AZ

Krunoslav Renduliç “Sabah”dan qovuldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç bu gün istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Renduliçə xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Renduliçin istefasına “Sabah”ın bu mövsüm uğursuz çıxışı səbəb olub. Onun komandası ardıcıl 7 oyundur 3 xala həsrətdir. Masazır təmsilçisi bu görüşlərdə 2 məğlubiyyətə üzülübsə, 5 heç-heçə ilə kifayətlənib. Komanda Azərbaycan Premyer Liqasının turnir cədvəlində 19 xalla 5-ci yerdə qərarlaşıb. Bakı klubu son olaraq ötən gün 14-cü tur çərçivəsində “Turan Tovuz”la heç-heçə edib – 1:1.

Xatırladaq ki, Krunoslav Renduliç 2024-cü ilin mart ayında “Sabah”ın baş məşqçisi təyin edilmişdi. Həmin vaxt xorvatiyalı mütəxəssislə 1,5 illik müqavilə imzalanmışdı. 51 yaşlı məşqçi bu komandanı bütövlükdə 29 oyuna çıxarıb, 13 qələbə qazanıb, 7 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Renduliç məşqçi kimi İranın “Fulad” (2014-2016) və bu ölkənin əsas milli komandasında (2022) baş məşqçi Draqan Şkoçiçin köməkçisi olub. O, Xorvatiyada “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinada “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb.

Xorvat mütəxəssisin baş məşqçi kimi uğurları “Zrinski” klubunda olub. Komanda Renduliçin rəhbərliyi altında ölkə çempionatının və kubokunun qalibi olub. Xorvatiyalı məşqçi bu komanda ötən mövsüm Avropa Konfrans Liqasının qrup mərhələsində mübarizə aparıb. E qrupunda “Aston Villa” (İngiltərə), “Legiya” (Polşa), “Alkmar” (Niderland) ilə qarşılaşan “Zrinski” 4 xalla sonuncu pillədə qərarlaşıb.

Seçilən
16
arena.az

1Mənbələr