem yoxdursa, insanların belə əməliyyatlar üçün müraciət etməsi tövsiyə olunmur. Hər halda prosedurlardan öncə psixoloqla görüşməlidirlər. Həkimlər də prosedurlara yüksək səviyyədə əməl etməlidir. Hər zaman müəyyən faiz risk var”.Sosioloq Lalə Mehralı isə hesab edir ki, qadınlar passiv həyat tərzi sürdükləri və təbii yollara əl atmaq istəmədikləri üçün bu prosedurlardan istifadəyə üstünlük verir:

“Yaşlanma, arıqlayıb-kökəlmə, keysəriyyə əməliyyatı zamanla bədənə öz izlərini qoyur. Əgər aktiv həyat tərzi keçirmirsənsə, daim hərəkətdə deyilsənsə, bədən öz görüntüsünü dəyişir. Hazırda qadınlar bədənin əməliyyatla formaya salınmasına üstünlük verirlər. Məsələn, omba böyütmə əməliyyatlarını götürək. Hərəkətsizlikdən, çəki artmasından, yaşlanmadan sonra bəzən omba nahiyəsində deformasiyalar yarana bilər. Bəzən genetik deformasiyalar da ombanın qeyri-estetik görünməsinə səbəb olur. Amma kifayət qədər arıq, normal çəkili, normal görünüşlü qadınlar da omba əməliyyatı etdirirlər. Təsəvvür edin, özü arıq, çəlimsiz, amma arxası şar kimi şişirilmiş. Bu, əlbəttə, heç də yaxşı hal deyil".

O, belə əməliyyatların çətinliyi və riskləri barədə fikirlərini də qeyd edib:

“Əvvəllər belə əməliyyatlara səhnə adamları, müğənnilər ehtiyac duyardı, indi ev xanımları da bu əməliyyata girirlər. Əslində bu əməliyyat reklam edildiyi qədər asan və sadə əməliyyat deyil, riskləri çoxdur. Dünyanın bir çox ölkəsində bu əməliyyatdan sonra həyatını itirənlər də var. Qadınlar bu riski gözə alaraq əməliyyata girirlər. Bütün zamanlarda zəriflik və incəlik anlayışı gözəllik və cəlbediciliyin göstəricisi kimi qəbul edilib. Amma zəriflik böyük ombalar, şar kimi şişirilmiş sinələr, bir qarış irəliyə sıçramış dodaqlar, kəsilməkdən yoxa çıxmış burun olmayıb. Kaman qaşlar, incə dodaqlar gözəllik etalonu sayılmayalı çox zaman olub. İndi arıq, sinəsi və ombası süni formada böyüdülmüş, qaşları rənglənmiş, dodaqları şişirilmiş, çənəsi itilənmiş qadınlar etalon sayılır”.

Sosioloq, insanların öz bədənini olduğu kimi qəbul etmədiyi müddətcə bu prosesin davam edəcəyini bildirib:

“Əvvəlcə öz bədənimizi olduğu kimi qəbul etməliyik. Təbii ki, ətrafımızın və cəmiyyətin bizə biçdiyi don bir çoxu üçün önəmli olsa da, nəyin yaxşı olduğunu insan özü müəyyən etməlidir. Xarici görünüşümüzü modaya uyğun dəyişməyə çalışsaq, sonunda özümüzü qeyri-adekvat görməyə başlayarıq”.

Bakupost

Seçilən
36
bizimshow.az

1Mənbələr