ABŞ Ədliyyə Nazirliyi Trampa qarşı federal işlərə xitam verdi
ABŞ Ədliyyə Nazirliyi yeni seçilmiş prezident Donald Trampa qarşı bütün federal işlərə xitam verib.
Yenavaz.com xəbər verir ki, bu barədə Respublikaçı keçid komandasının kommunikasiya direktoru Stiven Çun bildirib.
O bu qərarı qanunun aliliyi üçün böyük qələbə adlandırıb.
“Ədliyyə Nazirliyinin bugünkü qərarı prezident Trampa qarşı konstitusiyaya zidd federal işlərə son qoyur”, - Çun əlavə edib.
O, həmçinin əlavə edib ki, Tramp və tərəfdarları məhkəmə sistemindən siyasi istifadəyə dərhal son qoymağa çalışırlar.
Qeyd edək ki, Trampa qarşı əvvəlki federal ittihamlar 2020-ci il seçkilərinə iddia edilən müdaxilə və məxfi sənədlərin idarə edilməsi ilə bağlı idi.
Digər tərəfdən, bazar ertəsi ABŞ-nin xüsusi prokuroru Cek Smit Kolumbiya dairəsindəki federal məhkəmədən Donald Trampın 2021-ci ilin yanvarında ABŞ prezident seçkilərində uduzmasına baxmayaraq hakimiyyəti qoruyub saxlamaq cəhdi iddiası ilə bağlı məhkəməyə prosesin dayandırılması barədə vəsatət qaldırıb.
Nəticədə, Kolumbiya dairəsinin federal məhkəməsi Trampın hakimiyyəti saxlamaq cəhdi iddiası ilə bağlı işi rədd edib. Müvafiq sənəd bazar ertəsi məhkəmənin elektron məlumat bazasında dərc edilib.