AZ

Ermənistan pərdə altında sülhü sabotaj edir- ŞƏRH

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sabit sülhün tezliklə bərqərar olmasında maraqlıdır.

“Vacib olan budur ki, region üçün bu taleyüklü sənəd tərəflərdən heç birini qıcıqlandırmadan bütün qarşılıqlı narahatlıqların ədalətli həllinə əsaslansın. Biz aydın görürük ki, İrəvanla Bakı arasında qarşılıqlı məqbul kompromislərə nail olmaq SSRİ-nin dağılmasından əvvəl baş vermiş hadisələri nəzərə alsaq, çətin və vaxt aparan prosesdir”, - diplomat bildirib.

Kopırkin qeyd edib ki, Moskva Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə imzalanmış üçtərəfli sazişlərin ruhu və hərfinə uyğun olaraq, ikitərəfli münasibətlərin tənzimlənməsində Bakı və İrəvana dəstək verməyə həmişə hazırdır:

“Bu cür yardımın formaları və miqyasını danışıqlar aparan tərəflər özləri seçməlidir. Bu baxımdan, biz sevinirik ki, oktyabrın 24-də Kazanda keçirilən BRİKS sammitində Ermənistanla Azərbaycan arasında ən yüksək səviyyədə səmərəli təmaslar baş tutub və bu, münasibətlərin normallaşdırılması üzrə dialoqa faydalı təkan verməyə imkan yaradıb”.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Sergey Kopırkin bundan əvvəl Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı maraqlı açıqlamalar verib:

"Lakin məsələ burasındadır ki sülhü çətin və vaxt aparan edən hadisələr SSRİ-nin son dövrlərində yox, SSRİ-nin ilk dövrlərindən başlayıb. Rəsmi İrəvan pərdənin altında olsa belə bizə qarşı ərazi iddiaları edib və yüzminlərlə azərbaycanlını qanunsuz şəkildə deportasiya edib. Sülhün imzalanmasını çətin və vaxt aparan edən amillər isə zənnimcə Ermənistanın səmimi addımlar atmamasıdır. Bu gün Ermənistan hakimiyyəti üzdən sülhdən yana açıqlamalar versə də, pərdə altında müqaviləsinin imzalanmasını sabotaj edir. Buna Ermənistanın Bakıda keçirilən COP29 tədbirinə dəvət edilsə də, iştirak etməməsini nümunə gətirmək olar".

Ekspert əlavə edib ki, hazırda tərəflər arasında sülh müqaviləsinin imzalanmasına mane olan bir sıra məsələlər var:

"Hesab edirəm ki, rəsmi İrəvan konstitusiyasında dəyişikliklər etməsə, müstəqil xarici siyasət yeritməsə, Cənubi Qafqazda qalıcı sülhün imzalanması müşkül prosesə çevriləcək".

Yusif Sultan
Seçilən
40
sherg.az

1Mənbələr