ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp özünün “Truth Social” sosial media platformasında verdiyi açıqlamada Meksika, Kanada və Çindən idxal olunan məhsullara tariflər tətbiq edəcəyini bildirib.
Marja xəbər verir ki, minlərlə insanın Meksika və Kanadadan ABŞ-a keçərək ölkəyə indiyədək heç vaxt görülməmiş səviyyədə “cinayət və narkotik” gətirdiyinə diqqət çəkən Tramp, hazırda Meksikadan gələn insan “karvanının” açıq olan ABŞ sərhədini keçməkdə olduğunu bildirib.
Tramp, "Yanvarın 20-də ilk icra sərəncamlarımdan biri Meksika və Kanadadan ABŞ-a daxil olan bütün məhsullara 25 faiz əlavə rüsum tətbiq etmək olacaqdır. Qeyri-qanuni əcnəbilər ölkəmizə hücumu dayandırana qədər bu tarif qüvvədə qalacaq",- deyib.
Meksika və Kanadanın uzun müddətdir davam edən problemi (sərhəd təhlükəsizliyi və ABŞ-a narkotik keçirilməsi) asanlıqla həll etmək imkana sahib olduğunu qeyd edən Tramp, "Biz onlardan bu imkandan istifadə etmələrini tələb edirik və bunu edənə qədər onların böyük bir bədəl ödəmələrinin vaxtı gəldi" deyib.
Tramp, "Çindən ABŞ-a idxal olunan bütün məhsullara əlavə 10 faiz əlavə gömrük rüsumu tətbiq edəcəyik”,- yazıb.